SSRİ-nin mümkün bərpası sarıdan qorxulara baxmayaraq keçmiş sovet ölkələrinin birgə cəhdləri hamının xeyrinədir. Bu haqda Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” telekanalındakı “Moskva.Kreml.Putin” proqramına müsahibəsində danışıb.
“Bu üstünlüyü hiss edərək, – bu üstünlüyü isə prosesin bütün iştirakçıları hiss edir –, biz irəliyə gedirik, yeni irəliyə addımlar atırıq”, – “Vesti” prezidentə istinadla xəbər verir.
Rus dili və ümumi infrastruktur
Bu müsahibənin oktyabrda götürüldüyü, amma yalnız indi efirə verildiyi bildirilir.
Rusiya dövlət başçısının fikrincə, keçmiş SSRİ respublikaları üçün birləşmə vasitəsilə rəqabətliliyi gücləndirmək təbii olardı. Putin sözügedən ölkələrin sakinlərinin rusca danışdığını yada salır və ümumi infrastrukturun olduğunu vurğulayır.
“Bu, inteqrasiyanın daha bir nəhəng üstünlüyüdür”, – o, sözlərinə əlavə edib.
Avrasiya İqtisadi Birliyi (AİB) ilə dialoqa “qərbli həmkarlarının müqavimətini” Putin rəqabət qorxusu ilə izah edib. O, həmçinin bunun hərbi, yaxud siyasi deyil, iqtisadi birlik olduğunu qeyd edir.
“Biz bunu istəyirik, çünki bu, xalqlarımızın rifahının artırılması yoludur”, – prezident izah edib.
AİB 2015-ci il yanvarın 1-dən yaradılıb. Onun üzvləri Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır.
“İnteqrasiya proseslərini izləyirik”
Putin sözügedən müsahibəsində AİB-ni genişləndirməyə tələsməyə lüzum olmadığını da vurğulayıb.
“Çünki biz dünyanın digər regionlarında inteqrasiya proseslərini izləyirik, Avropanın özündə də xeyli çətinliklər yaranıb”, – deyən Putin “tələsmədən, tədricən irəli getmək lazımdır” deyib..
Aprelin 14-də AİB liderlərinin videokonfransı keçirilib.
Azərbaycan hazırda 1991-ci ildə SSRİ-nin süqutu ilə yaradılmış Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvüdür, amma bu qurumun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olmayıb. Hələ ötən il hakimiyyət təmsilçiləri Azərbaycanın KTMT-yə üzvlüyünün mümkünlüyünü dilə gətirmiş, bu qurumun Azərbaycana faydalarından danışmış, onun ölkəninsuverenliyinə hər hansı təhlükə törətmədiyini demişdi.
1992-ci ildə əsası qoyulmuş KTMT-yə isə Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.
AzadlıqRadiosu Putinin keçmiş SSRİ-nin bərpasıyla bağlı söylədiklərinə parlament üzvlərindən, politoloqlardan reaksiyaları gün ərzində təqdim edəcək. Saytımızı izləyin.