Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 15:39

Çin koronavirusla bağlı informasiyanı necə gecikdirib – Qərb mediası


Çində bağça uşaqları COVID-19-un şəklini çəkirlər
Çində bağça uşaqları COVID-19-un şəklini çəkirlər

Yanvar ayı ərzində Dünya Səhiyyə Təşkilatı (DST) Çini yeni koronavirusa sürətli reaksiyasına görə açıq şəkildə tərifləyirdi. Qurum dəfələrlə Çin hökumətinə virusun genetik xəritəsini “dərhal” paylaşdığına görə təşəkkür etmişdi, gördüyün işin, şəffaflığa sadiqliyinin “çox təsirli, sözlə ifadə edilməyəcək şəkildə” olduğunu demişdi. “The Associated Press” agentliyi isə əslində pərdə arxasında baş verənlərin tam fərqli olduğunu üzə çıxarıb. Belə ki, Çinin informasiyanı ciddi şəkildə gecikdirməsi DST rəsmilərini məyus edibmiş.

Əslində, Çin virusun genetik xəritəsi, yaxud genomuyla bağlı informasiyanı bir həftədən çox yubadıbmış, üç fərqli hökumətin laboratoriyaları isə bu arada informasiyanın kodunu çözübmüş. Agentliyin onlarla müsahibi, daxili sənədlər bu yubanmaya görə informasiyaya sərt nəzarəti, Çinin ictimai səhiyyə sistemi daxilindəki rəqabəti suçlayır.

DST rəsmilərinin gileyi

Agentlik yazır ki, DST rəsmilərinin Çini açıq şəkildə tərifləməsi onların hökumətdən daha çox informasiya qoparmağa çalışmasıyla bağlıydı. Rəsmilər yanvarın 6-dan başlanan həftədə öz aralarında gileylənirdilər ki, Çin virusun adamlar arasında necə yayılması, dünyaya hansı riski yaratmasını dəyərləndirməyə imkan verəcək datanı paylaşmır. Onda hər dəqiqə qızıl idi.

“Həddən artıq minimum informasiyaya malikik. Adekvat planlaşdırmadan ötrü bu informasiya yetərincə aydın deyil”, – amerikalı epidemioloq, hazırda DST-nin COVID-19 üzrə texniki komandasının başçısı Maria Van Kerkhove bir daxili iclasda deyibmiş.

“İndi elə bir məqamdayıq ki, məlumat CCTV-də peyda olmazdan 15 dəqiqə öncə onu bizə verirlər”, – DST-nin Çin üzrə baş rəsmisi Dr. Gauden Galea deyib. CCTV Çinin Mərkəzi Televiziyasıdır.

Bu informasiya BMT-nin səhiyyə təşkilatının təzyiq altında olduğu bir dönəmdə ortaya çıxır. DST pandemiyaya qlobal səviyyədə necə reaksiya verilməsinin müstəqil şəkildə araşdırılmasına razılıq verib. Son vaxtlar ABŞ Prezidenti Donald Trump DST-nin Çinlə əlbir olaraq koronavirus böhranının miqyasını gizlətdiyini iddia edib. O, təşkilatla əlaqələri kəsib və bu da ABŞ-ın DST-yə ən böyük donor kimi hər il ianə etdiyi 450 milyon dolların taleyini şübhə altında qoyur.

Çin Prezidenti Xi Jinping isə növbəti iki il ərzində koronavirusla mübarizəyə 2 milyard dollar boyun olub. Onun sözlərinə görə, Çin DST-ni və dünyanı həmişə “vaxtında” informasiyayla təmin edib.

Hazırda dünyada koronavirusa 6 milyon 270 mindən artıq yoluxma qeydə alınıb. Onlardan 375 mindən çoxu vəfat edib.

XS
SM
MD
LG