ABŞ Prezidenti Donald Trump dünən – aprelin 29-da deyib ki, Çinin koronavirus pandemiyasına reaksiyası Pekinin onun noyabrda yenidən prezident seçilməsini önləmək üçün “əlindən gələni edəcəyinə” sübutdur. Trump bunu “Reuters” agentliyinə eksklüziv müsahibəsində deyib.
Prezident Çinlə bağlı sərt danışıb, deyib ki, virusla əlaqədar müxtəlif versiyaları nəzərdən keçirir. “Çox şey edə bilərəm”, – o vurğulayıb.
“Edə biləcəyim çox şeylər var”
Trump Birləşmiş Ştatlarda 61 minədək insanın həyatına son qoymuş pandemiyaya görə Çini günahlandırır. ABŞ iqtisadiyyatında yaranan böhran isə prezidentin daha dörd illiyə seçilməsini təhlükəyə salır.
Respublikaçı prezidentin özünü də virusun yayılmasının qarşısını almaq üçün tez hərəkətə keçməməkdə suçlayırlar. Amma o inanır ki Çin dünyaya koronavirus haqda daha tez informasiya verməliydi.
Çin üçün tarifləri işə salmağı, yaxud borcları silməyi nəzərdən keçirirmi sualına cavabında Trump detallı danışmayıb. “Edə biləcəyim çox şeylər var. Nə baş verdiyinə baxırıq”, – o söyləyib.
“Çin seçkini uduzmağım üçün bacardığını edəcək”, – deyən Trump inanır ki, Pekin onun demokratlardan opponenti Joe Biden-in seçkini udmasını istəyir və məqsəd də Trump-ın ticarət və digər məsələlərdə Çinə göstərdiyi təzyiqi azaltmaqdır.
“Onlar daima ictimai münasibətlərdən istifadə edərək özlərini günahsız göstərirlər”, – o, Çin rəsmiləri haqda belə deyib.
Atəşkəs bitib?
Trump-ın sözlərinə görə, Çin Prezidenti Xi Jinping-lə imzaladığı ticarət razılaşmasının məqsədi ABŞ-ın Çinlə xroniki ticarət defisitini azaltmaq idi, amma virusun yaratdığı iqtisadi çətinliklər ona da zərbə vurub.
Trump administrasiyasının anonimlik şərtilə danışan aparıcı rəsmisi çərşənbə günü deyib ki, Trump və Xi-nin martın sonunda telefon söhbətində razılaşdırdıqları, söz savaşındakı “atəşkəs”in artıq bitdiyi görünür.
İki lider belə bir razılığa gəlmişdi ki, hökumətləri koronavirusun qarşısını almaqdan ötrü mümkün qədər əməkdaşlıq edəcəklər. Amma son günlər Vaşinqton və Pekin virusun mənşəyi, ona göstərilən reaksiyayla bağlı bir-birini ittiham edirlər.
Trump və baş köməkçiləri Çinə qarşı ritorikanı gücləndirsələr də, Xi-ni birbaşa ittiham etmirlər. ABŞ prezidenti onu dəfələrlə “dost” adlandırıb.
Trump-ın pandemiyaya reaksiyası da tənqid olunmaqdadır. 27-28 aprel tarixlərində keçirilmiş Reuters/Ipsos sorğusuna görə, amerikalıların 43 faizi onun koronavirusu necə idarə etməsini alqışlayır.