Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:26

Bank dörd il əvvəl bağlansa da, pulunu ala bilmir


Bank Standard
Bank Standard

"Bank Standard"ın lisenziyası dörd ildir ləğv olunub, amma bu bankda əmanəti olanlar hələ də məhkəmə qapılarında qalıb.

Pərvin Məlikli 2015-ci ilin iyununda illik 9.5 faizlə banka 65 min dollar əmanət yatırıb. Bir il tamam olmamış - 2016-cı ilin aprelində əmanətçi ilə bank arasında yeni müqavilə imzalanıb. Razılaşmaya görə, əmanətin faiz dərəcəsi 3-ə endirilib. Əmanətçi bu yolla pulunu sığortalamaq istəyib. Çünki həmin razılaşmadan az əvvəl – martın 1-də Əmanətlərin Sığortalanması Fondu yeni qərar qəbul edib. Həmin qərara əsasən, xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsi 3 faizdən, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsi isə 12 faizdən çox olmamalıdır. Əgər xarici valyutada 3 faizdən, milli valyutada isə 12 faizdən yuxarıdırsa, bu əmanətlər Fond tərəfindən sığorta olunmur, kompensasiya ödənilmir.

Bu qərardan bir neçə ay sonra – 2016-cı ilin sentyabrında "Bank Standard"ın lisenziyası ləğv edilib. Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu P.Məliklinin pulunu qaytarmaqdan imtina edib. Əsas kimi isə bankla əmanətçi arasındakı ilkin müqaviləyə istinad edib. Həmin müqavilədə isə faiz dərəcəsi 9.5 olub. Bu halda avtomatik sığortalanmayan əmanət sayılır.

70 min dolların ödənməsi ilə bağlı qərar çıxarılıb

Əmanətçi isə bununla razılaşmayıb. P.Məlikli bildirib ki, sonradan imzalanmış müqavilə əsas götürülməlidir. O müqavilədə isə faiz dərəcəsi 3-dür.

Əmanətlərin Sığortalanması Fondu bu arqumentlə razılaşmadığına görə iş məhkəmə müstəvisinə çıxıb. P.Məlikli bir il ərzində əmanətinin üstünə də gəlmiş faizi hesablayaraq 70 min dollar əsas borc, 2016-cı ilin sentyabrında bankın lisenziyası ləğv olunandan bu yana 10 min 500 dollar faiz, mənəvi ziyana görə də 5 min manat kompensasiya tələb edib.

Bir il davam edən məhkəmə çəkişmələri bugünlərdə yekunlaşıb. Öncə Nəsimi Rayon Məhkəməsi P.Məliklinin mənəvi ziyan istisna olmaqla, həm əsas borc, həm də faiz tələbini təmin edib. Əmanətlərin Sığortalanması Fondunun üzərinə həmin məbləği ödəmək öhdəliyi qoyulub. Məhkəmənin qərarında yazılıb ki, əmanətçi ilə bank arasında imzalanmış sonuncu razılaşma əsas götürülməli, ona uyğun davranılmalıdır.

Fond qərardan narazı qalaraq apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi 10 min 500 dollar faiz hissəsində qərarı ləğv etsə də, 70 min dollar əsas borcun P.Məlikliyə ödənilməsi barədə yeni qətnamə çıxarılıb. Bu qərar da Fondu qane etməyib və Ali Məhkəməyə üz tutub. Ali Məhkəmə iyulun 16-da yekun nəticəni elan edərək Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Faizlə bağlı hissədə əmanətçiyə "yox" deyilməsi isə belə əsaslandırılıb: "Bankın lisenziyası alınıb, artıq bank fəaliyyətini həyata keçirmir. Belə olan halda depozit məbləğindən istifadə etməsi, ondan faydalanması və başqa əsasla istifadə etməsi, mənfəət əldə etməsi mümkün deyil. Ona görə də lisenziya alınandan sonrakı müddət üçün faizin hesablanması düzgün deyil".

XS
SM
MD
LG