Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:31

Su müşavirəsinə iki fərqli sözardı


Prezident İlham Əliyev, Azərbaycanda su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə, 23 iyul 2020
Prezident İlham Əliyev, Azərbaycanda su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə, 23 iyul 2020

Dövlət başçısı iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr edilən müşavirədə deyib ki, bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib.

“ Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir? O qədər böyük xərc çəkilir, boru xətləri çəkilir, vətəndaşlar buna sevinir. Sonradan min dənə bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq. Buna son qoyulmalıdır ”, deyə o vurğulayıb.

O zaman sual yaranır, buna kim cavabdehdir və məsuliyyət kimin üzərindədir?

“İçməli su ilə təminat Bakıda 29 faizdən 82 faizə...”

Tahir Mirkişili, arxiv foto
Tahir Mirkişili, arxiv foto

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri, deputat Tahir Mirkişili AzadliqRadiosunun suallarını cavablandırarkən xatırladıb ki, 2004-cü ildən icra olunan Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində xeyli iş görülüb:

“ Keçən müddət ərzində içməli su ilə təminat Bakıda 29 faizdən 82 faizə, regionlardan isə 9 faizdən 63 faizə çatdırılıb. Əgər Oğuz-Qəbələ-Bakı su kəməri olmasaydı, Taxtakörpü su anbarı tikilməsəydi Bakı şəhərinin su problemləri çox kəskinləşə bilərdi. Regionlarda su anbarları tikilməsəydi suvarma ilə bağlı daha ciddi problemlər ola bilərdi”

Deputatın vurğulamasına görə, amma bütün bunlarla yanaşı aparılan təhlillər onu göstərir ki, su ilə bağlı layihələrin tərtibində və icrasında nəzarət mexanizmlərinin gücləndirilməsi nəticələrin daha səmərəli olmasına gətirib çıxarda bilərdi:

“Müvafiq qurumların belə layihələrə daha diqqətli və əhatəli yanaşmaları tələb olunur”

“ Bunun üçün müvafiq qurumların belə layihələrə daha diqqətli və əhatəli yanaşmaları tələb olunur. Dövlət başçısı layihələrin nətəcələrinin səmərəliliyinin artırılması üçün 3 mühüm istiqaməti də göstərdi: Birincisi, investisiya layihələrin daha dərindən təhlil edilməsi və səmərəliliyin müəyyən edilməsi. İkincisi, xərclərə nəzarətin daha da artırılması və nəhayət, görülən işlərin koordinasiya edilməsi”.

Deputat əmindir ki, bu istiqamətlərin reallaşması üçün yaxın vaxtlarda lazımi tədbirlər görüləcək:

“Bu problemin də öhdəsindən gəlinəcək”

“ Cənab Prezidentin çıxışı bu yöndə artıq işlərin getdiyini deməyə əsas verir. Bu problemin də öhdəsindən gəlinəcəkdir”.

“Vəsailərin korrupsiyaya yem olması haqqında yazılanları toplasaq...”

Natiq Cəfərli, 31 avqust 2012
Natiq Cəfərli, 31 avqust 2012

ReAL Pariyasının üzvü, iqtisadçı Natiq Cəfərli isə deyir ki, illərdir içməli və suvarma su ilə bağlı həyəcan təbili çalınıb:

“Ən azı 10 ildir mətbuatda müstəqil ekspertlər, iqtisadçılar danışıb, jurnalislər araşdırma aparıb, amma mövcud hökumət bunlardan bir nəticə çıxarmadı. Büdcədən ayrılan vəsailərin korrupsiyaya yem olması haqqında yazılanları toplasaq, cildlərlə kitab çıxar. Amma bunları yalan və böhtan adlandırır, korrupsiyanın həcmini heç vaxt etiraf etmirdilər. İndi məlum olur ki, müstəqillikdən sonra milyardlarla vəsait ayrılmış melorasiya, su, kanalizasiya sistemində böyük probləmlər var. Problemlərin səbəbi məhz korrupsiya və ayrılan vəsaitin qeyri-şəffaf xərclənməsidir”.

