Rusiya koronavirus epidemiyası ilə bağlı tətbiq edilən “məhdudiyyətlər rejiminin yumşaldılması məqamına” çatıb.
Bu bəyanatı mayın 11-də Rusiya prezidenti Vladimir Putin hökumət müşavirəsi zamanı verib.
Putinin sözlərinə görə özünütəcrid və qeyri-iş günlərinin tətbiqi kimi tədbirlər infeksiyanın yayılmasını “tormozlamaq” imkanı verib.
Rusiya yoluxanların sayında Britaniyanı ötdü
Rusiya mediası diqqəti belə bir məqama çəkir ki, Putinin karantinin yumşaldılması ilə bağlı verdiyi qərar ölkədə koronavirusa ən çox yoluxmanın qeydə alındığı günə təsadüf edir.
Son 24 saat ərzində Rusiyada COVID-19 virusuna 11,656 nəfər yoluxub. Reuters agenliyi yazır ki, beləliklə Rusiya yoluxanların sayına görə Britaniya və İtaliyanı ötüb və indi yalnız ABŞ və İspaniyadan geridə qalır.
Lakin Putin aşkar edilən yoluxma hallarının artmasını testlərin və analizlərin artması ilə izah edib.
Putin deyib ki, martın axırında özünütəcrid tədbirinin tətbiqi səhiyyə sistemini epidemiyanın pikinə hazırlamaq üçün vaxt qazandırıb.
Prezidentin sözlərinə görə, məhz bu səbəbdən “minlərlə insan həyatını” xilas etmək mümkün olub.
Putin bəyan edib ki, Rusiyada qeyri-iş günləri mayın 12-dən sonra uzadılmayacaq. O bildirib ki, mayın 12-dən sənaye müəssisələrinin işi bərpa edilməlidir.
Əhaliyə yeni pul yardımları
Rusiya prezidenti habelə əhalinin dəstəklənməsi üçün yeni tədbirlər paketi barədə danışıb.
O deyib ki, uşaqlar üçün verilən minimum müavinətin məbləği iki dəfə artırılır.
Bundan sonra bu məbləğ 6 min rubldan (81.6 dollar) çox olacaq. 3 yaşınadək uşağı olan ailələrə 3 ay müddətində hər 5 min rubl (68 dollar) ödənəcək.
Bundan başqa 3 yaşından 16 yaşınadək uşağı olan ailələrə 10 min rubl (136 dollar) məbləğində birdəfəlik yardım göstəriləcək.
Bu da qeyd olunmalıdır ki, özünün “Rusiya üçün beş addım” adlı proqramında müxalifətçi Aleksei Navalny uşaqlı ailələrə məhz bu qədər pulun ayrılmasını təklif etmişdi.
Navalny habelə 18 yaşından yuxarı hər bir adama 20 min rubl (272 dollar) ödənməsini təklif etmişdi, amma onun bu təklifi nəzərə alınmayıb.
Karantindən mərhələli çıxış
Vladimir Putin habelə işçilərini ixtisar etməyən müəssisə və təşkilatlara güzəştli kreditlər və vergilər vəd edib.
Bu da xəbər verilir ki, karantindən çıxışın dəqiq qrafiki regional hakimiyyətlər tərəfindən müəyyənləşdiriləcək.
Məsələn, Moskvada mayın 12-dən sənaye müəssisələri və tikintilər işə başlayacaq.
Lakin xəbərdarlıq edilir ki, mayın 12-dən sonra da adamların üzrlü səbəb olmadan gəzintiləri və hərəkətləri qadağan olunacaq.
Putin bildirib ki, məhdudiyyətlərin qaldırılması mərhələli qaydada həyata keçiriləcək.
O əlavə edib ki, ölkədə kütləvi tədbirlərin keçirilməsinə qoyulmuş qadağan qüvvədə qalacaq.
Prezident yaşlı adamlara “evlərində qalmağı davam etdirməyi” məsləhət görüb.
Vladimir Putin xalqa müraciətinin sonunda deyib ki, “çox iş görülüb və çox çətinliklərin öhdəsindən gəlinib”, lakin ehtiyat tədbirlərini bundan sonra da davam etdirmək lazımdır.
Son məlumata görə Rusiyada indiyədək 220 min insan COVID-19 virusuna yoluxub. Bunlardan 2 mini vəfat edib.
***
Mayın 11-də günortadan sonra Rusiya Prezidenti Vladimir Putin xalqa müraciət edəcək. Onun koronovirus pandemiyası dövründə iqtisadiyyatı gücləndirmək tədbirlərindən danışacağı gözlənir.
Bu, Putinin son səkkiz həftədə beşinci çıxışıdır. O, ölkədəki karantin vəziyyətilə bağlı qərarını açıqlamalıdır. Qadağalar mayın 12-də bitir.
Mayın 11-də rekord sayda gündəlik yoluxma açıqlandığından bundan sonrakı tədbirlərin necə olacağı aydın deyil.
Kremlin sözçüsü Dmitry Peskov deyib ki, Putin koronovirusun yayılmasına həsr olunmuş iclasın əvvəlində çıxış etməlidir.
Moskvada apreldə ölənlərin sayında artım var
Bu arada apreldə Moskvada ölənlərin sayında son on ilin orta göstəricisi ilə müqayisədə 20 faiz artım olduğu üzə çıxıb. Bunu Moskvanın vətəndaşların qeydiyyatı idarəsi bildirir.
Məlumata görə, apreldə Moskvada 11 min 846 nəfər dünyasını dəyişib. Son 10 il ərzində Rusiya paytaxtında vəfat edənlərin orta sayı 9 min 866 nəfər olub.
Bu məlumat Rusiyada koronavirus yoluxmalarının Avropada ən yüksək həddə çatdığı bir vaxtda açıqlanıb. Amma xəstəlikdən ölü sayının 0,9 faiz olması ölkədə bu səbəbdən dünyasını dəyişənlərin sayının rəsmilər tərəfindən gizlədilməsi haqda ehtimallara yol açıb. Digər versiyaya görə, testlərin nəticələri dəqiq deyil, əvvəl neqativ çıxır, sonra pozitiv.
Mayın 11-də səhiyyə rəsmiləri koronavirusa 11 min 656 yeni yoluxma halı açıqlayıblar, onlardan 94 nəfəri dünyasını dəyişib. Bununla da ölkə üzrə ümumi yoluxma sayı 221 min 344 nəfərə çatıb, ölü sayının 2 min 9 nəfər olduğu bildirilir.
Müqayisə üçün, İtaliyada 219 min 070 yoluxandan 30 min 560 nəfəri, Fransada 177 min 94 yoluxandan 26 min 383 nəfəri vəfat edib. Bu statistikanı ABŞ-dakı Johns Hopkins Universiteti aparır.
Rusiya rəsmiləri təsdiqlənmiş yoluxmaların sayının artmasını ölkədə testlərin miqyasının genişlənməsilə izah edirlər. İndiyədək 5,6 milyon testin tamamlandığı, onların demək olar yarısında koronavirusa yoluxmanın özünü simptomlarla büruzə vermədiyi bildirilir.