Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 21:55

NATO başçısı ‘demokratiyaların müdafiəsinə’ çağırıb


Jens Stoltenberg
Jens Stoltenberg

NATO-nun baş katibi Jens Stoltenberg deyib ki, 30 üzv ölkədən ibarət alyans “rəqabətli dünyada demokratiyaları qoruya bilmək üçün hərbi baxımdan qüdrətli, siyasi baxımdan yekdil, yanaşma baxımından qlobal olmalıdır”.

İyunun 8-də özünün NATO üçün 2030-cu ilə baxışlarını təqdim edən baş katib bütün müttəfiqləri öz silahlı qüvvələrini gücləndirməyə, alyansdan “ortaq təhlükəsizlikləri ilə bağlı hərəkət tələb edən məsələlərin müzakirəsi üçün forum kimi istifadə etməyə” çağırıb.

O habelə “onilliklərdir hamının salamtlığını təmin edən qlobal qayda və təsisatların müdafiəsi naminə Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreya kimi “həmfikir” partnyorlarla daha yaxından işləməyə çağırış edib:

“Təcavüz və zorakılıq deyil, azadlıq və demokratiya üzərində qurulmuş dünyanı müdafiə edək”.

ABŞ-ın Atlantic Council mərkəzinin və German Marshall Fondunun birgə keçirdikləri videomüzakirədə Stoltenberg xatırladıb ki, Rusiya “özünün hərbi fəaliyyətlərini durmadan davam etdirir”, İslam Dövləti və başqa terrorçu qruplar “ürəkləniblər”, dövlət və qeyri-dövlət oyunçuları “dezinformasiya və təbliğatla” məşğuldurlar.

Stoltenberg bunu da deyib ki, Çin qlobal qüvvələr balansını “fundamental şəkildə dəyişməkdə, iqtisadi və texnoloji hegemonluq üçün yarışı qızıdırmaqda, açıq cəmiyyətlərə və fərdi azadlıqlara hədələrini artırmaqdadır.

Almaniya narahatlığı

Stoltenbergin bu çıxışı Birləşmiş Ştatların Avropadakı müttəfiqlərinin ABŞ qoşunlarının Almaniyadan çıxarılması planları ilə bağlı narahatlıq ifadə etdikləri vaxta təsadüf edib.

Bu planlar barədə suallara cavab verərkən baş katib “sızmalar və media şayiələri” ilə bağlı şərh vermək istəmədiyini deyib.

Bununla belə Stoltenberg ABŞ-ın Avropaya hərbi sadiqliyinin qaldığını bir daha bəyan edib.

O deyib ki, son illərdə, əksinə, ABŞ-ın Avropada artmaqda olan mövcudiyyətindən danışmaq olar:

"Söhbət təkcə Almaniyadan getmir. Biz, məsələn ABŞ-ın Avropaya yeni briqada gətirməsinin, onun rotasiyalı mövcudiyyətini artırmasının, NATO-nun Polşadakı qrupunda liderliyi ələ almasının şahidi oluruq”.

ABŞ qoşunlarının bir hissəsinin Almaniyadan çıxarılacağına dair xəbərləri ötən həftə The Wall Street Journal və Der Spiegel yaymışdılar.

The Wall Street Journal iyunun 7-də yazırdı ki, müttəfiqlər belə bir planın “NATO-nu zəif salacağından və Rusiya kimi düşmənləri gücləndirəcəyindən narahatdırlar”.

Qəzet bunu da qeyd edirdi ki, ABŞ prezidenti Donald Trump ABŞ-ın Almaniyadakı qoşunlarını 9500 nəfər ixtisar etməyi planlaşdırır.

Der Spiegel bu rəqəmin 5000 və 15 min arasında olduğunu iddia edirdi.

Hazırda Almaniyada ABŞ-ın 34 minlik əsgəri qüvvəsi yerləşdirilib.

Almaniya hökuməti bu barədə Vaşinqtondan rəsmi məlumat almadığını bəyan edib.

Lakin Almaniya kansleri Angela Merkelin yaxın müttəfiqi, müdafiə naziri Annegret Kramp-Karrenbauer bildirmişdi ki, ABŞ belə bir addım atsa, bundan Almaniyanın müdafiəsindən daha çox ümumilikdə NATO-nun qüdrəti sarsıla bilər.

Almaniya kansleri Angela Merkel (sağda) və müdafiə naziri Annegret Kramp-Karrenbauer
Almaniya kansleri Angela Merkel (sağda) və müdafiə naziri Annegret Kramp-Karrenbauer

ABŞ prezidenti Donald Trump Almaniyanın NATO üzrə maliyyə öhdəliklərini yerinə yetirməməsindən daim giley-güzar edib.

Alyansın nizamnaməsinə görə bütün üzv ölkələr öz ÜDM-lərinin 2 faizini hərbi xərclərə sərf etməlidirlər.

Merkel hökuməti bu öhdəliyin icrasına 2030-cu ilədək qabil ola biləcəyini bildirib.

2 faiz öhdəliyini ötən ildən yerinə yetirməyə başlayan Polşa ümid edir ki, Almaniyadan çıxarılacaq qoşunların bir hissəsi onun ərazisində yerləşdiriləcək.

Hərbi manevrlər

Stoltenbergin çıxışı habelə NATO-nun Polşa və Baltik dənizində davam edən iki təlimi ilə eyni vaxta düşüb.

Bu manevrlərdən biri müstəsna olaraq Polşa ərazisində keçirilir.

ABŞ komandanları bildiriblər ki, təlimlərdən məqsəd NATO-nin koronavirus pandemiyası şəraitində də döyüş hazırlığına malik olmasının nümayiş etdirilməsidir.

Buna baxmayaraq, pandemiya manevrlərə təsirsiz ötüşmür. Təlimlərin miqyası kiçildilib və manevrlərdə yalnız Polşadakı 6 min əsgər iştirak edir.

Stoltenberg aprel ayında bildirmişdi ki, Rusiya kimi rəqiblər və ya terrorçu qruplaşmalar koronavirus pandemiyasından sui-istifadə edə bilər.

Bundan əvvəl Rusiya xarici işlər naziri Sergei Lavrov pandemiya ilə bağlı bütün hərbi fəaliyyətlərin dayandırılmasına çağırmışdı. O vaxt Stoltenberg təlimlərin sırf müdafiə xarakteri daşıdığını demişdi.

Baltik dənizində iyunun 7-də başlanan manevrlərdə 19 ölkədən 3000 hərbçi, 29 gəmi və 29 döyüş təyyarəsi iştirak edir.

XS
SM
MD
LG