Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 12:40

İşğaldan azad edilən ərazilərdə komendantlıqlar yaradılacaq


Azərbaycan əsgəri Cəbrayıl rayonunda
Azərbaycan əsgəri Cəbrayıl rayonunda

Oktyabrın 29-da prezident İlham Əliyev Azərbaycanın işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərman imzalayıb.

Sənəddə deyilir ki, sentyabrın 27-də Ermənistanın törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan əks-hücum əməliyyatlarına başlayıb. Qeyd edilib ki, Azərbaycanın bir neçə rayonu, eləcə də strateji əhəmiyyətli digər əraziləri işğaldan azad edilib:

“1.Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində,… inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılsın.

2. … Daxili İşlər Nazirliyi müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin etsin və müvəqqəti komendantlıqların fəaliyyətini təşkil etsin.”

Fərmana görə, müvəqqəti komendantlıqlar öz fəaliyyətini Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti ilə əlaqələndirməlidir.

Əməliyyat qərargahları yaradılmalıdır

Habelə müvəqqəti komendantlıqların nəzdində dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılmalıdır.

Müvəqqəti komendantlıqlar fəaliyyət göstərdikləri ərazilərdə bir sıra vəzifələrin yerinə yetirilməsini təşkil etməlidirlər:

Bura mühüm əhəmiyyətli obyektlərin mühafizəsi, ictimai qaydanın, ictimai təhlükəsizliyin qorunması, aşkar edilən hərbi texnikanın, silahın, döyüş sursatının, zəhərləyici, partlayıcı maddələrin toplanması, inventarlaşdırılması və mühafizəsi daxildir.

Habelə aşkar edilmiş sənədlərin uçotunun aparılması və sonrakı təhlil üçün mühafizəsi də onun vəzifələri sırasındadır.

Müvəqqəti komendantlıqlar aidiyyəti dövlət orqanları ilə birlikdə də bəzi vəzifələri yerinə yetirməlidir.

Bu vəzifələr də minalardan təmizləmə, Azərbaycana qarşı terrorçuluq, casusluq, təxribat və digər qanunazidd fəaliyyətin qarşısının alınmasından ibarətdir.

Həmçinin, bu sırada kənd təsərrüfatı və daha bir çox sahələr üzrə də vəzifələr var.

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası müvəqqəti komendantlıqların fəaliyyətinə ümumi nəzarəti həyata keçirsin” - fərmanda sona doğru yazılıb.

Xatırlama

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi deyilir.

Azərbaycan açıqlayıb ki, son bir ayda 170-ə yaxın kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad edib.

Oktyabrın 1-də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıblar.

Tərəflər cəbhədə döyüşlər başlayandan düz üç dəfə humanitar atəşkəslə bağlı razılığa gəldiklərini açıqlayıblar. Amma bu razılaşmalar hər dəfə pozulub.

Ümumilikdə, son həftələr cəbhənin ən müxtəlif istiqamətlərində qarşılıqlı döyüşlərin davam etdiyi, hər iki tərəfdən itkilərin olduğu bildirilib. Atəşkəsin pozulmasına görə də qarşılıqlı ittihamlar səslənib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır.

ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG