S.Lavrov: “…Azərbaycan prezidentinin konkret təklifləri var”
Noyabrın 21-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat qarşısında çıxış edib və bəzi jurnalistlərin suallarını cavablandırıb.
AZƏRTAC-ın xəbərinə görə, S.Lavrov deyib ki, görüşdə Azərbaycan və Ermənistan tərəfləri ilə birlikdə həyata keçirəcəkləri bir sıra konkret istiqamətlər müzakirə edilib:
“ Başqa istiqamətlər arasında biz BMT sisteminə daxil olan beynəlxalq təşkilatların, Beynəlxalq Qırmızı Xaç Komitəsinin rusiyalı sülhməramlılarla, humanitar müşahidə mərkəzi ilə birgə çalışaraq humanitar problemlərin həllinə fəal cəlb edilməsində maraqlıyıq.”
O deyib ki, bu işin daha səmərəli olması barədə Azərbaycan prezidentinin konkret təklifləri var və bu gün, noyabrın 21-də onları maraqla müzakirə ediblər.
Amma S.Lavrov təkliflərin detallarını açıqlamayıb. Onun sözlərinə görə, bu istiqamətdə bundan sonra da birgə işləyəcəklər:
“ Lakin bütövlükdə ikitərəfli münasibətlərə dair problemlərlə əlaqədar bizim strateji tərəfdaşlığımızın durmadan intensiv inkişafını vurğuladıq, qayıdandan sonra, koronavirus infeksiyası ilə bağlı vəziyyət imkan verən kimi əyani tədbirlər keçirilməsi üzrə konkret addımlar nəzərdə tutduq. Hökumətlərarası komissiya, regionlararası forum, Bakı humanitar forumu, gənclərin təşəbbüsləri üzrə forum da keçiriləcək. İkitərəfli qarşılıqlı əlaqələrin inkişafı üçün bizim çox zəngin vasitələrimiz var.”
S.Lavrovun sözlərinə görə, beynəlxalq təşkilatlarda, BMT-də, ATƏT-də əməkdaşlıq da müzakirə edilib “ Orada əsas məsələlərin əksəriyyəti üzrə bizim mövqelərimiz üst-üstə düşür.”, deyə o vurğulayıb.
***
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu də qəbul edib.
Görüşdə Rusiyanın qurumlararası nümayəndə heyətinə daxil olan Rusiya Baş nazirinin müavinləri Aleksandr Novak, Aleksey Overçuk, səhiyyə naziri Mixail Muraşko və başqa şəxslər də iştirak ediblər.
AZƏRTAC-ın xəbərinə görə, prezident İlham Əliyev deyib ki, bu görüşdə də ilk növbədə, üçtərəfli bəyanatın implementasiyası ilə bağlı məsələlərdən, həmçinin regionda təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsindən danışacaqlar.
O əlavə edib ki, regionda yeni, çox ümidverici şərait yaranıb:
“ Əlbəttə, üçtərəfli bəyanat bizim regionda möhkəm və uzunmüddətli sülhün bərqərar olması işində mühüm addımdır. Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin şəxsi rolunu xüsusi qeyd etmək istərdim. O, razılaşmanın mətninin hazırlanmasında çox fəal, səmərəli iştirak edib və bu razılaşmanın uğurla reallaşması faktı çox cəhətdən məhz bu mətnin altında Rusiya Federasiyası Prezidentinin də imzasının olmasından asılıdır.”
O, habelə əlavə edib ki, regionda təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi işində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da mühüm rol oynayıb:
“Biz həm də ona görə şadıq ki, bəyanatın bəndlərinin hazırlanmasında birbaşa iştirak etməyən Minsk qrupunun digər üzvləri gec də olsa, bəyanatın mətninə öz münasibətlərini, müsbət münasibətlərini bildiriblər.”
Xəbərə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da qeyd edib ki, Azərbaycanın birgə bəyanatı dəstəkləyən mövqeyini yüksək qiymətləndirirlər:
“…Şübhəsiz, biz ümid edirik ki, Rusiya ilə birlikdə uzun illər boyu siyasi prosesə rəhbərlik edən ATƏT-in Minsk qrupunun həmsədrləri 9 noyabr tarixli razılaşmalar nəzərə alınmaqla və onların əsasında bu məsələlərin həllinə qoşulacaqlar. Dəfələrlə sizin də vurğuladığınız, Prezident Putinin də dediyi kimi, bu işlər həmişə ATƏT-in Minsk qrupunun fəaliyyətinin əsasını təşkil edən prinsiplər məcrasında gedir”
Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə vasitəçi olan ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiya, ABŞ və Fransadır.
