Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 20:10

Rusiya və Türkiyə Liviyada niyə savaşır


Haftar-a yaxın hərbi polis
Haftar-a yaxın hərbi polis

Rusiyalı politoloq, Yaxın Şərq üzrə mütəxəssis Mikhail Magid AzadlıqRadiosunun rus xidmətinə müsahibəsində Liviya müharibəsində Türkiyə və Rusiyanın məqsəd və risklərini izah edir. Hazırda bu münaqişə yeni “qaynar” mərhələyə daxil olmaq üzrədir. Müsahibəni Aleksandr Gostev alıb.

Mikahil Magid deyir ki, Liviya və Suriyada gedən münaqişələrə bir yerdə baxmaq lazımdır. Bu iki ölkədə hərbi əməliyyatlar sinxron baş verir. Ötən il Liviya Milli Ordusunun (LMO) komandiri Khalifa Haftar Tripoli və Milli Keçid Şurası üzərinə hücuma keçdi və bu hücum Rusiyayla Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə gerçəkləşdi.

Ümumi Rusiya-Türkiyə münaqişəsi

"Haftar uğur qazandı, ancaq bunun 30 faizini bir çox cəbhələrdə Rusiya muzdlularının adına yazardım. Vagner özəl təhlükəsizlik firmasının snayperləri çox yaxşı işlədilər. Bu ilin əvvəlində Haftar-ın qüvvələrə qələbəyə çox yaxın idilər.

Eyni zamanda, 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlində Suriya Prezidenti Bashar al-Assad qüvvələri İdlib üzərinə hücuma keçdilər. Onlar da uğurla hərəkət edirdilər, eyni sponsorlardan – Rusiya və BƏƏ-dən dəstək alırdılar”, – politoloq deyir.

Ancaq fevralın sonu- martın əvvəlində İdlibə əks hücum baş verdi, Türkiyə öz qüvvələrini göndərdi, cəbhələrdə vəziyyət dəyişdi. Martın 5-də Rusiyayla Türkiyə atəşkəs bağlamalı oldu.

Liviyada isə aprel-mayda oxşar əks-hücum başlandı, Türkiyə hərbi dronlarını göndərdi və Haftar-ın zirehli avadanlığına böyük ziyan dəydi.

“Sanki bu iki müharibə bir ümumi Rusiya-Türkiyə münaqişəsinə çevrilməkdədir. Türkiyə anti-Assad koalisiyasından 10 min hərbçini Suriyadan Liviyaya göndərdi və Rusiya da hərbi təyyarələrini transfer etdi”, – politoloq vurğulayır.

Magid Liviyada ciddi hava qüvvələri müharibəsi riskini istisna eləmir. Türkiyə İdlibdə təkcə dronlardan deyil, qırıcılardan da istifadə edib. Və həm Ankara, həm də Moskva Liviyada hava qüvvələrini tam işə sala bilər.

Haftar-dan narazılıq?

“Ümumilikdə, daimi Rusiya-Türkiyə münaqişəsi isti və soyuq mərhələlərdən keçir və bu, çox təhlükəlidir. 2015-ci ildə qaynar mərhələ idi, türkiyəli pilotlar Suriyada Rusiya təyyarəsini vurmuşdular... İndiyədək belə insidentlərin qarşısı Türkiyəylə Rusiya arasında nəhəng ticarət səbəbindən önlənib. Həm də onların bir məsələdə ümumi geostrateji marağı var: hər ikisi Birləşmiş Ştatların Yaxın Şərqdə nüfuzunu məhdudlaşdırmağa çalışır”, – o vurğulayır.

Rusiyanın Liviyaya hərbi təyyarə göndərməsi və eyni vaxtda muzdlularını cəbhədən çəkməsi Kremlin bu münaqişədə uduzmasınımı göstərir? Yoxsa Kremlin Haftar-dan narazılığının, onu daha dəstəkləmək istəməməsinin göstəricisidir?

Magid deyir ki, Rusiya ciddi itkilərdən qaçmaq istəyir və ona görə Tripolidən muzdlularını çıxarır. Həm də ola bilsin, Rusiya Haftara təzyiq göstərərək onun mövqeyində yumşalmaya, Türkiyəylə razılaşmaya, yaxud azından müvəqqəti atəşkəsə razı salmağa çalışır.

“Problem ondadır ki, Haftar, Suriyanın Assadı kimi təkcə Rusiyanın təlimatı əsasında hərəkət etmir. Onun müxtəlif sponsorları var... Haftar Rusiyanın istədiyini etmir. O geri də çəkilə bilər, məşhur inadkarlığını göstərərək döyüşü gücləndirə və Rusiyanı da arxasınca apara bilər. Haftar bir məqamda Rusiyaya qulaq asa, sonradan öz bildiyi kimi hərəkət edə bilər”, – politoloq deyib.

Oxşar maraqlar

Magid-in fikrincə, Rusiyanın indiki xarici siyasətinin ümumi istiqaməti, Kremlin sözlərilə desək, “Birləşmiş Ştatların qlobal hegemonluğunu” harda mümkündürsə azaltmaqdır. Liviya da belə regionlardan biridir. Bundan başqa, Rusiya Liviyanın neft yataqlarına nəzarət etmək istəyir. Həm də Liviyadan Avropa Birliyinə qaçqın axınına nəzarət edə bilər. Hər halda, Liviya Afrikadan Avropaya dəniz yolu üstündəki darvazadır. “Rusiya regiona nəzarət edərsə, Avropaya öz şərtlərini diktə edə, Avropanın qaçqın probleminə həssaslığından yararlana bilər”, – o bildirib.

Elə Türkiyənin də maraqları Rusiyanınkına oxşardır. Ankara Aralıq dəniz regionunda hərbi iştirakını genişləndirməkdə; Afrikadan qaçqın axınına nəzarət etməkdə və bununla Avropaya təzyiq göstərməkdə maraqlıdır.

“Onlar həmçinin keçmiş diktator Muammar Qaddafi dövründə imzalanmış çoxmilyardlıq neft kontraktlarında maraqlıdırlar. Vətəndaş müharibəsinə görə bu sazişlər heç vaxt həyata keçməyib. Ankara da Liviyanın neftinə və qaçqınlar üçün darvazasına nəzarət etmək istərdi. Bu ölkədə Moskvayla mübarizəsinin səbəbi də budur”, – Magid bildirir.

XS
SM
MD
LG