Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIRPI) araşdırmaçısı Piter Vezeman deyir ki, Ermənistanla müqayisədə Azərbaycan hərbi sahəyə daha çox investisiya qoyub. O əlavə edir ki, Azərbaycan o cümlədən, pilotsuz uçan aparat - dron baxımından daha güclüdür: "Aydın məsələdir ki, Azərbaycan dronlara Ermənistandan əhəmiyyətli dərəcədə daha çox investisiya qoyub. Buna heç şübhə yoxdur. Bura həmçinin, kamikadze və hədəflərə dəqiq raket buraxan dronlar da daxildir".
Bununla belə, P.Vezeman deyir ki, həm Azərbaycan, həm də Ermənistan bir-birinin ərazisini bütün ölkə boyu hədəfə almaq iqtidarındadır: "Nə Azərbaycanın, nə də Ermənistanın ərazisi böyükdür. Bir-birini vurmaq üçün uzaqmənzilli raketlər tələb olunmur. Ermənistanın 300 km ərazini vurmaq gücündə olan "İsgəndər"i var və bununla hətta Bakını da vura bilər. O cümlədən, Ermənistanın kiçikmənzilli raketləri var ki, bununla da Azərbaycanın dərinliklərini vura bilər".
Bununla belə, P.Vezeman bildirir ki, tərəflərin silahlarını müqayisə etmək yaxşı təcrübə deyil və dövlətlərdə elə rəy yarada bilər ki, münaqişənin həlli müharibə yolu ilə mümkündür: "Əgər bu, sadəcə, hərbi yolla ediləcəksə, sonradan qarşı tərəf də silahlanacaq və situasiyanı dəyişməyə çalışacaq. Bu, münaqişənin həlli demək olmayacaq. Əksinə, tərəflərin uzunmüddətli perspektivdə daha çox əziyyət çəkməsinə səbəb olacaq".
Rəsmi Bakı isə bildirir ki, 30 ilə yaxındır ki, Azərbaycan beynəlxalq vasitəçilərin köməyi ilə Qarabağı sülh yolu ilə qaytarmaq istəyir, amma Ermənistan tərəfi bunu etmir.
Son günlər Ermənistanın baş naziri ermənilərin nəzarətində olan Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakını istəmişdi, Azərbaycan buna etiraz etmişdi.
Sentyabrın 27-dən tərəflər arasında döyüşlər başlayıb, Ermənistan tərəfi Dağlıq Qarabağda Xankəndinin, Bakı isə Gəncə, Tərtər kimi böyük şəhərlərin raket atəşinə məruz qaldığını deyir.