Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 21:41

Britaniya koronavirus ölümlərinə görə Avropada birinci oldu


Londonda küçə rəssamı Lionel Stanhope-un divar rəsmlərindən biri
Londonda küçə rəssamı Lionel Stanhope-un divar rəsmlərindən biri

Britaniyanın Milli Statistika Bürosunun (MSB) mayın 5-də verdiyi məlumata görə ölkədə epidemiyanın əvvəlindən indiyədək koronavirusdan ölənlərin sayı 32 mini keçib.

Bu, hazırda bütün Avropada ən yüksək göstəricidir.

Büro bildirir ki, ölü statistikasına öz evlərində, qocalar evlərində və ya yataqxanalarda COVID-19 şübhəlisi kimi ölənlər də daxil edilib.

MSB-nin son məlumatında bildirilirdi ki, İngiltərə və Uelsdə koronavirusdan 29,648 nəfər vəfat edib.

Şotlandiya və Şimali İrlandiyada ölənlərin sayı da ümumi statistikaya əlavə ediləndən sonra ölü sayı 32,313 olub.

Britaniya Səhiyyə Nazirliyinin məlumatına görə ölkədə son bir sutka ərzində daha 288 nəfər vəfat edib.

Beləliklə, statistika bürosu və hökumətin hesablama metodlarındakı fərq də nəzərə alınmaqla Britaniya ölü sayında İtaliyanı (29000) geridə qoyub.

Times: Ölənlərin real sayı 55 mindən çoxdur

Bu hadisələrin fonunda Britaniya müxalifəti baş nazir Boris Johnson və onun hökumətinin tənqidini daha da intensivləşdirib.

BBC yazır ki, Hökumət epidemiyaya gec reaksiya verməkdə, adamların test olunmasını təşkil edə bilməməkdə və əhalinin sağlamlığını lazımınca qorumağı bacarmamaqda ittiham edilir.

Baş nazir Boris Johnson ölkədə koronavirus epidemiyasının pik nöqtəsinin artıq keçildiyini bildirir.

MSB bildirib ki, aprelin 17-dən 24-dək olan müddətdə ölüm halları son beş ilin statistik göstəricisindən 11539 nəfər çox olub.

Times qəzeti isə statistik göstəricilər əsasında qurduğu modellə bu nəticəyə gəlib ki, Britaniyada COVID-19-a yoluxmadan reallıqda 55 min nəfər vəfat edib.

Mayın 5-dən etibarən Britaniyada əhalinin kütləvi test edilməsinə başlanıb.

XS
SM
MD
LG