Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 21:40

Fransalı jurnalistin Qarabağ reportajına görə təqib olunması 'qəbuledilməzdir'


Gəncə, 27 oktyabr, 2020-ci il
Gəncə, 27 oktyabr, 2020-ci il

Fransanın TF1 televiziyasının reportyoru Lizeron Budulun hazırladığı reportaj oktyabrın 22-də TFI-də xəbər proqramında yayınlanıb.

Parisdə mənzillənən Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) Fransadakı erməni icması üzvlərinin fransalı telereportyora onlayn hücumlarını pisləyib. Qurum jurnalistin Dağlıq Qarabağda cəbhə xəttinin Azərbaycan tərəfindən reportaj hazırlamaqla sadəcə öz işini gördüyünü bildirir.

Fransanın TF1 televiziyasının reportyoru Lizeron Budulun hazırladığı reportaj oktyabrın 22-də TFI-də xəbər proqramında yayınlanıb. Bundan sonra o, Facebook və Twitter-də nifrət mesajları, “soyqırım fahişəsi” kimi təhqirlər almağa başlayıb. Jurnalist WhatsApp-də də təzyiqə məruz qalıb, bir nəfər onun şəxsi mobil nömrəsini əldə edə bilib.

Koordinasiya Şurası həmsədrinin mövqeyi

RSF TF1-nin də sosial media, elektron məktublar və telefon zəngləri vasitəsilə sistematik qısnama ilə üzləşdiyini bildirir.

“Oktyabrın əvvəlində Fransanın aparıcı qəzetlərindən birinin iki əməkdaşı ölkədəki erməni icmasının üzvləri tərəfindən onlayn təhdidlərlə üzləşib. Onlar da Dağlıq Qarabağ münaqişəsi haqda məqalələr yazıblar”, – bəyanatda deyilir.

RSF-in Avropa Birliyi və Balkanlar üzrə bölümünün rəhbəri Pavol Szalay jurnalist Lizeron Budul və TF1-nin üzləşdiyi təzyiqləri izləyib. “Bir jurnalist və media orqanının münaqişəni işıqlandırdığı, cəbhə xəttinin müəyyən bir tərəfindən reportaj hazırladığına görə təqib olunması qəbuledilməzdir”, – o vurğulayıb.

Szalay Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Frank Papazyanı “mətbuat azadlığına bu ağır hücumu birmənalı şəkildə pisləməyə” çağırıb.

Papazyan Facebook-da Budulun reportajını “dezinformasiya”ya bənzədib. Ondan sonra yazılmış şərhlərdən birində deyilirdi: “TF1-nin aparıcı əməkdaşlarının bir neçəsinin başı kəsilərsə, onlar daha yaxşı və daha aydın düşünə bilərlər”.

İki dəfə də Ermənistan tərəfdən reportaj hazırlanıb

Sözügedən reportaj efirə veriləndən sonra erməni icmasının üzvləri dərhal televiziyanın Parisdəki baş ofisi qarşısında nümayiş keçirib, telekanalın “qərəzli reportaj”ına etiraz bildiriblər.

RSF onu da qeyd edir ki, Budulun reportajından bir neçə gün öncə TF1 cəbhə xəttinin Ermənistan tərəfindən iki reportaj yayınlayıb. Ancaq gərginliyi azaltmaq üçün TF1 Budulun reportajını vebsaytından silib.

Ermənilərin etirazına səbəb olmuş reportajda jurnalist Azərbaycanın cəbhə xətti və yaxın regionlarının sakinlərinin yaşadıqların çatdırır.

RSF-in Dünya Mətbuat Azadlığı İndeksində Fransa 180 ölkə içində 34-cü yerdədir. Ermənistan 61, Azərbaycan isə 168-ci yerdə qərarlaşıb.

Azərbaycan hakimiyyəti isə ölkədə mətbuat azadlığının digər hüquq və azadlıqlar kimi tam təmin olunduğunu bildirir.

Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Azərbaycan açıqlayıb ki, son bir ayda 150 civarında kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad edib.

XS
SM
MD
LG