***
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC-ın məlumatın görə, İ. Əliyev deyib ki, onlar Rusiya prezidenti, Azərbaycan prezidenti və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanatın yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə edəcəklər:
“Bizim fikrimizcə, bəyanatın müddəaları uğurla həyata keçirilir və bu, həm Azərbaycan tərəfin, həm də Ermənistan tərəfin çoxillik münaqişəyə son qoymağa və siyasi nizamlama mərhələsinə çıxmağa hazır olduğunu bir daha nümayiş etdirir”
“Biz Rusiya Federasiyasının sülhməramlı missiyasının yerləşdirilməsini də alqışlayırıq”
Prezident lavə edib ki, Azərbaycan ordusu parlaq hərbi qələbə qazandı və beləliklə siyasi nizamlama müstəvisinə keçildi:
“Biz Rusiya Federasiyasının sülhməramlı missiyasının yerləşdirilməsini də alqışlayırıq. Bu missiya bizim müvafiq strukturlarla və bildiyimizə görə, Ermənistan tərəfi ilə də işgüzar əlaqəli şəkildə işləyir. Hesab edirəm ki, bu, vəziyyətin sabitləşməsi üçün mühüm amildir və bəyanat imzalanan andan atəşkəslə bağlı hər hansı ciddi pozuntular olmayıb və əminəm ki, olmayacaq.”
"Biz Türkiyə rəhbərliyinə..."
Prezident habelə qeydedib ki, onlar Azərbaycan ərazisində atəşkəsin müşahidə edilməsi üzrə mərkəz yaradılması barədə Rusiya Federasiyası ilə Türkiyə arasında danışıqların fəal gedişini də alqışlayırlar:
“ Hesab edirik ki, bu, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün çox mühüm elementdir. Biz Türkiyə rəhbərliyinə və şəxsən prezident Rəcəb Tayyib Ərdoğana hərbi əməliyyatların dayandırılması üçün ilkin şərait yaradılmasında iştirakına görə təşəkkür edirik. Həm Rusiya, həm də Türkiyə - bizim üçün dost olan iki ölkə, iki qonşumuz atəşkəsə riayət edilməsi və atəşkəsə nəzarət tədbirlərində iştirak edəcəklər...”
Prezident daha sonra da deyib:
“Ümidvaram ki, bugünkü atəşkəs və Ermənistan ilə münasibətlərin normallaşması barədə bizim planlarımız, - əgər onlar Ermənistan tərəfindən müsbət qəbul edilərsə, - regionda yeni vəziyyətin, əməkdaşlığın, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün şərait yarada bilər. Bu, hamının xeyrinə olar. Bizim regionda məskunlaşan xalqlar da, qonşularımız da, bütövlükdə dünya da daha təhlükəsiz olacaq.”
“Köçkünlərin qayıtması başlanıb”
Xəbərə görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə öz növbəsində deyib ki, üçtərəfli bəyanatın qəbul edilməsindən sonra o qədər də çox vaxt keçməyib, lakin sülhməramlı kontingent, sülhməramlı qüvvələr müəyyən edilmiş mövqeləri tutublar:
“ Yəni orada 23 post var. Təmas xəttində təhlükəsizliyi təmin etmək üçün magistral tərəfdə yerləşən bu postlar nəzarətə götürülüb. Köçkünlərin qayıtması başlanıb. Əlbəttə, nizamlanmış bütün işlər bu gün öz nəticələrini verir. Siz qeyd etdiyiniz kimi, bu müddətdə, ola bilsin, nadir istisnalarla, hesab edirik ki, əhəmiyyətsiz atışmaları nəzərə almasaq, atəşkəs rejiminə riayət edilir və mən əminəm ki, bundan sonra da belə olacaq.”
Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu Azərbaycandan öncə Ermənistanda səfərdə olmuşdu.
Bu il noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.
