Füzuli və ətraf rayonlarda fəaliyyət göstərən sığorta agenti Seymur Babayev Fövqəladə Hallar Nazirliyini (FHN) məhkəməyə verib. Sığorta agentliyi nazirliyi inhisarçılıqda ittiham edir.
Deyir ki, nazirlik “AzSığorta” ASC-yə himayədarlıq edir. Nəticədə digər sığorta şirkətləri və onların işçilərinin fəaliyyətinə imkan verilmir. S.Babayev FHN-ə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırıb.
Həmçinin o, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və İqtisadiyyat Nazirliyinin tabeliyindəki Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti-nin də üçüncü şəxs qismində bu prosesə cəlb olunmasını istəyib.
Sahibkarları məcbur edirlər ki...
S.Babayev iddia ərizəsində göstərib ki, Füzuli və ətraf rayonlarda sığorta fəaliyyətilə, o cümlədən daşınmaz əmlakın icbari qaydada sığortalanması işiylə məşğuldur. Bu fəaliyyətində FHN əməkdaşlarının təzyiqilə üzləşdiyini iddia edən S.Babayevin sözlərinə görə, bölgədə sahibkarları məcbur edirlər ki, ancaq “AzSığorta” şirkətilə müqavilə bağlasınlar. Başqa sığorta şirkətilə işləyəcəkləri halda, FHN tərəfindən bir bəhanə ilə cərimələnəcəkləri barədə xəbərdar edilirlər.
S.Babayev deyir ki, FHN işçiləri “AzSığorta” şirkətinin nazirliyə yaxın olduğunu açıq şəkildə bildirirlər. Şikayətçi sığorta agenti “İcbari sığortalar haqqında” qanun-u yada salır. Qanunun 5.3-cü maddəsində yazılıb ki, sığortalılar sığorta müqaviləsi bağlamaq üçün icazəsi olan istənilən sığortaçını seçməkdə sərbəstdirlər.
“Füzuli və ətraf rayonlarda daşınmaz əmlakların yalnız “AzSığorta” ASC-də sığortalanması və təbliğ edilməsi (inhisarçılığın) işinin dayandırılması öhdəliyi Fövqəladə Hallar Nazirliyinin üzərinə qoyulsun”, - iddia ərizəsində S.Babayevin tələbi belədir. O, eyni zamanda nazirliyə də eyni məzmunlu şikayət məktubu göndərib.
FHN-dən rəsmi yazılı açıqlama tələb olunur
Bakı İnzibati Məhkəməsi S.Babayevin iddiasını icraata götürüb. Məhkəmədən AzadlıqRadiosu-na bildirilib ki, işə baxan hakim Rüstəm Kərimli bu məsələ ilə əlaqədar sərəncam qəbul edərək, FHN-ə göndərib. Nazirlikdən bu iddia ilə əlaqədar rəsmi yazılı açıqlama verməsi tələb olunub. Məhkəmə prosesi davam edir.
“Azsığorta” şirkəti 2006-cı ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 20,3 milyon manatdır. Şirkət 2019-cu ilə qədər “Gilan Holding”ə daxil idi. Hazırda isə şirkətin 100 faiz səhmdarı Hikmət Abuzər oğlu İsmayılovdur. H.İsmayılov isə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. H.İsmayılov 2019-cu ilə qədər “Gilan Holding”ə daxil olan “AFB Bank”ın da hazırda rəhbəridir. “AFB Bank” ASC-nin səhmlərinin 99.64 faizi H.İsmayılova məxsusdur. O həmçinin “Bank of Baku” ASC-nin 31,11 faizlik səhmdarıdır.