Birləşmiş Ştatlarda səhiyyə rəsmiləri amerikalıları ictimaiyyət arasında maska taxmağa, koronavirusun yayılmaması üçün digər qaydalara əməl etməyə çağırırlar. Bu arada bir sıra ştatlarda yoluxmalar və ölüm halları sürətlə artmaqdadır.
Ağ evin koronavirusla mübarizə üzrə işçi qrupunun üzvü Admiral Brett Giroir maska taxmağı “mütləq vacib” adlandırıb. O, iyulun 12-də deyib ki, bunsuz ölkə virusu nəzarətə ala bilməyəcək.
“Birləşmiş Ştatlar pandemiyanı nəzarətə ala bilər”
Birləşmiş Ştatlarda pandemiya 135 mindən çox insanın həyatına son qoyub. Özəlliklə cənub və qərb ştatlarında yoluxmalar artmaqdadır. Mayda bir sıra ştatlar qadağaları qaldırmışdılar.
İyulun 12-də Florida gündəlik yoluxmalarda rekord rəqəm açıqlayıb – 15 min 299 nəfər. Həftə ərzində rekord sayda – 514 xəstə vəfat edib, günə ortalama 73 nəfər. Üç həftə qabaq ştatda günə ortalama 30 xəstə vəfat edirdi.
Cənub və qərb ştatlarında virusdan ölüm hallarının artmasına baxmayaraq, apreldəki rəqəmlərdən aşağıdır.
Florida Universitetinin epidemioloqu deyib ki, Birləşmiş Ştatlar pandemiyanı nəzarətə ala bilər.
“Çox vacib olan insan elementidir. Ölkəmiz səy göstərməlidir. Böhranda olduğu kimi toparlanmaq lazımdır, ancaq bunu etmirik”, – Dr. Cindy Prins deyib.
Texasın Hyuston ştatının rəsmiləri isə evdə qalmaq göstərişinin yenidən tətbiqinə çağırırlar. Bu qərarı qubernator Greg Abbott verə bilər. O isə buna son addım kimi əl atılmalı olduğunu söyləyib.
Dünya Səhiyyə Təşkilatı (DST) iyulun 12-də dünyada sutkalıq yoluxmalarda daha bir rekord qeydə alındığını açıqlayıb. 230 mindən çox yoluxma təsdiqlənib, siyahıda birinci yeri isə 66 mindən çox yoluxma ilə Birləşmiş Ştatlar tutur.
Şərqi Avropa və...
Şərqi Avropa ölkələrində də yeni yoluxmalarda artım var. Macarıstan sərhəd qadağalarını yenidən tətbiq edib. Təxminən iki ay öncə karantin qağaları əsasən qaldırılmış, sərhədlər Avropa Birliyindən gələnlərin üzünə açılmışdı.
İyulun 13-də Xorvatiyada mağazalarda maska taxmaq məcburi elan olunub. Restoran işçiləri də maska taxmalıdırlar. Bu ölkənin sahil zonası yayda turistlərin üz tutduğu məkandır.
Qonşu Serbiyanın paytaxtı Belqradda hökumətin pandemiya ilə mübarizəsinə etiraz olaraq bir neçə gecə nümayişlər keçirilib.
Bolqarıstan da qadağaları yenidən tətbiq etməyə başlayıb.
Hindistan, Cənubi Afrika və Braziliyada gündəlik yoluxma sayı isə daha böyükdür.
Hindistanda gündəlik 28 min 637 yoluxma qeydə alınıb. İyulun 14-dən Banqalorda həftəlik karantin elan olunub.
Cənubi Afrika 264 min yoluxma və 4 minə yaxın ölü sayı ilə Afrikada ümumi koronavirus hallarının 40 faizindən çoxunu təşkil edir.
İranın Ali dini lideri Ayətulla Ali Khamenei iyulun 12-də deyib ki, ölkədə koronavirusun yenidən baş qaldırması “həqiqətən faciəvidir” və bütün vətəndaşları onunla mübarizədə köməyə çağırıb.
Fevraldan bəri İranda koronavirusdan 12 min 800-dən artıq ölüm halı qeydə alınıb.
Hazırda dünyada yoluxmalar 13 milyona yaxınlaşır, 569 mindən çox xəstə vəfat edib.