Noyabrın 10-da ( 9-da) Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.
Dünən, noyabrın 20-də razılaşmaya uygun olaraq Azərbaycan ordusu Ağdama daxil olub.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Paşinyan Rusiyaya təşəkkür edir, Şoyqu da böyük planlarla gəlmişik deyir
Noyabrın 21-də Rusiyanın xarici işlər və müdafiə nazirlərindən ibarət nümayəndə heyəti Ermənstana səfərə edib. AzadlqıRadiosunun erməni xidmətinin yaydığı məlumata görə, artıq Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaın müdafiə naziri Serqey Şoyqu və xarici işlər naziri Serqey Lavrovla görüşüb.
Segey Lavrovla görüşü barə Nikol Paşinyan özünün facebook səhifəsində qısa məlumat paylaşıb.
"Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla mənalı bir söhbət etdik" deyə məlumat paylaşıb.
Ermənistan baş nazir aparatının informasiya və ictimayyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda isə daha çox Rusiya müdafiə naziri ilə görüşdən söz açılıb.
Bu barədə AzadlıqRadiosunun erməni xidməti məlumat yayıb. Məlumatda qeyd edilir ki, görüşdə Dağlıq Qarabağdakı vəziyyət, Rusiya və Ermənistan arasında hərbi əməkdaşlıqla bağlı geniş məsələlər müzakirə edilib.
Nikol Paşinyan müharibə zamanı Rusiyanın Ermənistana verdiyi dəstəkdən danışıb və Şoyquya təşəkkür edib.
“Qeyd etmək istərdim ki, müharibə zamanı biz həmişə Rusiya Federasiyasının, Rusiya Prezidentinin, Baş nazirinin dəstəyini, çəxsən sizin dəstəyinizi hiss etmişik. Bunun üçün sizə təşəkkür etmək istəyirəm."
Ermənistanın Baş naziri bölgədəki hərbi-siyasi vəziyyətin dəyişdiyini, amma bu vəziyyətin bütün parametrlərinin öyrənilməsinin vacib olduğunu vurğulayıb.
“O dəyişdi və bu vəziyyətin bütün parametrlərini öyrənmək lazımdır. Əlbəttə, Ermənistanla Rusiya arasındakı strateji əməkdaşlıq və dostluq və qardaşlığın açarı olaraq. Əminəm ki, yaxınlaşma və gələcək strateji münasibətlərimiz daha da dərinləşəcək. Bizim ittifaqımız daha yaxın və daha strateji olacaq" deyə Paşinyan bildirib.
usiyanın müdafiə naziri Sergey Şoyqu da Rusiya sülməramlılarının bölgədə yerləşdirlməsi və gələcək planlarla bağlı məlumat verib.
"Bu günlərdə 23 müşahidə məntəqəsi ilə demək olar ki, bütün Qarabağ ərazisini əhatə etdik. Biz Stepanakertə (Xankəndi) gedən yola, Laçın dəhlizinə nəzarət edirik, əlbəttə ki, hərəkəti, gedən qaçqınların geri dönməsini təmin edirik. Bundan sonra xeyli işlər qalıb. Mən ümid edirəm Qarabağda dinc həyat yoluna qoyulur. Bizim əsas işimiz qan tökülməsinə yol verməməkdir. Bu tapşırığı bizim qarşımıza ali baş komandan (Rusiya prezidenti nəzərdə tutulur) qoyub və biz sözsüz onu yerinə yetirməyə köklənmişik. Əlbəttə, bununla yanaşı biz bizim sülhməramlıların gələcək fəaliytətri ilə bağlı məsələləri müzakirə etməliyik. Bu hərbi və hərbi texniki əməkdaşlığı əhatə edir. Biz böyük planlara gəlmişik və onun reallaşdırlmasına ümidliyik" deyə Rusiyanın müadiə naziri Şoyqu vurğulayıb.
Xatırlatma
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Bu il noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başladı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.
Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər (15 noyabr), Ağdam (20 noyabr) və Laçın (1 dekabr) rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.
Noyabrın 20-də Ağdam rayonuna Azərbaycan ordusu daxil olsa da, Kəlbəcər rayonunun Azərbaycana təhvil verilməsi müddəti noyabrın 15-dən 25-nə kimi uzadılıb.