Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 07:49

Neft sənayesi son 100 ilin ən ağır böhranını yaşayır – Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

“The Financial Times” qəzetində David Sheppard yazır ki, neft sənayesinin son 100 ilin ən ağır böhranını yaşadığını demək heç də şişirtmə sayılmaz.

Dünya iqtisadiyyatları koronovirusla mübarizə tədbirləri həyata keçirir, karantinə, təcridə əl atır. Bu arada yanacağa tələbat heç vaxt olmadığı kimi sürətlə azalmaqdadır.

Ayın əvvəlindən hava şirkətləri reysləri təxirə salmağa başlayandan qiymətlər yarıbayarı ucuzlaşmışdı. İndi isə milyonlarla adam avtomobilə minmir, mətbəx stolunun üstündəki laptopa çatmasına bir neçə addım kifayət edir, müəllif yazır.

Məqalədə son hesablamalara istinadla qeyd olunur ki, bir neçə ay ərzində qlobal istehlakın 10-25 faizi yoxa çıxacaq. Normalda dünyada günə 100 milyon barel neft işlənir.

Qiymət 20 dollardan da düşərsə...

Müəllifin fikrincə, tələbatın belə kəskin azalması hətta Səudiyyə Ərəbistanı ilə Rusiyanın apardığı qiymət müharibəsini belə kölgədə qoya bilər. Tərəflər böhrandan çıxış yolu tapa bilmədiklərindən bazarı gərəksiz çəlləklərlə doldururlar. “Amma böhranı onların hərəkətlərinin qızışdırmasına şübhə elə də böyük deyil”, – məqalədə vurğulanır.

“Nəticədə ehtiyat çənləri yəqin ki bir neçə aya ağzınacan dolacaq. Hətta fövqəladə durumda istifadə olunan, dənizdəki saxlanca gəmiləri belə yayın sonunadək maksimum yüklənə bilər”, – müəllif proqnozlaşdırır.

Ötən həftə xam neftin bareli 25 dollardan da aşağı düşüb ki, bu, 2003-cü ildən bəri ən aşağı səviyyədir. Dünən isə məzənnə 28 dollar civarında dayanıb.

Təhlilçilər qiymətin 20 dollardan da aşağı düşəcəyini, hətta təkvahidli ola biləcəyini proqnozlaşdırmağa başlayıblar.

Hazırda dünyada koronavirusa 428 mindən çox yoluxan var. 19 mindən çox xəstə dünyasını dəyişib.

Azərbaycan büdcəsində neftin barelinin qiyməti 55 dollardan götürülüb. İqtisadçıların fikrincə, bu, 2020-ci ilin fiskal tənzimlənmələri üçün problem yaradacaq.

XS
SM
MD
LG