Natiq Cəfərli hesab edir ki, ayrılan vəsaitlərə və onların xərclənməsinə nəzarəti Dövlət Hesablama Palatası, hüquq-mühafizə orqanları etməlidir:

“Çünki mətbuatda vəsaitlərin səmərəsiz xərclənməsi haqqında kifayət qədər materiallar olub. Həmin materiallar cinayət işlərinin açılması üçün əsasdır. İkinci, xərcləmələrə Milli Məclisin Büdcə Komitəsi nəzarət etməlidir, qanunverici orqanda bu məsələlər qaldırılıb müzakirə oluunmalıdır. Ancaq nəzarət mexanizmləri yox dərəcəsindədir. Səbəblər müxtəlif maraqlarla izah olunur. Nəticədə mövcud problemlər yaranıb və problemlər yalnız su sahəsində deyil”.

“ Ciddi araşdırmalar aparılmalıdır ki,...”

Azərbaycan manatı
Azərbaycan manatı

İqtisadçı hesab edir ki, prezidentin çıxışından sonra cinayət işi açılmalı və cavabdeh şəxslər məsuliyyətə cəlb edilməlidir:

“ Ciddi araşdırmalar aparılmalıdır ki, ayrılan vəsaitlərin bu qədər xərclənməsinin səbəbi nədir.”

Bu fikirlərə, hələlik, "Azərsu" və “Meliorasiya və Su Təsərrüfatı” açıq səhmdar cəmiyyətlərinin rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

Müşavirədə olanlar

Həmin müşavirədə isə çıxışlarında “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmdzadə və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezidentin “bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib” sözlərinə dəqiq mövqey bildirməyiblər.

Amma Qorxmaz Hüseynov çıxışında deyib ki, bir çox şəhərlərdə xüsusilə beynəlxalq maliyyə qurumlarının vəsaiti ilə layihələndirilən rayonlarda layihələr 2009-2012-ci illərə əsasən hazırlanıb:

“ Bu layihələr hazırlanarkən şəhərin mövcud ərazisi nəzərə alınmışdır. Amma sonradan bildiyiniz kimi, ölkəmizdə Abşeron yarımadasında, regionlarda şəhərlər sürətlə böyüyür və bu böyümə nəticəsində təkcə Şamaxıda min ev bu gün layihədən kənarda qalıb. Yəni, layihə zamanı bu evlər yox idi. Xaçmazda 1450, Qaxda 682, Qəbələdə 500 ev və sair...”

Prezident İlham Əliyev də onda belə bir irad bildirib:

“Axı, hər dəfə mən açılışlarda olanda siz mənə məlumat verirdiniz ki, bu layihələr elə hazırlanıb ki, 2030-cu ilə qədər artan əhalini nəzərə alsın...”

"...bizim suyun hesabatı..."

Qorxmaz Hüseynov, arxiv foto
Qorxmaz Hüseynov, arxiv foto

Qorxmaz Hüseynovun isə cavabı belə olub:

“Cənab Prezident, üzr istəyirəm, bizim suyun hesabatı 2030-cu il nəzərə alınmaqla, əhali artımı nəzərə alınmaqladır. Amma infrastruktura ayrılan vəsait mövcud ərazi üçün nəzərdə tutulduğundan yenidən maliyyələşib, yenidən qurulmalıdır, xüsusilə beynəlxalq maliyyə qurumları tərəfindən maliyyələşən rayonlarda...”

Xatırlatma

Son aylar ölkənin bir sıra yerlərində həm təsərrüfat, həm də içməli su qitlığına aid çoxsaylı şikayətlər eşidilir. Ayrı-ayrı bölgələrdən olan fermerlər AzadlıqRadiosuna da şikayət ediblər ki, su qıtlığı üzündən indi az qala sahələrdə yetişmiş məhsulları zay olmaq üzrədir...

XS
SM
MD
LG