Yeni koronavirusun Çinin Vuhan şəhərində hələ ötən ilin avqustundan yayılmağa başlaması ehtimalı var. Yəni pandemiyanın başlanmasının sənəd üzərindəki tarixindən bir neçə ay əvvəl. Bunu Harvard Universitetinin yeni tədqiqatı üzə çıxarıb. Pekin isə hesabatı “gülünc” adlandırıb.
Johns Hopkins Universitetinin hesablamasına görə, dünyada koronavirusa 7,13 milyon nəfər yoluxub, 407 minə yaxın xəstə vəfat edib. İlk yoluma hallarının dekabrın sonunda Vuhan şəhərində qeydə alındığı bildirilirdi.
Ancaq Harvard Universitetinin iyunun 8-də dərc etdiyi tədqiqatda Çinin rəsmi məlumatı şübhə altına alınır. Hesabatda deyilir ki, Vuhandakı xəstəxanalarının qarşısında nəqliyyatda avqustdakı aşkar sıxlıq koronavirusun ərazidə daha erkən yayıldığını deməyə əsas verir.
Harvardın tədqiqatçılarının deməsinə görə, peyk təsvirlərində avqustun sonundan dekabradək beş xəstəxananın qarşısında nəqliyyatda sıxlıq müşahidə olunub. Bu sıxlıqla eyni vaxtda internetdə “öskürək” və “ishal” simptomları ilə bağlı informasiya axtarışı da güclənib.
Çin araşdırmanı “gülünc” adlandırıb, “səthi” informasiyaya əsaslandığını vurğulayıb.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Chunying iyunun 9-da gündəlik mətbuat konfransında deyib ki, “nəqliyyatda sıxlıq kimi səthi müşahidələr əsasında belə bir qənaətə gəlmək gülünc, inanılmaz dərəcədə gülüncdür”.
Moskvalılar “normal həyata” qayıdır
Rusiyada koronavirusda ölüm halları 6 mini, yoluxmalar isə 485 mini keçib.
Paytaxt Moskvanın meri Sergei Sobyanin YouTube-da videomüraciətində deyib ki, Moskva sakinləri iyunun 9-dan “normal həyata qayıdacaqlar”.
Onun sözlərinə görə, qadağaların qalan hissəsi iyunun sonunda qaldırılacaq, ancaq eyni zamanda ikinci dalğa təhlükəsinin qaldığını söyləyib.
Diş klinikaları, kitabxanalar, kirayə xidmətləri, daşınmaz əmlak şirkətləri, muzeylər, zooparklar, açıq havada fəaliyyət göstərən restoran və kafelər iyunun 16-dan işini bərpa edəcək.
İyunun 23-dən isə fitnes klubları, üzgüçülük hovuzları, bağçalar işə düşəcək, Sobyanin belə deyib.
***
Rusiya da koronavirus qadağalarını yumşaldır
Rusiya sərhəd qadağalarını, Moskvada koronavirus təcridini yumşaldır. Paytaxt sakinləri iki aydan çox idi evdən çıxa bilmir, təcrid rejimində yaşayırdılar.
İyunun 9-dan rusiyalıların xəstə qohumlarına baxmaq, iş, təhsil və tibbi müalicə üçün xaricə səyahətinə icazə verilir. Baş nazir Mikhail Mishustin bununla bağlı fərman imzalayıb.
Əcnəbilər də qohumlarına qulluq, yaxud tibbi müalicə məqsədilə Rusiyaya daxil ola bilərlər, o əlavə edib.
Səhm bazarları ümidlənir
Artıq Moskva sakinləri şəhərə çıxmaqdan ötrü xüsusi icazə almalı olmayacaq.
“Sabahdan özünütəcrid rejimi qaldırılır”, – Mer Sergei Sobyanin iyunun 8-də bildirib.
Rusiya 476 mindən çox yoluxma ilə dünyada Birləşmiş Ştatlar və Braziliyadan sonra üçüncü yerdədir.https://coronavirus.jhu.edu/map.html
Həmin yoluxmaların yarıya qədəri Moskvada qeydə alınıb. Son həftələr Moskvada hər gün 2 minədək yeni yoluxma haqda informasiya açıqlanır.
Bu arada dünyanın səhm bazarlarında qiymətlər yüksəlir, özünütəcridin qaldırılması nisbətən sürətli iqtisadi dirçəliş haqda ümidlər yaradır.
ABŞ-da may ayı üzrə iş yerləri hesabatı da bazarları ruhlandırıb. Ötən həftə açıqlanmış hesabatda ABŞ-da işsizliyin səviyyəsinin qəribə də olsa azaldığı görünür. Ancaq milyonlarla amerikalı hazırda işsizdir. Dünyada mərkəzi bankların stimul paketləri, hökumətin ayırdığı vəsaitlər, pandemiyanın pik həddinin keçməsiylə bağlı ümidlər də investorları həvəsləndirib.
5,2 faiz azalma
Dünya Bankı isə iyunun 8-də xəbərdarlıq edib ki, davam etməkdə olan iqtisadi böhran milyonlarla insanı aşırı yoxsulluq həddinə sürükləyə bilər.
Bank bu il üçün qlobal iqtisadiyyatda 5,2 faizlik azalma proqnozlaşdırır. Bu, 2-ci Dünya müharibəsindən sonra qeydə alınmış 13,8 faizlik azalmadan sonra ən böyük göstəricidir.
Hesabata görə, dünyanın demək olar, bütün yeni formalaşan və inkişaf etməkdə olan ölkələrində adambaşına düşən gəlir azalacaq, həddən artıq yoxsul olanların sayı 100 milyona çata bilər.
Dünya Bankının təhlilçiləri xəbərdarlıq edirlər ki, pandemiyanın ikinci dalğası baş verərsə, dünyada bunun iqtisadi fəsadları daha ağır olar.
Dünya Səhiyyə Təşkilatının (DST) direktoru Tedros Adhanom Ghebreyesus isə ölkələrə qadağaların yumşaldılması ilə bağlı xəbərdarlıq edib, qlobal miqyasda pandemiyanın hələ də pisləşməkdə olduğunu deyib. Qərbi Avropada xəstəliyin səngiməsinə baxmayaraq, Şərqi Avropa və Orta Asiyada yoluxma halları artmaqdadır, o deyib.
DST direktoru Cenevrədə jurnalistlərə deyib ki, iyunun 7-də dünyada pandemiya başlanandan bir gün ərzində ən yüksək yoluxma sayı qeydə alınıb.