Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:53

Azərbaycanda 33 məhkum koronavirusa yoluxub (VIDEO)


Azərbaycanda 33 məhkumun koronavirus infeksiyasına yoluxduğu açıqlanıb.

Bu barədə bugün, mayın 12-də Ədliyyə Nazirliyindən məlumat verilib:

“Penitensiar müəssisələrdə, o cümlədən 13 saylı cəzaçəkmə müəssisəsində məhkumlar və əməkdaşlar arasında COVID-19 müayinələri aparılıb. Test nəticələri 33 məhkumda müsbət çıxdığından, onlar dərhal izolyasiya olunaraq xüsusi karantinə yerləşdirilib və müvafiq müalicə tədbirləri görülüb. Xəstələrin vəziyyəti hazırda stabildir və onlar həkim nəzarəti altında saxlanılır.”

Nazirlikdən bildirildiyinə görə, bununla yanaşı, virusun yayılma riski tam lokallaşdırılıb və xəstələrin müalicəsi üçün bütün zəruri tibbi avadanlıq, dərman təminatı mövcuddur:

“Penitensiar müəssisələrdə pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə kompleks dezinfeksiya, tibbi, profilaktiki və digər qabaqlayıcı tədbirlər davam etdirilir".

Hələ bir müddət əvvəl həm məhkumlarla yaxınlarının görüşü, həm də onlara sovqat çatdırılması dayandırılmışdı.

Xüsusi qaydalar tətbiq edilib

Nazirliyin mayın 12-də yaydığı açıqlamada da qeyd olunub ki, vətəndaşların penitensiar müəssisələrə daxil olması, məhkum və həbs edilmiş şəxslərə görüşlərin verilməsi, habelə gətirilən sovqatların qəbul edilməsi müvəqqəti olaraq dayandırılıb:

“Əməkdaşlar və digər aidiyyəti şəxslər (vəkil, müstəntiq, həkim və s.) və nəqliyyat vasitələri müəssisələrə karantin rejiminə uyğun xüsusi qaydada buraxılırlar.”

Eyni zamanda, vurğulanıb ki, qabaqlayıcı tədbirlər çərçivəsində Penitensiar Xidmətin İxtisaslaşmış Müalicə Müəssisəsində izolyasiya və müalicə məqsədilə xüsusi karantin şöbələri yaradılıb:

“Bəzi xroniki xəstəlikləri olan məhkumlar isə cəzaçəkmə müəssisəsindən kənarda ixtisaslaşmış xəstəxanalarda müayinədən və müalicədən keçirilirlər. Kənara çıxarılmış belə məhkumların birində virusa yoluxma faktı aşkar olunduğundan o, dərhal təcrid edilərək zəruri tibbi tədbirlər görülüb”.

Penitensiar Xidmət təkzib etmişdi

Hələ dünən, mayın 11-də 13 saylı Cəzaçəkmə Müəssisəsində 28 məhbusda yeni koronavirus aşkarlandığı iddia olunmuşdu.

Həmin müəssisədə cəza çəkən Beynəlxalq Bankın keçmiş̧ rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva prezidentə məktubunda bu barədə yazıb və qardaşının xilası üçün ondan kömək istəmişdi.

Mayın 11-də prezidentə müraciətində Əminə Hacıyeva iddia edirdi ki, bugünlərdə müəssisədə məhkumlar arasında koronavirusa yoluxma halının olub-olmadığını müəyyənləşdirməkdən ötrü test keçirilib. 28 məhbusda testin nəticəsi müsbət olub və onları müəssisədən çıxarıb aparıblar.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə 13 saylı Cəzaçəkmə Müəssisəsində məhkumların virusa yoluxması haqqında məlumatı təkzib etmişdi.

Şöbə rəisi AzadlıqRadiosuna bildirmişdi ki, ümumiyyətlə, Penitensiar Xidmətin tabeliyindəki müəssisələrdə saxlanılan məhkumlar arasında belə hal yoxdur.

Həbsxanalarda koronavirus varmı?
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

Xatırlatma

2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa yoluxanlardan artıq 288 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

Azərbaycanda isə bu virusa ilk yoluxma halının fevralın 28-də aşkarlandığı açıqlanıb. Hazırkı dövrədək Azərbaycanda 2693 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 nəfərin vəfat etdiyi açıqlanıb.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib (martın 3-dən orta və ali məktəblərdə dərslər də dayandırılıb). Həmin ayın 24-dən (aprelin 20-nə kimi) xüsusi karantin rejimi elan edilib. (Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilmir).

Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərlər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib, icazə almalıdırlar.

Karantin mayın 4-nə, sonra da həmin ayın 31-nə kimi uzadılıb. Bununla belə, əvvəlcə aprelin 27-dən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb.

Mayın 4-dən də yumşalma və fəaliyyətinə icazə verilən sahələr genişlənib. Artıq Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, ölkənin başqa yerlərində yaşayış yerini SMS icazəsi ilə tərk etmək qaydası götürülüb.

XS
SM
MD
LG