İyunun 8-də atletika üzrə beynəlxalq qurumun keçmiş prezidentinin Parisdə məhkəməsi başlanır. Lamine Diack Rusiya dopinq qalmaqalı ilə əlaqədar korrupsiyada və çirkli pulyumada ittiham olunur.
İttihamnaməyə görə, Diack rusiyalı atletlərlə bağlı şübhəli dopinq iddialarının ört-basdır edilməsinə görə 3,3 milyon dollardan artıq pul alıb, onların yarışları davam etməsinə icazə verib.
Diack rüşvət verib-almaqda, öhdəliklərinin pozulmasında, mütəşəkkil çirkli pulyumada ittiham olunur və 10 ilədək həbsə məhkum edilə bilər.
Bu qalmaqal nəticəsində Rusiya komandası 2016-cı ildə Yay Olimpiya oyunlarına, 2018-ci ildə isə Qış olimpiadasına buraxılmayıb.
Oğlu da təqsirləndirilir
İyunun 7-də 87 yaşı tamam olan Diack ittihamları rədd edir, onları əsassız sayır. Məhkəmə Fransanın paytaxtında iyunun 18-dək davam edəcək.
Seneqaldan olan Diack 16 il ərzində, 2015-ci ilədək Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasının (IAAF) prezidenti olub. Bu qurum indi Dünya Atletikası adlanır.
Fransalı təhqiqatçılar onun rəhbərliyi altında dünya atletikasında korrupsiya şəbəkəsinin qurulduğunu bildirirlər.
Məhkəmə yanvarda başlamalıydı, yeni sənədlər üzə çıxdığından təxirə salındı. Sənədlər onun oğlu, atasıyla birlikdə təqsirləndirilən Papa Massata Diack-ın ifadələrindən ibarətdir. Oğul Diack IAAF-da marketinq üzrə konsultant işləyib.
Seneqal Papa Massata Diack-ın ekstradisiyasından imtina edib. O da çirkli pul yumada, korrupsiyada, öhdəliklərini pozmaqda ittiham olunur və qiyabi mühakimə ediləcək.
Rusiyanın keçmiş atletika rəhbəri, IAAF-ın xəzinədarı Valentin Balakhnichev və rusiyalı keçmiş məşqçi Aleksei Melnikov da qiyabi mühakimə olunacaqlar.
Bu məhkəmə ona görə Fransada keçirilir ki, iddia olunan çirkli pulyumanın həmin ölkədə baş verdiyi bildirilir. Lamine Diack istintaq başlanandan ev dustaqlığındadır.