ABŞ-ın Moderna şirkəti COVID-19-a qarşı vaksininin təsdiqlənməsi üçün ölkənin tənzimləyici orqanlarına müraciət edib. Bu arada ölkədə yoluxma halları artmaqdadr.
Moderna noyabrın 30-da ABŞ Ərzaq və Dərman Administrasiyasına (FDA) müraciət edib.
20 milyona yaxın doza hazır olacaq
Şirkətin baş icraçı direktoru Stefan Bancel deyib ki, FDA vaksinin təhlükəsiz və effektiv olmasını təsdiqləsə, artıq dekabrın ortasından milyonlarla amerikalıya dərmanın ilkin dozaları vurula bilər.
30 mindən artıq könüllü üzərində sınaqlar vaksinin 94.1 faiz effektli olduğunu göstərmişdi. Yaş, irqi, etnik və gender demoqrafiyası üzrə davamlı nəticələr ortaya qoyulub.
Moderna artıq ilin sonunadək vaksindən 20 milyona yaxın dozanın hazır olacağını açıqlayıb. Şirkət dərmanı Avropada da təsdiqlətmək planları olduğunu, dünyanın digər yerlərində tənzimləyici orqanlarla müzakirələrin davam edəcəyini bildirib.
Daha öncə ABŞ-ın Pfizer şirkəti hazırladığı vaksinin təcili təsdiqi üçün müracitə edib. Koronavirusa dünya üzrə 63 milyondan çox insanın yoluxduğu təsdiqlənib, 1.4 milyondan artıq xəstə vəfat edib. Britaniyanın AstraZeneca şirkətinin hazırladığı üçüncü vaksin də sınaq mərhələsindədir.
Ştatlar özləri qərar verəcəklər
ABŞ-ın Səhiyyə naziri Aleks Azarın deməsinə görə, vaksinlər təsdiqlənərsə, Miladdan öncə tətbiq oluna bilər və ayrı-ayrı ştat qubernatorları özləri vaksinlərin kimə vurulacağına qərar verəcəklər.
Birləşmiş Ştatlarda 13 milyondan çox yoluxma təsdiqlənib. Onların 4 milyonu noyabrda aşkarlanıb. Ötən həftə Şükranlıq bayramı şənlikləri ilə bağlı yoluxmaların artacağı gözlənir.
Dünya Səhiyyə Təşkilatının (DST) başçısı artıq dünya əhalisinə Miladı ailə və dostlarla birlikdə keçirməklə bağlı xəbərdarlıq edib.
“Ailə və dostlarla birlikdə olmaq üçün onları, yaxud özünüzü riskə atmağa dəyməz. Verdiyimiz qərarlarla kimin həyatını riskə atdığımızı nəzərə almalıyıq”, – Tedros Adhanom Gebreyesus deyib.
Tedros noyabrın 30-da keçirdiyi mətbuat konfransında Meksikadakı vəziyyətə də toxunub. Bu ölkədə yoluxmalar 1.1 milyonu keçib, ölü sayı 106 minə yaxındır.
“Meksikada yoluxma və ölüm hallarının artması çox narahatedicidir”, – Tedros vurğulayıb.