Birləşmiş Ştatlarda son üç ayda ilk dəfə olaraq COVID-19-dan bir günə 2 mindən artıq xəstə dünyasını dəyişib.
Dünya üzrə təsdiqlənən yoluxma sayı 19 milyonu keçib, ölü sayı 715 minə yaxınlaşır.
Avqustun 6-da ABŞ-da koronavirusdan 2 min 60 nəfərin öldüyü, 58 mindən artıq yeni yoluxmanın təsdiqləndiyi açıqlanıb. Sonuncu dəfə mayın 7-də Birləşmiş Ştatlarda 2 mindən çox ölüm qeydə alınmışdı.
Latın Amerikası, Afrika
Braziliyada 53 mindən artıq yeni yoluxma, 1200-dən çox ölüm təsdiqlənib. Bu ölkədə virusdan ölənlərin sayı 100 minə yaxınlaşır.
Meksikada avqustun 6-da koronavirusdan ölənlərin sayı 50 mini keçib. Səhiyyə Nazirliyi 6 min 500-dən artıq yeni yoluxmanın təsdiqləndiyini bildirib.
Bu arada Avropa ölkələrində ikinci dalğa qorxusu yarandığından yeni səyahət qadağaları tətbiq olunur.
Afrikada avqustun 6-da təsdiqlənmiş yoluxma sayı 1 milyonu keçib. Onların yarıdan çoxu Cənubi Afrikada qeydə alınıb. Bu ölkədə ölü sayı 10 minə yaxınlaşır.
Avqustun 8-dən Almaniya risk zonalarından səyahətçilər üçün məcburi testlər tətbiq edəcək. Yeni yoluxma halları məhz yay tətilindən qayıdanlarla əlaqələndirilir.
Avstriya İspaniyaya səyahətlə bağlı xəbərdarlıq edəcəyini deyir.
Finlandiya vəziyyəti “həddən artıq həssas” adlandıraraq Belçika, Niderland və Andorra daxil olmaqla bir sıra AB ölkələrindən gələnlər üçün nəzarət qaydaları tətbiq edib. Britaniya isə Belçika, Andorra və Baham adalarından gedənləri karantinə alır.
Avqustun 6-da Birləşmiş Ştatlar xarici səyahətlərlə bağlı ümumi xəbərdarlığını ləğv edib, spesifik ölkələr üzrə səyahət tövsiyəsindən ötrü Dövlət Departamentinə müraciət etməyi məsləhət görür.