Çinin şimal-qərbindəki Sintzyan regionunda saxlama mərkəzləri şəbəkəsi düşünüldüyündən daha genişdir və son illər genişləndirilib. Bu araşdırmanı Avstraliyanın beyin mərkəzi sentyabrın 24-də açıqlanıb.
Çinin 1 milyondan çox uyğuru və digər müsəlman etnik türk azlıqları saxladığı güman olunan düşərgələr əvvəlki hesablamalardan 40 faizə qədər böyükdür və Çinin uyğurların çoxunu buraxdığını iddia etməsinə baxmayaraq şəbəkə daha da böyüyüb. Araşdırmanı Avstraliya Strateji Siyasət İnstitutu (ASSİ) aparıb.
Uyğurlar Sintzyanda ən böyük türkdilli icmadır, onlardan sonra qazaxlar gəlir. 2017-ci ildən Çində uyğurlar və digər müsəlman etnik qrup üzvləri saxlanaraq əmək düşərgələrinə oxşar mərkəzlərə yerləşdirilir.
Həmin düşərgələrdə işgəncə, zorlama və digər pis rəftar formalarına yol verildiyi bildirilir.
Təhlükəsizliyə görə 4 qrup
ASSİ peyk təsvirləri, şahid ifadələri, media məlumatları, rəsmi tikinti tender sənədlərinə əsasən Sintzyanda 380-dən çox “şübhəli saxlama düşərgəsi” müəyyənləşdirdiyini qeyd edir.
“2019-cu ilin iyulundan 2020-ci ilin iyulunadək azı 61 saxlama mərkəzində yeni tikinti və genişlənmə işi aparılıb”, – yazan ASSİ bu il daha 14 düşərgənin tikilməkdə olduğunu vurğulayır.
ASSİ 380 düşərgəni təhlükəsizlik səviyyəsinə görə 4 qrupa bölüb. 1 və 2-ci qruplara salınanlarda nisbətən zəif təhlükəsizlik tədbirləri görülür, əsasən siyasi təlimə diqqət ayrılır. 3 və 4-cü qruplarda yer alanlar isə daha çox həbsxanaya bənzər obyektlərdir.
1 və 2-ci qruplardakı 70-dək obyektin hasarlar götürülüb, bu da onların dəyişdirildiyi, yaxud bağlandığı anlamına gələ bilər. Ancaq “həbsxanaya oxşar” obyektlərdə isə ciddi yenidən tikinti və genişlənmə işi aparılıb, tədqiqatçılar bildirirlər.
ABŞ konqresmenləri bu yaxınlarda Sintzyandan idxalın qadağan olunmasına səs veriblər, buna sistematik məcburi əməkdən istifadəni əsas gətiriblər.
Çin isə Sintzyanda apardığı siyasəti müdafiə edir, təlim proqramlarının, iş qrafikinin, daha yaxşı təhsilin həyat səviyyəsini yaxşılaşdırdığını iddia edir.
Pekin təlim mərkəzləri adlandırdığı düşərgələrin isə ekstremizmin kökünü kəsdiyini iddia edir.