Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:48

Putin-i qələbəyə aparan 'zəhərli' yol


Kitab iki il əvvəl baş vermiş Solsberi zəhərləmə hadisəsi ilə başlayır
Kitab iki il əvvəl baş vermiş Solsberi zəhərləmə hadisəsi ilə başlayır

Britaniyanın "The Guardian" qəzetinin keçmiş Moskva müxbiri, araşdırmaçı jurnalist Luke Harding Soyuq müharibənin bitməsindən xeyli keçmiş Putinin Qərbdə xaos yaratması və bu yolla qələbə qazanması haqda kitab yazıb.

Kitab iki il əvvəl baş vermiş Solsberi zəhərləmə hadisəsi ilə başlayır. Rusiyanın hərbi kəşfiyyat idarəsi olan QRU iki il bundan öncə özünün keçmiş əməkdaşı, Britaniyada sığınacaq almış Sergei Skripal-ı zəhərləyərək öldürməyə cəhd etmişdi. QRU əməkdaşları Skripal-ı öldürə bilməsələr də, Uiltşir sakini olan, sakit əyalət şəhərində adi həyat sürən tamamilə günahsız bir qadını öldürüblər. Əməliyyatı uğursuzluqla nəticələnən rus kəşfiyyatının əməkdaşları çovğunlu gündə Solsberiyə buradakı kilsəyə baxmaq üçün getdiklərini deməklə gülüş obyektinə çevrilmişdilər.

Sonradan Britaniyanın araşdırmaçı jurnalistika saytı "Bellingcat" həmin iki şübhəli şəxsin adlarını tapıb ictimaiyyətə açıqladı: Anatoliy ChepigaAlexander Mishkin.

Bu hadisə sayəsində dünya ictimaiyyəti həm də "Noviçok" adlı iflic edici kimyəvi silahın adını eşitdi. "Rusiyada yaşamış hər kəs bilir ki, belə bir zərbə ancaq Kremlin sahibinin əmri ilə ola bilər", - qəzet yazır. Hadisənin üstündən iki il keçmiş Qərb liderlərinin Vladimir Putin-i məsuliyyətə cəlb edə bilməməsi də diqqətəlayiqdir.

"QRU-nun içində oturan hər kəs bunu 125% anlayır"

"Kölgə dövləti" (Shadow State) adlı kitabda Luke Harding-in məqsədi bu uğursuzluğun səbəblərini və Kremlin Soyuq müharibənin bitməsindən sonra necə qalib gəldiyini izah etməkdir.

"The Guardian"ın Moskva müxbiri olmuş Harding 2011-ci ildə Kremlin qəzəbinə səbəb olduğu üçün Rusiyadan çıxarılıb. Bundan sonra o, "Mafiya dövləti" (Mafia State) adlı kitab yazıb. Bunun ardınca Litvinenko-nun zəhərlənməsi haqda "Çox bahalı zəhər" (A Very Expensive Poison) kitabını və Trump-la Rusiya arasındakı münasibətlər haqda "Toqquşma" (Collusion) bestsellerini yazıb. Qəzet yazır ki, "Kölgə dövləti" kitabı triller təsiri bağışlayır və çox tez oxunur. Ancaq müəllif kitabda yazılanları özündən uydurmayıb.

QRU-nun adamlarının Solsberi uğursuzluğundan altı ay sonra qurumun rəhbəri Igor Korobov müəmmalı şəraitdə ölüb. Keçmiş QRU zabiti Viktor Suvorov Harding-ə müsahibəsində belə deyir: "Casus instinktim mənə deyir ki, Korobov öldürülüb. QRU-nun içində oturan hər kəs bunu 125%anlayır". Qəzet yazır ki, əgər bütün bunlar sizə rədd edilmiş James Bond ssenarisi kimi görünürsə, Catherine Belton-un "Putinin adamları" (Putin's People) kitabındakı hekayəyə nəzər salın: Rusiya prezidenti KQB zabiti olduğu dövrdə Şərqi Almaniyada, Drezdendə otura-otura Qərbi Almaniyada Qızıl Ordu Fraksiyası adlı ifrat solçu terrorçu təşkilatı idarə edirmiş. Başqa sözlə, Putin hazırda ən yaxşı bacardığı işi görür – Qərbdə xaos yaratmaq üçün içəriyə sızdırılmış casus ordusunu idarə edir.

Müəllif Britaniyanın Avropa Birliyindən çıxmasının – "Breksit"in əslində "Kremksit" olması, başqa sözlə, Kremlin müdaxiləsi ilə baş verməsi fikrini də irəli sürür. Steele familiyalı keçmiş MI6 əməkdaşı Harding-ə müsahibəsində Kremlin "Breksit" məsələsinə müdaxilə etdiyi qənaətində olduğunu deyir. O, Britaniya təhlükəsizlik xidmətlərini məlumatlandırsa da, heç nə baş verməyib. Əvvəl Theresa May, daha sonra Boris Johnson "Kremksit"lə bağlı təqdim olunan dəlillərə məhəl qoymayıb.

XS
SM
MD
LG