Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 13:00

Rusiyada koronavirusdan ‘ölüm halları arta bilər’


Rusiyada laboratoriya
Rusiyada laboratoriya

Rusiyada COVID-19 xəstəliyindən daha çox insan vəfat edə bilər. Belə bir xəbərdarlıqla mayın 24-də Rusiyada istehlakçı mühafizəsi və rifah agentliyinin başçısı Anna Popova çıxış edib.

Bu arada rəsmi statistika ölkədə gündəlik yoluxmalarda azacıq azalma göstərir.

Bu açıqlamadan öncə Rusiyada gün ərzində koronavirusdan 153 ölüm halı açıqlanıb, öncəsi rekord rəqəm 150 idi.

Dövlət televiziyasında “Voskresnı Veçer” proqramına danışan Popova deyib ki, koronavirusdan gündəlik ölüm halları artacaq və bu şübhə yaratmır.

“Bu, bütün ölkələr üçün xarakterikdir: gündəlik yoluxlamalarda azalmadan sonra koronavirusdan ölümlərdə pik hədd qeydə alınır”, – TASS agentliyinin məlumatına görə, Rospotrebnadzor rəhbəri deyib.

İndiyədək ekspertlər Rusiyada digər ölkələrlə müqayisədə daha az ölüm hallarının həqiqiliyinə şübhə edirdilər, hökumətin statistikayla manipulyasiya etdiyini düşünürdülər.

Yoluxmalara görə üçüncü yerdə

Yoluxma sayına görəsə Rusiya Birləşmiş Ştatlar (1,6 milyon) və Braziliyadan (347 mindən çox) sonra üçüncü yerdədir – 344 min nəfər.

Mayın 24-dək Rusiyada 3 min 541 nəfərin koronavirusdan öldüyü açıqlanıb. Gündəlik yoluxma sayı 8 min 599-a düşüb, mayda bir neçə gün ərzində gündəlik 11 mindən artıq yoluxma qeydə alınırdı.

COVID-19-un simptomu sayılan “pnevmoniya”dan ölən rusiyalıların sayı isə artmaqdadır.

Mayın birinci yarısında aparılmış rəy sorğusuna görə, koronaviruslu xəstələrlə işləyən həkimlərin üçdə birindən çoxuna COVID-19 statistikasını dəyişmək “təlimatı” verilib.

Həkimlərin 36 faizi müvafiq suala “bəli” cavabını verib.

Popova isə pandemiya dövründə ölü sayının az göstərilməsi haqda deyilənləri rədd edib.

“Biz diaqnozu ölümün autopsiya nəticələrinə əsasən qoyan yeganə ölkəyik. Bu bizim qaydamızdır. Burda mümkün səhvlər istisna olunur”, – o deyib.

Prezident Vladimir Putin ötən həftə ölkənin cənubundakı Dağıstan Respublikasında kəskin koronavirus probleminin mövcudluğunu etiraf etmişdi. Yerli dini lidersə vəziyyəti “fəlakətli” adlandırmışdı.

Ötən həftə Çeçenistan lideri Ramzan Kadyrov-un şübhəli COVID-19 simptomları ilə Moskvada klinikaya aparılması xəbərləri yayıldı. Yerli parlament rəhbəri Rusiya mediasının bu məlumatlarını təkzib edib.

XS
SM
MD
LG