Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:53

Afaq Bəşirqızı: 'Məcburdur... 'novostroyka'nın zirzəmisində şikəst uşaq əkib-doğmağa?'


A.Bəşirqızı
A.Bəşirqızı

"...ayrılan 190 manat azdır, ya çoxdur, mən dövlət büdcəsini bilmirəm".

Xalq artisti Afaq Bəşirqızı AzadlıqRadiosunun suallarını cavablandırıb.

- Afaq xanım, bugünlərdə həkimlər də, rəsmilər də "evdə qal" deyirlər. Bir yandan ünsiyyət, bir yandan dolanışıq problemi, bir yandan da baharın gözəlliyi evdə qərar tutmağa imkan vermir. Siz evdə qala bilirsinizmi?

- Mənim yaşımın elə dövrüdür - ev şəraiti, tək oturmaq, kitab oxumaq... Cavanlara nisbətdə məndə enerji bir az tükənib, bir az. Amma mən istərdim xalqıma deyim ki, darıxmasın, pis günün ömrü az olar. Evdə qalmaq onların sağlamlığına, qorunmasına görə lazımdırsa, niyə də olmasın. Bir də, biz hamımız bir-birimizə çox-çox əzizik, həddən ziyadə. Dar gündə, ümumiyyətlə, insanlar bir-birinə əziz olurlar. Ona görə də mən - Afaq Bəşirqızı öz xalqımı çox sevirəm. Onun hər bir nümayəndəsi mənim üçün əzizdir. Mən çox istərdim ki, özlərini qorusunlar, özlərinə fikir versinlər. Allah qoysa, bu infeksiya qəfil gəldiyi kimi tezliklə də gedəcək. Mən buna əminəm. İnşallah şad, firavan günlərimizə qayıdacağıq. Mənə belə gəlir ki, bundan sonra bir-birimizin qədrini-qiymətini biləcəyik. Mən bu ümidlə yaşayıram.

- Bu cür düşünmənizə səbəb nədir? Xəstəliklə mübarizədən sonra həyat daha qiymətli olur?

- Darlıq, çətinlik olanda insan özünə qapılır, çox fikirləşir. Fikirləşməli şeyləri o anda düşünür. Pisi-yaxşını, mənfini-müsbəti, oları-olmazı elə bil o anda dərk edir. Mən belə başa düşürəm. Hər bir insana çətinlik lazımdır, onu görməlidir ki, yaxşının qədrini bilək. Ona görə də o ümidlə deyirəm ki, biz bir-birimizin qədrini biləcəyik. Türkiyədən gedən reklamlara baxıram, həqiqətən də biz özümüz-özümüzə bəsik. Xalq özünə güvənməlidir, bir yumruq olmalıdır.

- Afaq xanım, söhbətə başlayanda dediniz ki, mənim evdə oturan, kitab oxuyan vaxtımdır. Amma bir ay əvvələ kimi məşqlərdə, tamaşalarda idiniz. İndi məşqsiz, tamaşasız, tamaşaçısız darıxırsınızmı?

- Əlbəttə, darıxıram. Teatr üçün də, tamaşa üçün də, tamaşaçılarım üçün də darıxıram. Çox gözəl, maraqlı, indiyənə qədər yaradıcılığımda görünməyən bir rolla, proyektlə məşğul idim. Artıq proqon məşqləri gedirdi. Darıxıram. Amma mən həmişə ümidlə yaşamışam. Böyük yaradana ümid kimi baxıram. Onun adında ümidi səsləndirirəm. Mənə belə gəlir ki, insan ümidlə yaşayırsa, o ölmür.

- "İndiyə kimi yaradıcılığınızda görünməyən, oynanmayan" rol hansı tamaşadandır?

- "İstintaq". Pərviz Seyidli yazıb, Firudin Məhərrəmov tamaşaya qoyur, gözəl bəstəkarımız Ceyhun Allahverdiyev musiqisini yazıb. Çox gözəl olacaq, inşallah.

- Siz bu rolda fərqli ampluada olacaqsınız?

- Bəli, bu, 1937-ci ildə o zülmü, o zilləti yaşamış Azərbaycan qadınlarının ümumiləşdirilmiş bir obrazıdır.

- Belə bir obrazı canlandırmaq Sizin istəyinizdir, ya rejissorun seçimidir?

- Mənim istəyimdir. 4-5 il idi üstündə işləyirdik. Allaha çox şükürlər olsun ki, İlqar Fəhminin çox böyük köməkliyi ilə, onun tələbəsi, onun saydığı-seçdiyi dramaturq, gözəl şair Pərviz Seyidli bu pyesi yazdı.

