Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:31

Sərhəd toqquşmaları niyə Tovuzda baş verir – Qərb mediası


Tovuzda dağıdılmış ev
Tovuzda dağıdılmış ev

Müəllif yazır ki, hazırda Ermənistan və Azərbaycan qüvvələrinin toqquşmasının harada baş verməsi müşahidəçilərin şübhələrinə yol açıb

Azərbaycan və Ermənistan arasında hərbi toqquşmalar bu münaqişədə əks tərəfləri dəstəkləyən Türkiyəylə Rusiya arasında gərginliyi artırır. “Amerikanın Səsi” radiostansiyasının əməkdaşı Dorian Jones bu haqda yazır.

Bazar günü Tovuz rayonu istiqamətində toqquşmalar başlanandan biri azərbaycanlı dinc sakin olmaqla ümumilikdə 17 nəfər həlak olub. Tərəflərin bir-birini atışmaya birinci başlamaqda ittiham edir.

Türkiyə münaqişədə Azərbaycanı, Rusiya isə Ermənistanı dəstəkləyir, məqalədə deyilir.

Daha bir proksi müharibəsi?

“Türkiyə Azərbaycanın hüquqları və torpaqlarına hər hansı hücuma qarşı çıxmağa tərəddüd etməyəcək”, – Prezident Recep Tayyip Erdogan iyulun 14-də deyib. O, döyüşlərin arxasında daha geniş konspirasiyanın dayandığını vurğulayıb.

“Bu, sərhəd pozuntusu və münaqişə deyil, Azərbaycana məqsədli hücumdur. Şübhəsiz ki, bu hücum Ermənistanın boyundan yuxarı tullandığını göstərir”, – o deyib.

Türkiyənin hökumətyğnlü mediası isə Moskvanı Ermənistanı Azərbaycana hücuma həvəsləndirməkdə suçlaysa da, bu iddianı əsaslandırmayıb.

Moskva ittihamları rədd edir. Kremlin sözçüsü Dmitry Peskov tərəfləri təmkinli olmağa çağırıb, Rusiyanın vasitəçiliyini təklif edib.

Ankarayla Moskva Liviya və Suriyada proksi müharibə aparırlar, yəni bu münaqişələrdə rəqib tərəfləri dəstəkləyirlər.

“Ermənistanla Azərbaycan belə bir nöqtəyə çevrilə bilər, Suriya, Liviya kimi. Regionda onsuz da Rusiya qüvvələri yerləşdirilib”, – Bonn Universitetində Rusiya üzrə ekspert Zaur Qasımov deyib.

“Türkiyə Qafqaz regionunda Qərbin dəyər və maraqlarını müəyyən dərəcədə təmsil edən yeganə oyunçudur və Rusiyayla İranın üstünlüyü ələ almasını önləyə bilər”, – Qasımov vurğulayıb.

Niyə Tovuz?

Müəllif yazır ki, hazırda Ermənistan və Azərbaycan qüvvələrinin toqquşmasının harada baş verməsi müşahidəçilərin şübhələrinə yol açıb.

“Məkan çox qəribədir. Adətən, döyüşlər mübahisəli Dağlıq Qarabağda baş verir”, – Qasımov deyib.

Tovuz rayonu Azərbaycan üçün əhəmiyyətli Cənubi Qafqaz kəmərinə yaxındır. Bu kəmərlə Türkiyənin TANAP kəmərinə təbii qaz daşınır, Ankaranın Rusiyadan enerji asılılığını azaltmaq cəhdlərinin əsas komponenti sayılır.

“Türkiyə qaz təchizatında Rusiyadan çox asılıdır”, – London Enerji Klubu siyasi qurumundan Mehmet Ogutcu deyib.

“Türkiyə Rusiyanın Gazprom şirkətinə qaz üçün AB-dəki alıcılardan iki dəfəyədək çox pul ödəyir”, – bunu isə Qasımov söyləyib.

“Türkiyə Rusiyadan bu asılılığı azaltmağa çalışır. Azərbaycan qazı isə TANAP kəmərilə axır. Bu qaz Türkiyənin aldığı Rusiya qazından ucuzdur. Türkiyənin qaz təchizatının 98, neft təchizatının isə 92 faizini idxaldan asılıdır. Bu, milli təhlükəsizlik məsələsidir”, – o əlavə edib.

