Bu günlərdə sosial mediada yayılan işgəncə fotoları bu problemi yenidən gündəmə gətirib. İnsanların çılpaq vəziyyətdə üzüstə uzadıldığını, əlləri bağlı şəkildə ayaqlarının dəmirdən asıldığını əks etdirən fotolardakı işgəncələrin Azərbaycandakı polis orqanlarında baş verdiyi iddia olunur. Amma Daxili İşlər Nazirliyi həmin fotoların Azərbaycanda yox, başqa ölkədə çəkildiyini bildirir.
Fotolardan birində kabinetdə seyfin üstündə Azərbaycanın bayrağı və Azərbaycan Daxili İşlər Nazirliyinin gerbinin olduğu görünür. Bu arqumentə isə nazirliyin cavabı belə olub: “Azərbaycan bayrağını dünyanın istənilən bir yerində harasa qoyub onun şəklini çəkmək mümkündür”.
Vaxtilə həbsdə olmuş ictimai-siyasi fəallar AzadlıqRadiosu-na müxtəlif formalarda işgəncəyə məruz qalmaları haqda danışıblar.
“14 gün mənə həm fiziki, həm mənəvi işgəncə verdilər”
Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov deyir ki, 2015-ci ildə həbs olunanda Sabunçu rayon Polis İdarəsində və Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində dəyənəklə döyülməkdən tutmuş, bədəninə elektrik cərəyanı verilməsinə qədər günlərlə işgəncəyə məruz qalıb:
“Məni 5 noyabrda tutub, 30 sutka inzibati həbs cəzası vermişdilər. Bu ittiham saxta idi. Onda Sabunçu rayon Polis İdarəsində döyməklə kifayətlənmədilər, əllərindəki elektroşok aparatı vasitəsilə müxtəlif orqanlarımıza elektrik cərəyanı verdilər. Elə bir vəziyyət idi ki, adamın gücü ancaq qandallı əllərlə üz-gözünü tutmağa çatırdı...”
Noyabrın 26-da Nardaranda ikisi polis olmaqla, 6 nəfərin ölümü, Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və digərlərinin həbsilə nəticələnən əməliyyatdan sonra həmin vaxt təcridxanada olan E.Qasımov və digərləri digərləri haqqında cinayət işi başlanıb. E.Qasımovun sözlərinə görə, prokurorluqda cinayət işin başlanması, məhkəmədə həbs-qətimkan tədbiri qərarlarından sonra onu Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasına köçürüblər. İki gün orada saxlandıqdan sonra isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriblər:
“14 gün orada həm fiziki, həm də mənəvi işgəncə verdilər. Həm ayrıca işgəncə otaqlarında, həm də kabinetlərdə. Əməliyyatçılardan əlavə, bəzən şöbə rəisləri, müavinləri də işgəncə verirdi. “Bandotdel”də başı qotazlı, tikanlı dəyənək vardı, onunla başımıza, bədənimizin harasına gəldi, vururdular. Özü də əllərim qandallı vəziyyətdə. Nardaran hadisəsindən sonra evlərə silah-sursat qoyub-çıxarırdılar. Terror, dövlət çevrilişi ittihamlarına əsas yaratmaq üçün silahla bağlı etiraf ifadəsinə görə mənə günlərlə işgəncə verdilər. Axırda yaxınlarımızla hədələdilər”.
E.Qasımovun sözlərinə görə, məruz qaldığı işgəncələrdən sonra səhhətində ciddi problemlər yaranıb. Onun sözlərinə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlandığı müddətdə ona yemək verilsə də, ağrılardan və stressdən heç nə yeyə bilməyib. Nəticədə mədə-bağırsaq sistemi sıradan çıxıb: “Stressdən orqanizmdə müxtəlif cür fəsadlar olur”.
“Otaqda hamı məni vururdu – biri təpiklə, biri dəyənəklə...”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP) üzvü Murad Ədilov deyir ki, 2014-cü
ilin avqustunda Sabirabad rayon Polis Şöbəsində saatlarla döyülüb. Onun sözlərinə görə, polis rəisinin müavini açıq şəkildə deyib ki, hazırda Fransada yaşayan qardaşı Natiq Ədilovun jurnalist fəaliyyətinə görə cəzalandırılır, həbsinə göstəriş var. Ona görə də təklif olunub ki, sakitcə narkotikin ona məxsus olması barədə ifadəni imzalasın. Amma razılaşmayıb:
“Rəis müavininin otağında tək idim, dedi ki, “tapşırıq “yuxarıdan” gəlib, gedəcəksən, mənlik heç nə yoxdur. Sənə də ona görə deyirəm ki, yazığım gəlir, qol çəkməsən, döyəcəklər, böyrəyin, ciyərin dağılacaq”. Razılaşmadım”.
M.Ədilovun sözlərinə görə, onu həbs edənlər arasında Bakıdan gələn mülki geyimdə polislər də olub, Sabirabad RPŞ-nin əməkdaşları da.
