Bu həftə onmilyonlarla amerikalı səhiyyə rəsmilərinin xəbərdarlıqlarına baxmayaraq ailələri və dostları ilə birlikdə Şükranlıq bayramını keçirəcəklər. Bunun onsuz da yüksək olan koronavirus yoluxmalarında partlayışa səbəb olacağı bildirilir.
Hazırda Birləşmiş Ştatlarda koronavirusa yoluxmalar günə 178 min civarındadır, xəstəxanaya yerləşdirilənləri sayı isə ayın əvvəlindən iki dəfə artaraq 86 minə çatıb. Virusdan gündəlik ölü sayı 1500-ə çatıb.
Meksika, Avropa
Ötən illə müqayisədə səyahətlərin sayı azalsa da, xəbərdarlıqların qulaqardına vurulduğu görünür. Milyonlarla amerikalı 26 noyabr öncəsi aeroportlara üz tutub, yaxud öz avtomobilləri ilə səyahətə çıxıb. Şükranlıq bayramı adətən ilin ən çox səyahət edilən mövsümü sayılır.
Meksikada isə Roman Katolik Kilsəsi bu ilin ən böyük dini mərasimini təxirə salıb. Dekabrın 10-13-də milyonlarla meksikalı Mexikodakı Müqəddəs Qvadelupa məbədinə yol alırdılar. Kilsə Qvadelupa mərasimlərini kilsələrdə, yaxud evlərdə keçirməyi tövsiyə edib.
Avropa ölkələri də sərt payız və qış fəslində yoluxmalarda kəskin artımı önləməyə çalışırlar. Almaniyada vilayət baş nazirləri noyabrın 23-də qadağaları dekabrın 20-dək uzatmağa razılaşıblar. Noyabrın 25-də onlar Kansler Angela Merkel ilə görüşdə bu məsələni müzakirə edəcəklər. Tətbiq olunmuş qadağalar yoluxmaları səngitsə də, təsdiqlənmiş yoluxma sayı yüksək olaraq qalır.
Fransada da oktyabrdan qüvvəyə minmiş ikinci karantin yoluxma və xəstəxanaya yerləşdirmələrdə azalmaya səbəb olub.
Çexiya, Rusiya
Çexiyada onlarla senator bir çox pərakəndə satış mərkəzlərinin bağlanmasına görə hökuməti Konstitusiya Məhkəməsinə verib. Onlar bu addımın “daha kiçik mağazaların məhvi”nə səbəb olacağını deyirlər. Senatorlar bildirirlər ki, böyük ticarət mərkəzləri ərzaqla yanaşı ayaqqabı, geyim, oyuncaq və elektronika da satır və bu da bazarda balansı pozur.
Rusiyadan noyabrın 23-də 25 mindən çox yeni yoluxma halı açıqlanıb. Ancaq artıma baxmayaraq, hakimiyyət ikinci karantin, yaxud ölkə üzrə biznesin bağlanması planlarının olmadığını deyir.
Avstraliyanın ən böyük aviaşirkəti bildirib ki, koronavirus vaksini hamıya əlçatan olunca qlobal şirkətlər səyahətçilərdən peyvənd olunmağı tələb edə bilərlər.
“Beynəlxalq səyahətçilərdən təyyarəyə minməzdən peyvənd olunmağı istəmək üçün şərtləri dəyişməyi nəzərdən keçiririk”, – “Qantas” şirkətinin rəhbəri Alan Coys noyabrın 23-də yerli telekanala deyib.
Dünyada yeni koronavirusa yoluxanların sayı 59 milyonu keçib, vəfat edən xəstələrin sayı 1 milyon 400 minə yaxınlaşır.