Facebook qlobal media platforması şirkəti rəsmi saytında sentyabr və oktyabr aylarının ilk günlərində dünya boyunca blokladığı saxta hesab şəbəkələri barədə hesabatı dərc edib.
Facebook-un “əlaqələndirilmiş saxta davranışa” (coordinated inauthentic behavior) aid hesabatında söhbət ilk növbədə müxtəlif ölkələrdə siyasətçilərə və siyasi partiyalara bağlı məqsədli şəbəkələrdən gedir.
Hesabatda saxta və ya məqsədli yaradılmış hesablardan ibarət 10 şəbəkədən bəhs olunur.
Qeyd olunur ki, belə şəbəkələrə daxil saxta hesablar adamları öz kimlikləri, habelə fəaliyyətləri barədə saxta məlumatlara inandırmağa çalışır.
Facebook bildirir ki, onun belə hesablara qarşı mübarizəsində başlıca diqqət yayılan məlumatdan daha çox onların məqsəd və davranışlarına yönəldilir.
Hesabatda deyilir ki, hədəflənən şəbəkələrin təxminən yarısı ABŞ, Birma, Rusiya, Nigeriya, Filippin və Azərbaycandakı siyasi fərdlərə bağlı qrup və şəxslərlə əlaqəlidir.
Facebook qeyd edir ki, belə şəbəkələrin aldadıcı kampaniyaları sağlam ictimai debatla manipulyasiya arasındakı sərhədləri aşındırır və buna görə də təhlükəlidir.
Saxta təsəvvürün yaradılması
Hesabatda qeyd olunur ki, məqbul siyasi təəssübkeşliyin müəyyənləşdirilməsi üçün geniş ictimai debatlara ehtiyac var.
Hesabatın Azərbaycana aid hissəsində deyilir ki, Facebook ölkəyə bağlı 589 hesab, 7906 səhifə və 447 Instagram hesabını “əlaqələndirilmiş saxta davranışa” görə bağlayıb.
Qeyd olunur ki, bu manipulyasiya əməliyyatının istifadə etdiyi saxta hesablar bundan əvvəl avtomatik sistemin köməyi ilə aşkarlanıb bloklanmışdı.
Bu da bildirilir ki, istifadəçi profilinə bənzədilən səhifələrdən əsasən hökumətyönlü materialların gücləndirilməsi və təbliğatı üçün istifadə olunurdu:
“Belə görünürdü ki, Azərbaycanda bu şəbəkəyə daxil hesablardan yeganə bir məqsəd – beynəlxalq və yerli mediaların, müxalifət və hakim Yeni Azərbaycan Partiyasına aid fiqurların səhifələrində dəstəkçi və ya tənqidi postların yazılması, bəzi baxışların geniş tənqid olunduğu və ya başqa baxışlara geniş dəstəyin olduğu təsəvvürünün yaradılması idi”.
İş günlərində və iş saatlarında
Hesabatda deyilir ki, belə postların adətən Azərbaycanda iş günlərində və iş saatlarında yazılması da diqqəti cəlb edib.
Sözü gedən şəbəkə, postları əksərən Azərbaycan, amma həm də rus və ingilis dillərində yazırdı.
Şərhlər əsasən yerli və regional xəbərlərə, siyasətə, hökumət siyasətinə, Ermənistan-Azərbaycan münaqişəsinə, prezident İlham Əliyevin və Yeni Azərbaycan Partiyasının təriflənməsinə, müxalifət liderlərinin tənqidinə, onların satqınlıqda ittiham olunmasına həsr edilmişdi.
Hesabatda qeyd olunur ki, sözü gedən bir və daha çox səhifələr 33 min hesab tərəfindən izlənilirdi.
Bağlanmış Instagram hesablarının isə 242 min 500 izləyicisi vardı.
Bu səhifələrdə Facebook reklamlarına 6600 dollar xərclənmişdi.
Prezidentin tərifi
Hesabatda saxta hesabların şərh “yazdıqları” səhifələrdən nümunələr də verilib.
Məsələn, AzadlıqRadiosunda dərc edilmiş bir yazıda Asiya İnkişaf Bankının proqnozuna görə Azərbaycanda ÜDM-ın 4.8-5 faiz azalacağından söhbət gedirdi.
Bu məqaləyə yazılan şərhlərdə Azrbaycan iqtisadiyyatının pandemiya və düşən neft qiymətlərinə baxmayaraq inkişaf edəcəyindən və “prezident İlham Əliyevin dediyi kimi” heç bir sosial layihənin təxirə salınmayacağından, iqtisadiyyatın 7 ayda 2.8 faiz geriləməsinə baxmayaraq, bunun bir çox ölkələrin göstəricilərindən daha yaxşı olmasından bəhs edilirdi.
Şərhlərdən birində deyilirdi ki, “Azərbaycanın güclü iqtisadiyyatı var və virus iqtisadi inkişafa çox az mane ola bilib…Almaniya kimi ölkələrdə geriləmə faizi daha yüksəkdir” və sair.
Misal gətirilən səhifələrdən biri də YAP Gənclər İttifaqına aiddir.
Bu səhifədə “Prezidentin Diqlas barədə sərəncamı: Sahibkarlara kompensiya veriləcək” xəbərinə belə bir şərh yazılmışdı:
“Liderimiz bir daha adamların kimə inanmalı olduqlarını və onların problemlərinin kimin həll edə biləcəyini nümayiş etdirdi”.