Nazirlər Kabineti yanında Operativ Qərargah karantinin sərtləşdirildiyi yerlərdə bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilməsi haqqında qərar qəbul edib.
Qurum bu barədə qərarını bugün, avqustun 7-də açıqlayıb.
Qərar COVID-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi fəallığın gücləndirilməsi zərurəti ilə izah edilir.
Qərara əsasən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində bu il avqustun 10-u saat 00:00-dan etibarən fəaliyyətinə icazə verilən sahələrin siyahısına aşağıdakılar əlavə edilir:
- Açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi;
- Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti;
- maşın və avadanlıqların istehsalı
Siyahıda elektrik avadanlıqlarının, kompüter, elektron, optik məhsulların, avtomobil, qoşqu və poliqrafiya məhsullarının istehsalı da yer alır.
Habelə, zərgərlik məmulatlarının, musiqi alətlərinin, idman mallarının, geyim, toxuculuq sənayesi, ayaqqabı, dəri və tütün məmulatlarının istehsalı da bu sıraya aid edilir.
Eyni zamanda, bir sıra sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən məhdudiyyətlər də ləğv edilir.
Karantinin sərtləşdiyi yerlərə giriş-çıxış…
Karantinin sərtləşdirildiyi yerlərə aşağıdakı şəxslərin giriş-çıxış məsələsi aşağıdakı qaydada həyata keçirilir:
- Yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə alınan icazə əsasında;
- Təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar həkim tərəfindən verilən arayış əsasında”
Həmçinin, beynəlxalq, ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslər biletləri, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin isə yaşadıqları və ya olduqları yerə gəlməsinə onların pasportuna vurulmuş ştamp əsasında icazə verilir.
Xatırlatma
COVİD-19 pandemiyası ilə bağlı bu il martın 24-dən Azərbaycanda karantin rejimi elan edilib.
Karantin avqustun 31-nə kimi uazadılıb. Gündəlik yoluxmada azalma olduğundan rejim aprelin 27-dən mərhələlərlə yumşaldılmışdı.
Amma bu əks-proses doğurduğundan iyunun 21-dən Bakı və ölkənin bir çox yerlərində karantin yenidən sərtləşdirildi. Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində çalışanlardan başqaları küçəyə çıxarkən yenidən SMS-lə icazə almalı olurdular.
Avqustun 5-dən sərt karantin rejimi bir qədər yumşaldılıb. SMS-lə icazə yenidən ləğv edilib, çimərliklər açılıb.
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.
Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.
Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 19 milyon 385 mindən çox şəxsin yoluxduğu bildirilir.Onlardan da artıq 720 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.
Azərbaycanda isə indiyə kimi 33 min 376 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 483 nəfərin vəfat etdiyi açıqlanıb.