Türkmənistandan tibbi mənbələrin bildirməsinə görə, hakimiyyət pandemiyanın pisləşməsini sirr kimi saxlamağa çalışır. Regionda təkcə bu ölkə heç bir yoluxma halının olmadığını israrla bildirir.
Ötən həftə paytaxtdan kənarda yerləşən Çoqanlı yoluxucu xəstəliklər xəstəxanasında iki həkimin məhz bu tibb ocağında virusa yoluxaraq dünyasını dəyişdiyi iddia olunur. Bunu AzadlıqRadiosu-na (RFE/RL) Aşqabadda anonimlik şərtilə danışan səhiyyə rəsmiləri deyib.
Türkmənistan Şimali Koreya və bir neçə Sakit okean ölkəsi ilə birlikdə heç bir yoluxma olmadığını bildirir. Ancaq görəsən, Aşqabad bu məsələdə nə qədər israr edə biləcək.
Tibb işçiləri pandemiyanın “artıq nəzarətdən çıxdığını”, demək olar, bütün regionlarda yeni yoluxmaların qeydə alındığını deyiblər.
Xəstəxanalarda növbədir
Ölkənin mərkəzindəki Lebap vilayətində xəstəxanaya COVID-19 simptomları ilə bir neçə nəfər yerləşdirilib. “Onların hamısının koronavirus testləri pozitiv çıxıb. Biri yerli həkimdir”, – anonim danışan bir rəsmi deyib.
Lebapdan başqa bir mənbənin radioya bildirməsinə görə, iyunun 8-də bir tibb bacısında virus tapıldığından xəstəxana karantinə alınıb.
“İndi xəstəxana əməkdaşları koronavirusa görə mütəmadi testdən keçməlidirlər, ancaq hakimiyyət onlara testlərin nəticələri haqda məlumat vermir”, – mənbə deyib.
AzadlıqRadiosu bu iddiaların heç birini müstəqil təsdiqlədə bilməyib.
Türkmənistandan etibarlı rəqəmlər əldə etmək çətindir. Bu ölkənin müstəqil media təcrübəsi yoxdur, informasiya azadlığı da mövcud deyil.
“Rəsmi olaraq, bizdə koronavirusa yoluxma yoxdur”, – Səhiyyə Nazirliyinin rəsmisi iyunun 18-də radioya deyib. “Bundan əlavə informasiya vermirik”, – o, sözlərinə əlavə edib.
Səfirlik Amerika mərkəzlərini bağlayır
ABŞ-ın Türkmənistandakı səfirliyinin vebsaytında iyunun 21-də yerləşdirilmiş məlumata görə, Aşqabad Amerika Mərkəzi, Marı, Türkmənabad və Daşoğuz şəhərlərində Amerika Mərkəzləri bağlanır.
Bəyanatda COVID-19-la bağlı heç nə deyilmir, məqsədin “Amerika Mərkəzlərində ziyarətçilərin və işçilərin sağlığı və təhlükəsizliyini qorumaq” olduğu bildirilir.
AzadlıqRadiosu əməkdaşının iyunun 19-da verdiyi xəbərə görə, paytaxtda bir sıra tibb ocaqları karantinə alınıb.
Radionun Marı şəhərindəki müxbiri tibb ocaqları qarşısında uzun növbələr yarandığını, dövlət işçilərinin kütləvi şəkildə meayinəyə gəldiyini xəbərləyib.
Artıq Marıdakı xəstəxanalarda və ölkənin digər yerlərində xüsusi geyimdə tibb işçiləri tanış simalara çevrilib.
Bayramali şəhərində xəstəxana işçilərindən xüsusi geyimdən ötrü (PPE) 45 dollar alındığı bildirilir. Bunu yerli tibb işçiləri radio əməkdaşlarına deyiblər.
Bu məbləğ Türkmənistanda orta aylıq əməkhaqqının 10 faizinə bərabərdir.
Orta Asiyanın digər ölkələrində isə hazırda yoluxmalar artmaqdadır. Qazaxıstanda günə mindən çox yeni yoluxma qeydə alınır.