Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 07:16

Müharibə əleyhinə film varmı


"Saving Private Ryan" filmindən kadr
"Saving Private Ryan" filmindən kadr

Müharibə əleyhinə filmlər daim müzakirə və mübahisə mövzusu olub. Mərhum fransız kinorejissoru Fransua Trüffo deyirdi: "Müharibə əleyhinə film adlı bir şey yoxdur".

BBC yazır ki, kino münaqişənin dəhşətlərini göstərmək üçün adekvat vasitə olmaya bilər. Holokostu yaşamış Eli Vizel deyib ki, Ausşvits o qədər unikal dəhşətli fenomendir ki, heç bir vasitə onu təsvir etməyə yaxın belə gələ bilməz və … kino onu triviallaşdıra bilər.

Ancaq bununla yanaşı, nə qədər çətin olsa da, öz enerjisini bu işə ayıran kinorejissorların sayı az deyil.

"O, istənilən yaxşı sənədli film kimi hər iki tərəfi göstərməlidir. Müharibə yalnız qalib tərəf üçün milli faciədir, yoxsa müharibə hamı üçün dəhşətlidir? Əgər film hər iki tərəfi göstərirsə, məncə [bunun müəyyən qədər mənası var]", – Nyu-York Universitetinin kino professoru Şeril Antonio BBC-yə deyib.

Ancaq çox zaman müharibə əleyhinə filmlər çəkən rejissorlar bu filmlərin auditoriyaya təsirinin nəzərdə tutulduğundan çox fərqli olduğunu görürlər.

Səfərbərlik filmi, yoxsa...

Stenli Kubrikin 1987-ci ildə əvvəlcə ABŞ-da təlim görən, daha sonra Vyetnamda döyüşən dəniz piyadaları haqda çəkdiyi "Full Metal Jacket" filmi bu janrda çəkilmiş ən yaxşı filmlərdən sayılır. Film hərb maşınının insan sifətindən çıxarıb qatil səviyyəsinə endirdiyi əsgərlərdən bəhs edir. Professor Antonio bu filmdə müharibəyə getməyi seçən əsgərlərin eyni zamanda qurbana çevrilməsini xüsusi vurğulayır.

Ancaq bu filmi heç də hamı eyni cür görmür. Mərhum amerikalı kinorejissor Semyuel Fuller "Full Metal Jacket" filmini görəndə çığırıb ki, "bu ki daha bir lənətə gəlmiş səfərbərlik filmidir". Fuller hesab edirdi ki, Kubrikin filminə baxmağa gedən yeniyetmə oğlanlar bu filmin təsirinə düşüb müharibədə döyüşmək ideyasını bəyənə bilərlər.

Stiven Spilberqin 1998-ci ildə çəkdiyi məşhur "Saving Private Ryan" filmi 1944-cü ildə müttəfiqlərin Normandiyada apardığı döyüşlər zamanı bir qrup Amerika əsgəri haqdadır. Film dəhşətli ölüm və dağıntı səhnələri ilə başlayır. Film tənqidçiləri müharibənin cəhənnəm olduğunu göstərən bu səhnələrə əsasən bu ekran əsərini müharibə əleyhinə film kimi dəyərləndirirlər.

"Əlbəttə, istənilən müharibə filmi - yaxşı, yaxud pis olmasından asılı olmayaraq, -müharibə əleyhinə filmdir", – Spilberq o zaman "Newsweek" jurnalına müsahibəsində demişdi. Onun bu sözlərini Fransua Trüffonun məşhur ifadəsinin əksi kimi görmək olar.

"Filmin sonuncu müəllifi auditoriyadır"

Ancaq auditoriyanın əksər hissəsi üçün "Saving Private Ryan" müharibə əleyhinə film deyil. Çünki bu film müharibənin əsaslandırılmış olduğunu göstərir. "Global Hollywood 2" kitabının müəllifi Tobi Miller hesab edir ki, bu film Amerikaya haqlı olduğunu bəyan etmək imkanı verib: "Bu, Birləşmiş Ştatların dünyanın sonuncu böyük xilaskarı olması ideyasının legitimləşdirilməsidir – film bunu iddia edir".

Ancaq əlbəttə ki, bütün rejissorların taleyi auditoriyanın əlindədir. Hər şey auditoriyanın filmləri necə interpretasiya etməsindən asılıdır. "Filmin sonuncu müəllifi auditoriyadır. Zorakılığı, insanların öldürülməsini bəyənən şəxs filmdə ancaq bu aspekti görəcək; filmin verdiyi xəbərdarlıq mesajını isə bəyənməyə bilər", – Şeril Antonio deyir.

"Mətbuat hər gün bizi dünyada baş verən müasir müharibə və münaqişə xəbərləri ilə bombardman edir – bunlar abstrakt görünə biləcək reallıqlardır. Müharibə əleyhinə filmlər ideal olmasa belə, döyüşü tərənnüm etmiş olsa belə, onların bizə müharibəni fərqli yöndən göstərmək, xəbərlərin verə bilmədiyini vermək gücü var", – BBC-nin məqaləsində deyilir.

XS
SM
MD
LG