Dünya Səhiyyə Təşkilatının Rusiyadakı təmsilçisi bu ölkənin koronovirus statistikasıyla bağlı şübhələri dağıtmağa çalışıb. Melita Vujnovic AzadAvropa/AzadlıqRadiosu-nun “Current Time” televiziyasına müsahibə verib.
İndiyədək bir sıra media təşkilatları Rusiyanın paytaxtı üzrə göstərilən rəsmi ölü sayını Avropanın digər ölkələri ilə müqayisə ediblər. “The Moscow Times”, “The New York Times”, “Financial Times” və digər nəşrlərin gəldiyi qənaət skeptiklərin belə bir yanaşmasını gücləndirib ki, Rusiya hakimiyyəti pandemiyanın səbəb olduğu ölü sayını az göstərir.
“Son 10 gündə yaxşı azalma görürük”
Mayın 14-nə olan məlumata görə, Rusiyada təsdiqlənmiş yoluxma sayı 252 min 245 nəfərdir. Rusiya yoluxma sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdədir. Ölü sayı isə 2 min 305 nəfərdir.
Belə olan halda ekspertlər sual edirlər – test prosedurlarımı qüsurludur, yoxsa region rəsmiləri ölüm hallarının təsnifatını düz aparmır? Məsələn, Sankt Peterburq kimi yerlərdə pnevmoniya halları həmişə normadan xeyli yuxarıdır.
Vujnovic mayın 13-də verdiyi müsahibədə deyir ki, təşkilat Rusiyanın təqdim etdiyi rəsmi rəqəmlərə inanır.
“Ölü sayının aşağı olmasının bir səbəbi odur ki, xəstəxanada müalicəyə ehtiyacı olanlar bunu əldə edib. Yoluxmalarda partlayıcı artım olmayıb və Rusiya tibbi xidmət sistemini gücləndirmək üçün vaxt qazanıb”, – o söyləyib.
Təmsilçi son günlər yeni yoluxmalarda azalma olduğunu da qeyd edib. Bir neçə həftə qabaq yoluxma 14 faizə yaxın idi, indi 4 faizə düşüb.
“Son 10 gündə yaxşı azalma görürük. Hələ bunu müşahidə etməliyik, amma görünən odur ki, epidemiya sabitləşmə mərhələsindədir və azalma fazasına doğru gedir”, – Vujnovic vurğulayıb.
“Gördüyümüz odur ki, artım tempini azaltmağı hədəfləyən addımlar nəticəsini verib”, – o əlavə edib.
Təsnifat
Səhiyyə ekspertlərinin fikrincə, rəqəmlərin nisbətən azalması ölüm hallarının təsnifatıyla izah oluna bilər. Məsələn, ürək problemi olan şəxs COVID-19-a yoluxur və ölürsə, ola bilsin, onun ölüm səbəbi kimi koronavirus deyil, ürək xəstəliyi göstərilir.
Rusiya üzrə yoluxma və ölüm hallarının əsas hissəsi paytaxt Moskvada cəmləşib. Mayın 13-də şəhərin səhiyyə departamenti bəyanat yayaraq bildirib ki, Moskvada koronovirusdan ölüm hallarının 60 faizindən çoxu şəhərin rəsmi statistikasına salınmır, çünki bu ölümlər miokard infarkt, insult, pisxassəli xəstəliklərdən, leykoz və digər müalicəsi mümkün olmayan ölümcül səbəblərdən baş verir.
“The New York Times”, “Financial Times” qəzetlərinin rəqəmlərdəki ziddiyyəti ortaya çıxarması isə Xarici İşlər Nazirliyini qəzəbləndirib. Qurumun sözçüsü bu rəqəmləri “daha bir qalmaqallı anti-Rusiya saxta xəbəri” adlandırıb, təkzib tələb edib.
Maria Zakharova mayın 13-də deyib ki, nazirliyin növbəti addımı təkzib verilib-verilməyəcəyindən asılı olacaq. Onun sözlərinə görə, bu qəzetlərin Rusiyadakı müxbirlərinin akkreditəsi ləğv oluna bilər.