Avropa Birliyinə də qaz verən Azərbaycan Türkiyənin əsasən enerji sektorunda ən böyük xarici investorudur. 2021-ci ildə bu iki ölkənin tərəfdaşlığı daha da dərinləşə bilər, çünki Türkiyəylə Rusiyanın böyük qaz sazişi yenilənməlidir.

Tovuzda nə baş verir? Hazırladığımız reportaj
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00

Qaz sazişinə yenidən baxıla bilər

25 illik bu saziş çərçivəsində Türkiyə hər il Rusiyadan müəyyən həcmdə qaz almalıdır və bu da Rusiyanı Türkiyənin enerji bazarında dominant mövqeyə çıxarır.

“Kontrakt sona çatanda Türkiyə bu fürsətdən yararlanaraq Rusiyayla enerji münasibətlərini yenidən balanslaşdıra bilər”, – Ogutcu deyib.

Rusiya liderləri isə Türkiyənin enerji bazarını itirə biləcəklərindən narahatdırlar.

“Apreldə Rusiya-Türkiyənin qaz qiymətləri üzrə danışıqları uğursuz oldu. Azərbaycan, İran və Qətər Türkiyə üçün Rusiya qədər güclü qaz provayderinə çevrilə bilərlər”, – Qasımov bildirib.

Təhlilçilərin fikrincə, Ankaranın enerji təchizatını şaxələndirmə cəhdləri ABŞ administrasiyasını məmnun edir. Axı, Vaşinqton Avropadakı müttəfiqlərinin Rusiyayla enerji əməkdaşlığını azaltması üçün lobbiçilik edir.

Birləşmiş Ştatlar Rusiyanın Almaniyaya qaz nəql edəcək Şimalı axını-2, Erdogan-la rusiyalı həmkarı Vladimir Putin-in yanvarda açdığı TürkAxını kəmərlərinə sanksiyalarla hədələyir.

ABŞ-ın Dövlət katibi Mike Pompeo bu həftə bu iki layihəni “Kremlin Avropanın Rusiyanın enerji təchizatından asılılığını istismar edərək genişləndirməsi üçün əsas alətlər” adlandırıb, deyib ki, onlar “sonucda transatlantik təhlükəsizliyə zərbə vururlar”.

“Bu, Rusiyanın məkrli nüfuz layihələrinə yardım edən şirkətlərə aydın xəbərdarlıqdır. Ya indi çıxın, ya da fəsadları gözləyin”, – Pompeo deyib.

“Bu, bir paketdir”

Məqalədə qeyd olunur ki, Türkiyəylə Rusiya arasında ziddiyyət Ankara və Vaşinqtonun yenidən yaxınlaşdığı bir dönəmə təsadüf edir. Ancaq təhlilçilər Rusiya-Türkiyə tərəfdaşlığının sona çatdığını elan etməyə tələsmirlər.

Ankara Rusiya enerjisindən asılılığını azaltmağa çalışsa da, Erdogan və Putin iki ölkənin bir-birindən necə asılı olduğunu anlayırlar. “Türkiyə-Rusiya münasibətləri təkcə Rusiya qazı üzərində qurulmayıb”, – Ogutcu deyib.

“Bu, bir paketdir. Türkiyədə Rusiya nüvə enerjisi zavodu tikilir, Suriyada təhlükəsizlik məsələsi var. Türkiyə Rusiyaya tikinti məhsulları ixrac edir, rusiyalı turistlər Türkiyəyə axın edir”, – Ogutcu belə deyir.

Bəzi müşahidəçilərin fikrincə, Moskva Ankarayla üzülüşmək istəmir, Qafqazdakı son gərginlik isə Türkiyəyə, Rusiyayla münasibətləri yenidən balanslaşdırmağın bədəli barədə xəbərdarlıq ola bilər.

Xatırlatma

İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər başlayıb.

Prezident İlham Əliyev baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib.

Ermənistan tərəf də Azərbaycanı ittiham edir.

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb.

Münaqişə böyüyərək müharibəyə çevrilib. 1994-cü ildə onlar arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Son toqquşmalarla əlaqədar bir sıra beynəlxalq qurumlar – ATƏT, Avropa Birliyi, ABŞ Dövlət Departamenti tərəfləri atəşkəs rejiminə qayıtmağa, danışıqları bərpa etməyə çağırıb.

XS
SM
MD
LG