Aclıq və təbii fəlakətlər Türkmənistanda bəzilərini elə həddə çatdırıb ki, indiyədək ağlagəlməyən bir hərəkətə əl atıblar, hökumətə etiraz ediblər. AzadAvropa/AzadlıqRadiosunun əməkdaşı Bruce Pannier yazır ki, Türkmənistanda çoxlarının səbri tükənib, onlar artıq hökumət xidmətlərinin kasadlığına, məmurların adi vətəndaşın ehtiyaclarına etinasız yanaşmasına dözmürlər.
Ölkədə ərzaq, nağd pul çatışmazlığı var, işsizlik sürətlə artır, üstəlik, hökumət əhalinin maliyyə yükünü ağırlaşdırır.
Digər tərəfdən, ölkədə koronavirusun yayılmasıyla bağlı əndişələr var, hökumətsə heç kəsin virusa yoluxmadığını bildirir.
Ən böyük etiraz?
Müstəqil Turkmen.news vebsaytının məlumatına görə, mayın 13-də minədək etirazçı ölkənin şərqindəki Türkmənabad şəhərinin Jeleznodoroqa rayonuna yığışaraq hakim orqanların onların yaşadığı əraziyə dəyən ziyana aşkar laqeydliyinə qəzəblərini ifadə ediblər.
Aprelin 27-də ərazidə güclü qasırğa əsmiş, leysan yağış yağmışdı. Hökumətsə təbii fəlakətdən ziyan görmüş sakinlərə yardım etməyib.
Mayın 4-də bur daha leysan yağış yağıb, yenə də kömək edən tapılmayıb. Pis hava şəraiti, dəyən ziyan barədə dövlət televiziyası heç xəbər də verməyib.
Mayın 13-də yenə yağış başlayanda əhali küçələrə çıxaraq aprelin 27-dən kəsilmiş elektrik enerjisinin hələ də bərpa olunmamasından gileyləniblər. Evlərin zirzəmiləri də suyla dolu idi.
“Əgər həqiqətən də mayın 13-dəki etiraza min nəfər çıxıbsa, bu, Türkmənistan 1991-ci ildə müstəqillik əldə edəndən hökumətə qarşı ən böyük etiraz sayıla bilər”, – məqalədə deyilir.
Avtoritar quruluşlu Türkmənistanda məmurlardan narazılıq çox riskli sayılır, etirazlar dərhal həbslər, həbs cəzaları ilə nəticələnir. Sonuncu dəfə hökumətə qarşı 1995-ci ilin iyulunda paytaxt Aşqabadda iki etiraz keçirilib.
Yerli məmurlar
Müəllif yazır ki, Türkmənistanda yerli məmurların roluna da nəzər salmaq vacibdir, onlar tez-tez dəyişdirilirlər, yəni, vəzifədə uzun müddət qala bilmirlər ki, məsuliyyətlərini ilə yaxşıca tanış olsunlar.
2018-ci ilin dekabrında Prezident Gurbanguly Berdymukhammedov vilayət administrasiyalarına dedi ki, özlərinə maliyyə mənbələri tapsınlar. Sonucda yol-nəqliyyat pozuntularına görə cərimələrin sayı xeyli artdı.
Yaxud şikayətçiləri doğru ünvana yönəldən kiçik rütbəli məmurların işdən çıxarılması halları baş verib. Mayın 14-də isə Türkmənabad şəhərinə mer müavininin iştirakı və polisin müşayiətilə kömək göndərilir. Merin harda olması haqda bir söz deyilmir.
Aprelin əvvəlində Meri vilayətində un və yağ qıtlığına kiçik etirazlar keçirilib. Vilayət rəsmiləri dərhal etiraz yerinə ikikiloqramlıq un bağlamaları göndərirlər və etiraz dayanır.
Məqalədə deyilir ki, Türkmənistanda qaynamağa başlayan itaətsizlik tezliklə yoxa çıxan deyil. Ölkənin gəlirlərinin 70-80 faizi təbii qaz satışından gəlir və qazın qiyməti 2014-cü ildən bəri xeyli düşüb. Üstəlik, Aşqabadın ən böyük qaz alıcısı olan Çin bir neçə həftə öncə bildirib ki, bu il idxalı 20-25 faiz azaldacaq. Son illər Çin 30 milyard kubmetrdən artıq türkmən qazı alıb.
Bu arada Türkmənistanın pandemiya ilə mübarizə məqsədilə Rusiyaya, Əfqanıstana yardım göstərməsi xəbərləri yayılır.
Xaricdən dəstək
Xaricdə yaşayan türkmənlər də etiraz səslərini ucaldır. Mayın 15-də İstanbuldakı Türkmənistan konsulluğu qarşısına yığışanlar Lebap və Meri vilayətlərində yaşayanlarla həmrəylik bildirib, 17 aprel qasırğasında azı 35 nəfərin öldüyünü deyib. Bu detal indiyədək nə Türkmənistan dövlət mediasında gedib, nə də məmurlar dilə gətiriblər.
Oxşar aksiyalar Kiprdə, Vaşinqtonda da keçirilib.
Türkmənistanda baş verənlər hökumətə təhdid yaradırmı, onun devrilməsilə nəticələnə bilərmi?
Bəzi təhlilçilərin fikrincə, hökumətdə dəyişiklik mümkündür, çünki əhali arasında məyusluq artır. Di gəl, spontan etirazlar paytaxtda deyil, regionlarda baş verir və əsasən onlarla etirazçını cəlb edir.
Türkmənistanda 5 milyon əhalinin yaşadığı, onun 20 faizinin paytaxtda və ətrafında cəmləşdiyi bildirilir. Paytaxtda da ərzaq qıtlığı var, bahalanma gedir, amma regionlardakı kimi deyil.
Üstəlik, paytaxtda əsasən mülki geyimli polis mağazalardakı, banklardan növbələrə nəzarət edir, vəziyyətdən şikayətlənən, hökuməti tənqid edən olduqca dərhal saxlayır.
“Nə qədər ki hökumət Aşqabata nəzarət edir, Berdymukhammedov-un xalq üsyanıyla devriləcəyi şübhəli görünür”, – yazan müəllif ölkədəki durumun tezliklə yaxşılaşmayacağını da vurğulayır. Yəni, bir gün gələ bilər ki. yerli məmurlar əhalini un, yağ, digər ərzaqlarla təmin edə bilməzlər və hətta paytaxtda belə aclıq hissi hakimiyyətdən qorxunu üstələyə bilər.