Rəis müavininin təklifinə “yox” deyəndə o çıxıb, əvəzinə Bakıdan gələn mülki geyimlilərdən biri otağa daxil olub:
“Bildim ki, döyməyə gəlib. Əlim də qandallı idi. Mədə nahiyəmdən bir yumruq vurdu, yıxılmadım. Bu zaman otağa iki nəfər serjant daxil oldu. Mühafizədə işlədiyim vaxtdan onları tanıyırdım - biri Sabirabadın Suqovuşan kəndindən idi, o biri Saatlıdan. Suqovuşandan olan dedi ki, özünü döydürmə, imzala. Razılaşmadım. Bunlar da qoşuldular, məni yerə yıxıb, biri başımdan, biri ayaqlarımdan tutub, üçüncüsü də dəyənəklə döyürdü. Mənim də gücüm ancaq qışqırmağa, söyməyə çatırdı. Mülki geyimdə olan serjanta dedi ki, “sən yavaş vurursan”. Aldı ondan dəyənəyi, başladı özü vurmağa...”
M.Ədilov danışır ki, onu kiçik fasilələrlə 1 saata yaxın belə döyüb, sonra dayanıblar. Əlləri qandallı vəziyyətdə kabinetdə oturduğu vaxt otağa onun həbs olunduğu əməliyyata rəhbərlik etmiş Elman Tərlanov daxil olub: “Dəyənəyi aldı, bu dəfə yerə yıxmaq olmadı, elə oturduğum yerdə haramdan gəldi vurmağa başladı - baş, ayaq, qol... Vura-vura söyürdü ki, sən necə qol çəkmirsən? O birilər də buna qoşuldular. Otaqda hamı vururdu. Təpiklə vuran kim, şillələyən kim, dəyənəklə vuran kim... Təxminən bir saat da belə davam elədi. Yenə qol çəkmədim”.
AXCP üzvünün sözlərinə görə, onu Bakıya - Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriblər. Burada saxlandığı beş gün ərzində isə onu döyməyiblər. Deyir ki, əksinə, bədənindəki qançırların üstünə krem vururdular ki, tez sağalsın:
“Gətirəndə qandalı elə bağlamışdılar ki, əllərimi kəsmişdi, qanı tökülürdü. Dabanlarım dəyənək zərbələrindən partlamışdı, ayaqlarımı yerə qoya bilmirdim. Burada məni döymədilər. Yay idi, dəhşətli isti vardı. Məni çıxarıb, hamamda çimməyə imkan verirdilər, sonra yaralara krem sürtürdülər. Orada müstəntiq gəldi, yenə istədiyi ifadəni verməyəndə hədələdi ki, bura “banditizmdi”. Dedim, öldürsəniz də şər-böhtana qol çəkməyəcəm”.
“Hakim dedi ki, səni yaxşı eləyib döyublər”
M.Ədilov əlavə edib ki, barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün Nərimanov rayon Məhkəməsində onun işinə baxılanda hakim Rəşad Abdulova işgəncəyə məruz qaldığını deyib. Amma hakim araşdırma aparmaqdan imtina edib:
“Hakim dedi ki, səni yaxşı eləyib döyublər, bu dövləti dağıtmaq istəyirsiz? Deyirəm, nə dövlət, kim dağıtmaq istəyir? Dedi ki, get, ağıllanarsan. İkinci dəfə həbs müddətimi uzadanda da o idi, məhkəmədə söydüm onu...”
R.Abdulov sonradan Bakı Apellyasiya Məhkəməsinə hakim təyin edilib. M.Ədilov həbsdə olarkən onun vaxtından əvvəl buraxılması barədə şikayətinə bu instansiyada da o baxıb: “Şikayətimə özümün də xəbərim olmadan baxıb, yenə əleyhimə qərar çıxarmışdı”.
Abdulovdan bu deyilənlərə münasibət almaq mümkün olmayıb.
Həm E.Qasımov, həm də M.Ədilov 2019-cu ilin martında Prezidentin əfv sərəncamıyla azadlığa buraxılıb. Onların hər ikisi işgəncəyə məruz qalmasıyla əlaqədar ölkə daxilində prokurorluğa, məhkəmələrə şikayət edib. Amma onlara işgəncə iddilarının təsdiqini tapmadığı cavabı gəlib. Hər ikisinin işgəncə şikayəti hazırda Avropa İnsan Haqları Məhkəməsinin icraatındadır.
Beynəlxalq və yerli insan haqları təşkilatları Azərbaycanda təməl hüquqların təmin edilmədiyini bildirir. Ölkə hakimiyyəti isə bu tənqidləri qərəzli sayır.
Bu ilin martında ABŞ Dövlət Departamentinin insan haqlarına dair illik hesabatında deyilirdi ki, Azərbaycanda saxlananlara və məhbuslara qarşı işgəncələrdən istifadə davam edir. İşgəncə vasitəsi kimi elektroşokdan geniş istifadə edildiyi, işgəncə verənlərin cəzasız qaldıqları da bildirilirdi.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi Ehsan Zahidov isə bu deyilənlərin reallığı əks etdirmədiyini, əksinə, hesabatı hazırlayan ölkənin özündə bənzər halların baş verdiyini vurğulayıb.