ABŞ-da 30-dan artıq ştatın baş prokuroru hökumətə müraciət edib ki, digər şirkətlərin remdesivir hazırlamasına icazə versin, dərmanı daha ucuz qiymətə əldə etmək mümkün olsun. Gilead Sciences şirkətinin hazırladığı, COVID-19 xəstəliyinin müalicəsində istifadə olunan remdesivir koronaviruslu xəstələrin vəziyyətinə köməyi dəyən iki dərmandan biridir.
“Gilead pandemiyadan qazanc götürməməlidir, adamlara kömək üçün daha çox iş görməlidir”, – məktubda deyilir.
Gənclər arasında yoluxma artır
Bu şirkət ABŞ-da xəstələrdən bir kurs müalicəyə 3 min 120 dollar, bir ampula remdesivir üçün 520 dollar alır.
ABŞ hökuməti dərmanın hazırlanmasına maliyyə dəstəyi göstərib və iyunda Gilead ilə 500 min kursdan artıq müalicə üçün saziş imzalayıb. Bu, şirkətin sentyabradək istehsalının böyük hissəsi deməkdir. Dərman az tapılır, xəstəxana işçiləri, siyasətçilər onun tapılmamasından şikayətlənirlər.
“Reuters” yazır ki, hazırda dünyada yoluxma sayında üstünlük gecə klublarından vurub çimərliklərdən çıxan gənclərə keçir. Beş ay ərzində 15-24 yaşlılar arasında yoluxma 4,5 faizdən 15 faizə yüksəlib, yəni 3 dəfə artıb. Məlumatı Dünya Səhiyyə Təşkilatı açıqlayıb.
“Bunu əvvəl də demişik, yenə deyəcəyik: gənclər məğlubedilməz deyil. Gənclər də yoluxa bilər; gənclər də ölə bilər; gənclər virusu başqalarına keçirə bilərlər”, – DST rəhbəri Tedros Adhanom Ghebreyesus Cenevrədə brifinqdə deyib.
Rusiyanın “Gazeta.ru” portalı isə sərhədlər açılandan sonra Türkiyədə kurortlarda koronavirusa yoluxmaların kəskin artdığını yazır. Turistlərin sözlərinə görə, indi istirahət tamamilə başqa cür görünür: onların temperaturunu daim ölçürlər, “İsveç masası”na yaxınlaşmağı yasaqlayırlar və kondisionerləri söndürürlər. Türkiyədə istirahəti seçənlər animatorlar, diskotekalar, SPA haqda düşünməməlidirlər.
Türkiyə otellərində fərqli mənzərə
Türkiyənin Səhiyyə naziri Fahrettin Koca Twitter-də yazıb ki, “uzun müddətdən bəri ilk dəfə olaraq yoluxma sayında ciddi artım görürük”. Nazirin sözlərinə görə, Türkiyə yoluxmaların daha da artmaması üçün əlindən gələni əsirgəmir.
Avqustun 4-də Türkiyədə 1083 yeni yoluxma aşkarlanıb, 18 nəfər vəfat edib, 994 nəfər sağalıb.
Rusiya avqustun 1-dən Türkiyəylə hava əlaqəsini bərpa edib. İlk təyyarələr Ankara və İstanbula uçub. Avqustun 10-dan Antalya, Bodrum və Dalamana reyslər başlanır.
Marmarisə istirahətə getmiş Svetlana Mnishenko qəzetə deyib ki, illərdir Türkiyədə dincəlirlər deyə indiki dönəmi əvvəlki illərlə müqayisə edə bilirlər. Onun sözlərinə görə, artıq yemək vaxtları elə də komfortlu deyil. “Yeməyi personal paylayır və əməlli növbələr yaranır”, – o deyib.
Antalyada istirahətə gedənlər də ənənəvi İsveç masasının artıq olmadığını deyib.
“Maska və əlcək taxmış ofisiantlar hər kəsə porsiyalar paylayır. İstirahət edənlərin sayını nəzərə alsaq, növbələrdə məsafə gözləməkdən söhbət gedə bilməz. Bundan başqa nə qədər yemək istədiyini heç də həmişə anlamırlar. Hələlik, buna öyrəşilməyib, rahat deyil”, – Yelena Salyutseva qəzetə danışıb.
Turistlər bəzi otellərdə əvvəlki illərdən fərqli olaraq yeməkdə rəngarənglik olmadığını deyir, bunu turist sayı ilə bağlayırlar. Məsələn, Kəmərdə dincələn Mariya Lapteva qaldığı oteldə heç 100 nəfər olmadığını söyləyib.