Birləşmiş Ştatlar adekvat test proqramı olmadığı üçün koronavirus pandemiyasının cilovlanmasında dünyadan geri qaldı. Bunu “Microsoft” şirkətinin qurucusu Bill Gates deyir.
Avqustun 9-da CNN televiziyası Gates-in müsahibəsini yayıb.
Bu arada ABŞ-da koronavirusa 5 milyondan çox yoluxma halı təsdiqlənib. Pandemiya ən çox bu ölkəyə ziyan vurub, səngimə əlamətləri də görünmür.
Şirkətlər qarşısında tələb qoyulsun
“Birləşmiş Ştatların ilkin mərhələdə atdığı çeşidli yanlış addımlar, daha sonra siyasi mühit testlərin aparılmasına imkan vermədi”, – deyən Gates onu da əlavə edib ki, ABŞ-ın tətbiq etdiyi səyahət qadağasının xeyri yoxdur və mövcud karantinlərə “digər ölkələrdən daha az sədaqətlə” əməl edilib.
Prezident Donald Trump isə ölkənin test sistemini müdafiə edir, yoluxma sayının artmasını xeyli sayda testin aparılması ilə izah edir.
Avqustun 9-da ABŞ-da 47 mindən çox gündəlik yoluxma, 532 ölüm halı qeydə alınıb. Ölkədə yeni koronavirusdan indiyədək 162 mindən çox ölən olub.
İyunun ortasından yeni yoluxmalar artdığından bir sıra ştatlar biznesin təkrar açılması qərarlarına yenidən baxır, prosesi dayandırırlar.
Avstraliya, Pakistan
Bir sıra ölkələrdə də yoluxma və ölüm halları artmaqdadır. Avstraliyanın Viktoriya əyalətində avqustun 10-da bir günə 19 ölüm halının baş verdiyi açıqlanıb. Ölkənin baş naziri Scott Morrison deyib ki, daxili sərhədlərin Miladdan öncə açılacağı real görünmür.
Pakistanda son bir ayda yoluxmalarda tədrici azalma qeydə alındığından avqustun 10-dan digər qadağaların da ləğvi gözlənir. İndiyədək bu ölkədə 280 mindən çox yoluxma, 6 mindən çox ölüm qeydə alınıb. Müşahidəçilər testlərin məhdud sayda aparıldığını, real rəqəmin daha yüksək ola biləcəyini deyirlər.
Dünya üzrə yeni koronavirusdan ölü sayı 731 mini keçib. Bu virus ötən ilin dekabrında Çində peyda olub.
Qlobal təsdiqlənmiş yoluxmalar isə 20 milyona yaxınlaşır. Bir sıra səhiyyə ekspertlərinin fikrincə, bu rəqəm real yoluxmaların yalnız kiçicik bir hissəsidir.