- Bu o deməkdirmi ki, Sizi bundan sonra fərqli obrazlarda görəcəyik?

- Mən bunu deyə bilmərəm. Hər halda ömür vəfa etsə, sağlamlığım imkan versə, elə olacaq.

- Yəni, indiyə qədər güldürən Afaq Bəşirqızı düşündürməkmi istəyir?

- Mən deməzdim indiyədək ancaq güldürmüşəm, əksinə, ağlatmışam. Mən oynadığım tipajlar hamısı müasir həyatımızdan götürülüb. Onları ürək ağrısı ilə təqdim etmişəm. Mən düşündürərək güldürməyə çalışmışam, elə-belə "hi-ha-ha" gülüşdən uzaq olmuşam.


Mən 3 il Lənkəran Dövlət Dram Teatrında, 15 il Sumqayıt Dövlət Dram Teatrında oynamışam. Bütün mükafatları ciddi obrazlara görə almışam: Humay, Nayman ana, Tovuz qarı... Amma nə etmək olar ki, atama görə sənətə gəlmişəm və ona görə də atamın işlədiyi teatrda işləmək arzusunda olmuşam. O teatrın isə adı belədir: Musiqili Komediya Teatrı. Nə olur olsun, komediya oynamalısan. Ancaq mən bu teatrda da iki tragikomediyada oynamışam. Biri Əziz Nesinin "Öldür məni, əzizim", ikincisi Vaqif Səmədoğlunun "Əmanət" pyesində. İkinciyə görə "Qızıl Dərviş" mükafatı aldım. Demək istəyirəm ki, komediya oynamaq istəməmişəm, o qədər də komediyaya meylli adam olmamışam.

- Hökumətin koronavirusla mübarizəsini, gördüyü işləri kənardan necə qiymətləndirirsiniz?

- Bu, qəfildən olan bir işdir. Heç kəs buna hazır deyildi. Buna baxmayaraq, bir şeyi nəzərə almalıyıq. Tələb edəndə eyni zamanda düşünməliyik ki, biz müharibə şəraitində yaşayan dövlətik. Mən deyəndə ki, biz bir-birimizin qədrini biləcəyik, deməli, onda biz xalqıq, xalq varsa, vətən var. Biz müəyyən şeylərdə güzəştə getməyi bacarmalıyıq. Hər birimizin vicdanı imkan verir ki, bir-birimiz haqqında fikirləşək, kömək əlimizi uzadaq. Vaxtilə öz səhvimiz ucbatından gül kimi torpağımızı (işğal olunan rayonları nəzərdə tutmur) qoyub Bakıda "pokrışka" qaraltmaqla, "podpres" silməklə, hansısa "novostroyka"nın zirzəmisində gizlənib uşaq əmələ gətirib, ailə qurub və bayram günlərində bulvarda konsertlərə baxıb düşdüyümüz vəziyyətə görə indi bizim kimisə günahlandırmağa ixtiyarımız yoxdur. Səhv edirəmsə, deyin, səhv edirsən. Mən neçə ildir ürək xəstəliyimə görə şəhərdəki evimdə yaşaya bilmirəm. Mən bağdayam. İndiyə qədər torpaq, bel bilməyən Afaq – özü də belə ağır əməliyyatdan keçmişəm – bağda işləyirəmsə, əlimlə göyərti əkirəmsə, torpaq belləyirəmsə, torpağı öldürüb ondan can alıramsa, deməli, bunu rayonda da etmək mümkündür. Sadəcə, bu şəhərdə yaşamaq, bu şəhərin xaosunda fırlanmaq hamımızın azarı və bezarıdır. Sonda, çətin anda hamımız ağlayırıq, hamımız nəsə tələb edirik. Tələb etməklə olmur. Bir dəfə bir nəfər dedi ki, "sənin nə leksikonunda belə söz var, nə də sənə yaraşan sözdür, niyə bu qadına qarşı o sözü işlətmisən?". Cavab verdim ki, "dörd acı doydurmaq üçün mən sənə də dayı deyərəm". İndi qışqıra-qışqıra nəsə istəmək, nail olmaq mümkün deyil. Artıq o dövr keçib. İnsan var, amma insanlıq yoxdur. İnsanlıqdan çıxış edərək hərəkət etsək, bir-birimizi düşünsək, yollarımızın çoxu açılar. Bax belə.

