Rusiyada müstəqil jurnalist araşdırmaları qrupu - "Proyekt" nəşri azərbaycanlı milyarder Qod Nisanovun Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə əlaqələrinin olduğunu iddia edən araşdırma yayıb.
"Forbes" dərgisi Nisanovun sərvətinin 2.7 milyard dollar olduğunu bildirir.
Araşdırmada Nisanovun şəxsi ofisinin "Yevropeyski" Ticarət Mərkəzində yerləşdiyi bildirilir. Nisanovun keçmiş işçisinin sözlərimə görə, orada hamam və hovuz, masaj və manikür kabinetləri yerləşir.
Azərbaycan səfirliyinə məxsus avtomobil...
"Proyekt"in məlumatına görə, koronavirus pandemiyasına qədər Narışkin, demək olar, hər gün Nisanova məxsus "Ukrayna" mehmanxanasının hovuzunda üzürdü. Xəstəlik yayılandan sonra o, milyarderin "Yevropeyski" Ticarət Mərkəzindəki yeni hovuzuna getməyə başlayıb.
Müxbirlər Narışkinin həftədə bir neçə dəfə Nisanovun ofisinə getdiyini lentə alıblar. Üstəlik, həmin vaxt oraya Azərbaycan səfirliyinin diplomatik nişanlı avtomobilində bir kişi də yaxınlaşıb. Bütün bunların Azərbaycanla Ermənistan arasında ikinci Qarabağ müharibəsi vaxtı baş verdiyi iddia olunur.
Araşdırmada səfirlik maşınında gedən şəxsin Elman Bayramov olduğu qeyd edilir. O, Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubovun qudası, həm də Nisanovun yaxın dostudur. Biznesmenin qızı Yaqubovun oğlu ilə ailə həyatı qurub.
Araşdırma müəllifləri daha sonra Narışkinlə Bayramovun Rublyovo-Uspenski şosesində qonşu olduqlarını, Narışkini Nisanovla məhz Bayramovun tanış etdiyini vurğulayırlar.
Rusiya kəşfiyyatı rəhbərinin Nisanovun şəxsi təyyarəsi – "Gulfstream G65"dən də istifadə etdiyi bildirilir. Onun qızı Veronika Narışkina Bakıya məhz Nisanovun təyyarəsində uçub. Onu Nisanov işə düzəldib. 30 illiyini isə Azərbaycan prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva ilə birlikdə Nisanovun şirkətinə məxsus gəmidə keçirib.
İlham Rəhimovla ortaqdır
İyulda Azərbaycanla Ermənistan arasında toqquşmalar baş verəndə Nisanova məxsus bazarda Ermənistan mənşəli məhsulların satışı qadağan olunmuşdu. Onun tərəfdaşı, hüquqşünas İlham Rəhimov "Yeni Müsavat" qəzetinə deyirdi ki, erməni sahibkarlara yüz milyonlarla ziyan dəyib. Onun sözlərinə görə, Rusiya rəsmiləri onlarla əlaqə saxlasalar da, Nisanovla onun cavabı belə olub: "Bu işə qarışmayın".
İlham Rəhimovun uşaqlığı Dağlıq Qarabağda keçib, 1970-ci ildə Leninqrada köçüb, hüquq fakültəsinə daxil olub. O, Rusiyanın gələcək prezidenti Vladimir Putinlə institut illərindən dostlaşıb.
Qod Nisanov araşdırma müəlliflərinə şərh verməyib.
AzadlıqRadiosu araşdırmada deyilənlərə Xarici İşlər Nazirliyindən açıqlama almağa çalışır.
Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlayıb. Azərbaycan noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb. Noyabrın 10-da açıqlanmış atəşkəs bəyanatına əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.