Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 20:05

Avropa nazirləri Rusiyaya qarşı yeni sanksiya təklifinə dəstək veriblər


Aleksey Navalnı
Aleksey Navalnı

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Rusiya müxalifət fəalı Aleksey Navalnının zəhərlənməsi ilə bağlı Moskvaya qarşı sanksiyaların qoyulmasına dair Fransa və Almaniyanın təklifini dəstəkləyiblər.

Bu barədə məlumatı Finlandiyanın xarici işlər naziri Pekka Haavisto verib:

“Fransa və Almaniyanın sanksiyalara dair təklifinə siyasi dəstək verilib. Sanksiyaların hazırlanması ilə Avropa İttifaqının işçi qrupları məşğul olacaq”.

Onun sözlərinə görə söhbət fərdi sanksiyalardan gedir.

Fransa və Almaniya Navalnıya görə sanksiya təşəbbüsü ilə çıxış edəcəklərini ötən həftə bəyan etmişdilər.

Paris və Berlin bildiriblər ki, Navalnının qanında Noviçok adlı hərbi təyinatlı zəhərin olması Kimyəvi Silahların Qadağanı Təşkilatı tərəfindən təsdiq edilib, amma Rusiya bu hadisə barədə inandırıcı izahat verməyib.

Putin administrasiyasından 9 nəfər

Le Monde qəzetinin yazdığına görə Fransa və Almaniya tərəfindən hazırlanmış sanksiya siyahısına Rusiya prezidenti Vladimir Putinin administrasiyasından 9 nəfərin daxil edilib.

Qəzet bunu da xəbər verir ki, sanksiya siyahısında sovet zəmanəsində Noviçok zəhərini yaratmış Rusiya Dövlət Üzvi Kimya və Texnologiya elmi-tədqiqat institutunun da adı var.

Aleksey Navalnı avqustun 20-də Tomskdan Moskvaya uçarkən təyyarədə özünü pis hiss edib.

Təyyarə təcili qaydada Omsk şəhərinin hava limanında endirilib. Müxalifətçi yerli xəstəxanada artıq komaya düşmüşdü.

Avqustun 22-də tərəfdaşlarının və ailəsinin təkidi ilə Navalnı Almaniyaya təxliyə edilib və Charite xəstəxanasında müalicə olunub.

Aleksey Navalnı sağlıq durumu yaxşılaşdıqdan sonra verdiyi bir neçə müsahibədə niyyətinin Rusiyaya qayıtmaq və siyasi mübarizəsini davam etdirmək olduğunu bildirmişdi.

XS
SM
MD
LG