Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 05:22

Rəsmilər xəstəxanaların dolduğunu deyir


ABŞ-da xəstəxana
ABŞ-da xəstəxana

ABŞ-da koronavirus pandemiyasının episentrindəki rəsmilər yoluxmaların artmasıyla xəstəxana sistemlərinin həddən artıq yükləndiyini bildirirlər.

Virus Nyu Yorkda səngiyəndən sonra cənub və qərb hissələrdə yayılmağa başlayıb.

Bir neçə günə ABŞ-da koronavirusa yoluxanların sayı 3 milyonu keçəcək, 130 min xəstə vəfat edib. Bir çox ştatlar təkrar acılıma tez getdiyindən, effektiv sağlıq protokolları həyata keçirmədiyindən virus ölkə boyunca sürətlə yayılmaqdadır.

Bir sıra ştatlar təkrar açılım qərarlarına fasilə verir, yaxud da prosesi dayandırır. Kaliforniya, Texas və Florida bu sıradadır.

Evdə qalmaq göstərişi verilə bilər

Pandemiyanın ciddi zərbə vurduğu yerlərdə evdə qalmaqla bağlı qərar verilməsinə çağırışlar səslənir.

Finiks şəhərinin meri Kate Gallego iyulun 5-də deyib ki, Arizona karantini ən gec tətbiq etməyin, təkrar acılıma birinci getməyin bədəlini ödəyir.

Arizona hazırda adambaşına düşən yeni yoluxmalara görə ölkədə birinci yerdədir. Gallego evdə qalmaq göstərişinin verilə biləcəyini söyləyib.

Texasda həftəsonu 24 saat ərzində 8 mindən çox yoluxma qeydə alınıb. Ostin və Hyustonun liderləri qubernatordan yerli hökumətlərə evdə qalmaq göstərişi çıxarmaq səlahiyyəti istəyib.

Hyustonda xəstəxana çarpayıları dolmaqdadır. Mer Sylvester Turner iyulun 5-də CBS-in “Face The Nation” proqramına deyib ki, virus nəzarətə alınmasa iki həftəyə xəstəxana sistemi “ciddi, ciddi problem”lə üzləşər.

Ölkəboyu yeddi günlük yeni yoluxmalar 48 min civarındadır, yəni bir ay öncəkindən iki dəfədən də çox.

Luvr açılır

Bu arada Avropada yoluxmalar sabitləşdiyindən ölkələr acılıma getməkdədir.

İyulun 6-da Parisdəki Luvr muzeyi 16 həftəlik karantindən sonra qapılarını açıb. Dünyanın ən çox ziyarətçi cəlb edən muzeyi məhdudlaşdırmalar, səhiyyə protokolları ilə fəaliyyət göstərəcək.

Son üç ayda ilk dəfə olaraq İngiltərədə həftəsonu pablar dolu olub.

Yunanıstan isə iyulun 15-dək Serbiyadan gələnlər üçün sərhədi bağladığını elan edib. Kosovo iyulun 5-dən üç şəhərdə gecə karantini tətbiq edib. İspaniya sahil şəhərində ikinci karantini elan edib.

Latviyaya NATO missiyasına gedən Kanada hərbi təyyarəsi havaya qalxmayıb, çünki təyyarədəki əsgərlərin virusa yoluxma ehtimalı yaranıb.

Hindistanda yoluxmalarda rekord qeydə alınmaqdadır. Ümumilikdə 673 min nəfərin yoluxduğu təsdiqlənsə də, real rəqəmlərin daha böyük olduğu düşünülür.

ABŞ-dan sonra ikinci yerdə gələn Braziliyada koronavirusdan 64 min 867 nəfər vəfat edib.

İyulun 5-də Çilidə pandemiyadan dünyasını dəyişənlərin sayı 10 mini keçib. Meksikada isə 30 min nəfər həyatını itirib.

Koronavirus dünyada 533 mindən çox insanın həyatına son qoyub, 11,5 milyon yoluxma təsdiqlənib.

XS
SM
MD
LG