Rusiyada hökumətin koronavirusla mübarizəsi getdikcə xeyli insanı narazı salır və vətəndaşlar arasında etiraz ruhu yüksəlir. Narazılar içində həkimlər, kiçik şirkət sahibləri də var. Bunu ölkənin nüfuzlu müxalifət fəallarından olan Aleksei Navalny deyir.
“Hazırda vətəndaşlar arasında etiraz son dövrlərin ən yüksək səviyyəsinə çatıb”, – Antikorrupsiya Fondunun təsisçisi Navalny mayın 20-də Moskvadakı evindən AzadAvropa/AzadlıqRadiosu-na videomüsahibəsində deyib.
“Əvvəllər etiraz fəaliyyətinə, yaxud birbaşa siyasətə qatılmayanlar arasında qəzəb qaynamaqdadır. Onlar həkimlər, kiçik biznes təmsilçiləri, gəlirsiz qalmış sıravi vətəndaşlardır”, – müxalifətçi söyləyib.
Nağd vəsait paylamaq təklifi
Rusiya hazırda 300 mindən çox təsdiqlənmiş yoluxma ilə dünyada ABŞ-dan sonra ikinci yerdədir. Virus ölkənin səhiyyə sisteminə təzyiqi artırıb, onlarla həkim COVID-19-dan vəfat edib, bəziləri intihara əl atıb.
Kiçik biznesmenlər isə karantin tədbirlərindən dolayı iflas həddinə çatıb. İşsizlərin sayı artır və nağd pulları qurtarır. Hökumətsə qara gün üçün saxladığı 160 milyard dollarlıq fondun ağzını açmağa tələsmir. Navalny və komandasının hazırladığı planda hökumətə təklif olunur ki, vətəndaşlara və kiçik biznesə nağd vəsait ayırsın.
Navalny müsahibəsində hökuməti təhlükəsizlik xidmətləri, müdafiə konqlomeratı olan Rostex kimi dövlət şirkətlərinə xərclərə üstünlük verdiyinə, səhiyyə sistemini gözardı etdiyinə görə tənqid edib. Onun sözlərinə görə, hökumət səhiyyəyə vəsaiti ikiqat, üçqat artırmalıdır.
Rusiyada ən böyük etirazlar ötən ilin yayında Moskvada keçirilib. O zaman şəhər şurasına bir sıra müxalifət siyasətçilərin namizədliyi qeydə alınmamışdı. Bir neçə həftə davam edən yürüşlərə onminlərlə insan qatılmışdı.
Navalny deyir ki, komandasıyla birlikdə konstitusiyaya təklif olunan dəyişikliklərə qarşı təbliğat aparır. Həmin dəyişikliklər Prezident Vladimir Putinin hakimiyyətdə qalma müddətini uzada bilər.
Dəyişikliklərin əleyhinə səs vermək
Müxalifətçi əhalini səsverməyə getməməyə, buna məcbur edilərlərsə, dəyişikliklərə qarşı səs verməyə çağırıb. Rusiyada seçkilərdə kobud pozuntular müşahidə olunur, məsələn, qutulara topa bülleten atılır. Ancaq müxalifət fəalları seçkini fəal şəkildə müşahidə edir.
Navalny ötən il vətəndaşlara tövsiyə elədi ki, hakim Vahid Rusiya Partiyasının namizədlərinə qarşı səs versinlər. Nəticədə Putinpərəst bəzi siyasətçilər yerlərini itirdilər.
Amma koronavirus təhlükəsini əsas gətirən Rusiya hökuməti bu ayın əvvəlində qanunvericilik qəbul edərək onlayn səsverməyə icazə verib. Müxalifət iddia edir ki, bu addım müşahidəçilərin nəzarətindən kənar saxtalaşdırmya yol aça bilər.
“Əslində, nəzarət mexanizmləri qalmır. Prinsipcə, nəticələrə nəzarət etməyin yolu yoxdur”, – Navalny deyib.
Onun sözlərinə görə, məyusluğun artması “loyal” müxalifət partiyaları kimi tanınan Kommunist Partiyası və Liberal Demokratik Partiyanın (LDPR) sentyabrda daha çox səs qazanmasına yol açır. Di gəl, müxalifətçi hökumətin onlara da əngəl yaradacağını gözləyir. Axı, hökumət yeni seçki təbliğatı qaydaları tətbiq edib, polisə daha böyük səlahiyyət verib.
“Kommunistlər və LDPR üçün imkanlar açılır, ancaq hökumət bu imkan pəncərələrini sistematik olaraq qapadır”, – Navalny deyir.