Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həlli əvəzinə müharibənin bərpa olunması Ermənistanın indiki rəhbərliyinin yarıtmaz siyasətinin nəticəsidir. Bunu “Rossiya 1” televiziyasının efirində tanınmış rusiyalı rejissor, Rusiyanın xalq artisti, “Mosfilm”in baş direktoru Karen Şahnazarov deyib.
Onun sözlərinə görə, Yerevana hazırda xaricdən heç bir ciddi dəstək yoxdur.
“Etiraf etmək lazımdır k, Qarabağ uğrunda mübarizədə Ermənistan rəhbərliyi ölkəni itirməmək haqda düşünməlidir. Bu, çox mürəkkəb situasiyadır və təəssüf ki, baş verənlər böyük dərəcədə Ermənistan rəhbərliyinin tamamilə düşünülməmiş hərəkətlərinin nəticəsidir”, – o vurğulayıb.
“Vəziyyət belədir ki, istər-istəməz, Azərbaycanın ərazi bütövlüyü tanınmalı, elə bir status axtarılmalıdır ki, erməni xalqına bu regionda təhlükəsiz yaşamağa, öz mədəniyyətini inkişaf etdirməyə təminat versin. Başqa yol yoxdur”, – Şahnazarov etiraf edib.
İsraillə, digər münaqişələrlə müqayisə
“Mosfilm” rəhbəri Ermənistan cəmiyyətini bu ölkəni İsraillə müqayisə etmək xülyasına qapılmamağa çağırıb.
“Əvvəla, İsrail daha güclüdür. İkincisi, birbaşa deyək, yəhudi diasporu erməni diasporundan böyükdür. İsrail həm də silah istehsal edir və ABŞ üçün vacib rol oynayır, faktiki, Yaxın Şərqə bütünlükdə nəzarət edir. İsrailsiz Yaxın Şərqdə amerikalılar da olmazlar”, – rejissor izah edib.
Şahnazarov Dağlıq Qarabağ münaqişəsinin postsovet məkanlardakı digər oxşar situasiyalardan fərqləndiyini vurğulayıb.
“Abxaziya, Cənubi Osetiya, Donbas Rusiya ilə həmsərhəddir. Qarabağ isə Azərbaycanın daxilindədir. Onun ətrafındakı rayonlar da azərbaycanlılarındır. Yeddi rayon qaytarılsa, Qarabağ neyləyəcək?” – o, Azərbaycan ərazilərinin işğalda saxlanmasının tərəfdarlarından soruşub.
Rejissorun sözlərinə görə, Rusiya ciddi əsas olmasa münaqişəyə müdaxilə etməyəcək. Bundan ötrü isə hüquqi imkanlar yoxdur. “Bəli, Rusiya Ermənistanın maraqlarını təmin etməlidir, amma oraya əsgər göndərməyə əsas varmı? Soyqırım təhdidi? Bunu heç kəs qəbul etmir. Azərbaycan prezidenti çox inamla çıxış edərək deyir ki, ermənilərlə azərbaycanlılar orada birlikdə yaşayacaqlar və Azərbaycan buna zəmanət verir”, – “Mosfilm” rəhbəri deyib.
Xatırlatma
Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 110 civarında kəndi, Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərini, Hadrut və Mincivan qəsəbələrini işğaldan azad edib.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.