- Siz kənddə qalıb əkin-biçinlə məşğul olmağı məsləhət görürsünüz, ancaq bəzən o əkilən-biçilən çəkilən əziyyəti ödəmir. Bir də, kim yaxşı şəraitini qoyub, Sizin dediyiniz xaosun, qarışıqlığın içinə gələrdi? Görünür, onları da vadar edən səbəb var.

- Şərait pisdir... Bəs indi yaxşı şəraitə gəliblər?

- Məcbur burda 5-10 manat qazanıb dolana bilirlər.

- Məcburdur "pokrışka" qaraltmağa, "podpres" silməyə, gedib "novostroyka"nın zirzəmisində şikəst uşaq əkib-doğmağa? Sonra qucağına alıb gəlib verilişlərdə həkim axtarmağa, uşağın ayaqlarını, başını, qolunu düzəltdirməyə? Biz düz fikirləşmirik, axı. Bizim çox səfalı rayonlarımız var. Gedib Fransada istirahət etsək, hansısa rayonda tikilmiş "Relax" istirahət mərkəzindəki qiymətə başa gəlməz. Elə deyil? Elə bir rayondan tökülüşüb gələnlər var. Heç bir kəndli deyə bilməz ki, mənə düşən pay başqasından çoxdur, ya azdır. Mənim də bir tərəfim rayondandır, yoldaşım rayondandır. Gördüm ki, qayınlarımın da, baldızlarımın da, qaynım uşaqlarının da torpaq sahələri var, istifadə də edirlər. Onların heç biri Bakıya gəlməyib. Kartof da əkirlər, yonca da, xiyar da, qışa da bağlayırlar. Dolanırlar, yəni. Demirəm ki, kimlərisə dolandırırlar, amma özləri dolanırlar. Bunu hamımız fikirləşməliyik. Mən də "personalnı"yam, xətrimi çox istəyirlər. Bu xəstəliyimlə şəhərdən kənarda yoldaşımla əl-ələ verib bağ tikmişik, heç də utanmıram, Sizi də qonaq dəvət edirəm. Mənim bağım nə klipə yarayan bağlardandır, nə də Afaq Bəşirqızının adına layiqdir. Amma mən burda özümü rahat hiss edirəm. Sabah mən gedib qışqırmalıyam ki, siz mənə Zuğulbadakı, Buzovnadakı "personalnı" bağlardan verin? Olmaz! Emosiyalardan önəmli beyindir.

- Son sual. Bu günlərdə işsizlərə, koronavirus ucbatından işsiz qalanlara 190 manat verilir. Sizcə, bu məbləğə bir ay dolanmaq olarmı?

- Əlbəttə, yox. Amma vəziyyəti nəzərə almaq lazımdır. Eyni zamanda, maddi köməkliklər də var. Hamını əhatə etmək mümkün deyil. İnsan var əsl kişidir, əsl kişiqızıdır, çıxıb televizorda göstərmir ki, mən bir dənə günəbaxan yağıyla yarım kilo qreçkanı kimə verdim. Özünü kişiqızı, kişioğlu sayan adam çoxdan gizlin şəkildə bu kampaniyaya qoşulub. Bunun dəxili yoxdur o yeşiyin içində nə var. O köməyi etmək borcumuzdur. O ki qaldı ayrılan 190 manat azdır, ya çoxdur, mən dövlət büdcəsini bilmirəm. Çoxdur, azdır, yetər, ya yetməz... Biz gərək yaddan çıxarmayaq ki, bizim səngərlərimiz var, sərhədlərimiz var, silahlarımız var, 6 ay əvvəl işlənən silah 6 ay sonra primitivləşir. Biz müharibə şəraitində yaşayırıq.

- Bugün işsiz qalan və ya 190 manata möhtac həmin ailələr o səngərdə döyüşmək üçün əsgər yetişdirir.

- Başa düşürəm. O səngərdə döyüşmək üçün əsgər yetişdirirlər. Yetişdirməlidirlər! O əsgər səngərə gedəndə... Mən tam səmimiyyətimlə deyirəm ki, o səngərdə aclıq çəkən əsgər yoxdur. Onu gedib gözümlə görürəm. Yenə deyirəm, şəraitə bir cür uyğunlaşmaq lazımdır. Qışqırmaq yox, bildirmək lazımdır. Biz hamımız bir-birimizə yardım etməliyik. Kişi odur ki, özünə arxalansın. Biz özümüz özümüzə arxalanmalıyıq. Biz bir-birimizə bəsik. Koronavirus dövründə hamı gözləyir ki, Azərbaycan hansı ölkəyə kömək əlini uzadacaq. Biz bir-birimizə bəsik. Belə də olmalıdır. Belə, canım mənim.

XS
SM
MD
LG