Current Time Argus Media saytına istinadən yazır ki, Rusiyanın Qərbi Avropaya ixrac etdiyi Urals markalı neftin qiyməti martın 30-da bir barrel üçün 16.2 dollara düşüb.
Son dəfə Rusiya neftinin belə ucuz qiyməti 1999-cu ilin iyununda qeydə alınmışdı.
Ümumiyyətlə, Urals nefti Brent markalı neftdən daha ucuz satılır.
Xəbər verilir ki, Urals neftinin qiyməti son həftə ərzində 5.51 dollar düşüb. Bu da qeyd olunur ki, Rusiyanın alıcılara təklif etdiyi güzəşt də 2008-ci ildən bəri ən böyük güzəştdir.
Rusiya hər barreli 4.75 dollar ucuzuna satır.
Ekspertlər bildirirlər ki, Rusiya neftinin ucuzlaşmasının səbəblərindən biri də bu ölkədən gəlməsi gözlənilən neftin həcmləridir.
Aprel ayında Rusiyanın xarici bazarlara neft ixracı günə 2.11 milyon barrel artmalı idi.
İxracatın artması bir tərəfdən Rusiya neftayırma zavodlarının təmirə dayanması, digər tərəfdən isə Rusiyanın OPEC+ razılaşmasından çıxması ilə bağlıdır.
ABŞ nefti də ucuzlaşır
Ekspertlər bunu da bildirirlər ki, Rusiya neftinin ucuzlaşmasına daha bir səbəb təchizatın hətta planlaşdırıldığından da çox olacağının gözlənilməsidir.
Bir çox Rusiya hasilatçıları hələ də Belarusla neft təchizatı barədə razılığa gələ bilmirlər.
Belə davam edərsə, Rusiya Avropada və digər yerlərdə başqa alıcılar axtarmalı olacaq.
CNBC yazır ki, Martın 30-da ABŞ neftinin qiyməti də son 18 ildə ən aşağı həddə enib.
Qərbi Texas neftinin bir barrelinin qiyməti 6,6 faiz düşərək 20.09 dollar olub. Bu, 2002-ci ilin fevralından bəri ən aşağı qiymətdir.
Brent markasından olan neftin qiyməti 8,7 faiz azalaraq 1 barrel üçün 22.76 dollar olub. Bu da 2002-ci ildən bəri ən aşağı həddir.
Venesuela nefti 8 dollara
Ötən həftə Reuters agentliyi xəbər verirdi ki, əsas hasilatçılar nefti daha güzəştli qiymətlərlə satmağa çalışırlar.
Agentlik bildirirdi ki, məsələn Venesuela nefti bütün güzəştlər və başqa xərclər çıxıldıqdan sonra əslində bir barreli 8 dollara satılıb.
Reuters yazırdı ki, neftin bütün növlərinə tələbat kəskin azalsa da, hazırda Qazaxıstan, Azərbaycan və Nigeriyanın yüngül neft növlərinə tələbat daha çox azalıb.
Bunun səbəbi odur ki, aşağı kükürdlüyə malik növlərdən daha çox benzin və təyyarə yanacağnın alınması üçün istifadə edilir. Hazırda koronavirus pandemiyası ilə bağlı dünya üzrə avtomobil və hava nəqliyyatının hərəkəti kəskin azalıb.