Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 23:18

Paşinyan Gorus, Qafan və Meğriyə gedə bilməyib


Paşinyanı Qafana buraxmadılar, Yerevana dönməyə məcbur qaldı - Ermənistanda baş verənlər haqqında ətraflı
Gözlə

No media source currently available

0:00 0:14:42 0:00

Paşinyanı Qafana buraxmadılar, Yerevana dönməyə məcbur qaldı - Ermənistanda baş verənlər haqqında ətraflı

AzadAvropa/AzadlıqRadiosu-nun Ermənistan xidmətinin yazmasına görə, son günlər Syunikdə Azərbaycanla sərhədin demarkasiyası ölkədə ən ağrılı məsələlərdən birinə çevrilib

Ermənistan baş naziri Nikol Paşinyan Syunik vilayətində verdiyi bəyanata baxmayaraq, Gorus, Qafan və Meğri şəhərlərinə səfər edə bilməyib və Yerevana qayıtmalı olub.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyunun verdiyi məlumata görə Nikol Paşinyan Facebook səhifəsində bu barədə yazıb.

Baş nazirin yazdığına görə Gorus yolunu ona görə bağlayıblar ki, “Gorus, Qafan, Qacaran və Meğridə də Sisianda olan atmosferin hökm sürdüyü bəlli olmasın”.

Paşinyan əlavə edib ki, matəm günlərində gücə əl atılmayacaq:

“Yolu ona görə bağlayıblar ki, Gorusda da, Qafanda da, Meğridə də belə bir kortəbii mitinqin olacağını bilirlər. Bu matəm günündə biz xüsusilə təxribatlara uymayacağıq. Eybi yox. Meğri də yerindədir, Qafan da yerindədir və Gorus da yerindədir. Bugün biz Syunikə gəlmişdik, Syunik əsgərlərinin məzarları qarşısında baş əydik və bu proses davam edəcək. Biz təxribata getməyəcəyik”.

Nikol Paşinyan dekabrın 21-də Syunik vilayətindəki Sisian şəhərində panteona baş çəkərək Qarabağ müharibəsində həlak olanların xatirəsini yad edib.

Syunikdə Paşinyana görə yolu bağladılar

Ermənistanın Syunik vilayətinin sakinləri Gorusa gedən yolu bağlayaraq Baş nazir Nikol Paşinyanın şəhərə girməsinə mane olmağa çalışıblar. Bu haqda AzadAvropa/AzadlıqRadiosu-nun Ermənistan xidməti yazır.

Syunik sakinlərinin şikayətinə görə, Qarabağ müharibəsindən sonra regionun vacib strateji infrastrukturuna, özəlliklə dövlətlərarası magistrala və Tatev SES-ə təhdid yaranıb.

Paşinyan Syunik vilayətinin Sisyan şəhərində müharibədə ölənlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Onun daha sonra kəndlərdən birində sakinlərlə görüşdüyü, Gorus tərəfə səfərini davam etdirdiyi bildirilir.

Syunikdə etirazçıların bağladığı yol
Syunikdə etirazçıların bağladığı yol

***

Gorusun merinin saxlanması təsdiqlənir

Ermənistanda polis Gorus şəhərinin meri Aruş Aruşanyanı saxlayıb. O, Baş nazir Nikol Paşinyanı Syunik vilayətinə buraxmamağa çağırmışdı.

Aruş Aruşanyan
Aruş Aruşanyan

“Qaldırılan cinayət işi çərçivəsində Aruş Aruşanyan saxlanıb. İş İstintaq Komitəsinə verilib”, – polisin mətbuat xidmətindən “İnterfaks”a bildirilib.

Qurumdan cinayət işinin detalları haqda açıqlama verilməyib. Eləcə də Ermənistanın İstintaq Komitəsi informasiyanı şərh etməyib.

Aruşanyan Paşinyanı “erməni torpaqlarını təslim edən, Syunikin alınmazlığını zəiflədən qondarma baş nazir” adlandırmışdı.

***

Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 21-də səhər Syunikə yola düşüb. Burada o, Azərbaycanla sərhədlərin demarkasiyası ilə bağlı yerli sakinlərlə müzakirə aparacaq.

AzadAvropa/AzadlıqRadiosu-nun Ermənistan xidmətinin yazmasına görə, son günlər Syunikdə Azərbaycanla sərhədin demarkasiyası ölkədə ən ağrılı məsələlərdən birinə çevrilib. Bir sıra kənd təsərrüfatı yerlərinin və yaşayış məskənləri yaxınlığındakı yüksəkliklərin Azərbaycanın ərazisində qaldığı bildirilir. 21 kilometrlik Gorus-Qafan yolunun bəzi hissələrinin də “mübahisəli ərazidə” qaldığı söylənir.

Yeni çəkilən sərhədə Rusiya sərhədçiləri yerləşdirilir. Ermənistan Müdafiə Nazirliyinin dekabrın 19-da bildirməsinə görə, Gorus-Qafan yolunda təhlükəsizliyi Rusiya sərhədçiləri təmin edəcək.

“Yaralara duz səpmək deyil...”

Nikol Paşinyan Syunikə gedərkən Facebook-da canlı yayıma çıxaraq deyib ki, yerli sakinlərlə açıq danışmaq üçün vilayətə gedir.

“Yaralara duz səpmək deyil, sizin sualları cavablandırmaq istəyirəm. Əmin edirəm ki, syuniklilərlə göz-gözə danışacağam. Sizin qarşınızda öhdəliklərini tam yerinə yetirmişəm və yetirirəm”, – Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, bu gün ölkədə asan olmayan vəziyyət yaranıb və biz “onu birlikdə yoluna qoymalıyıq”.

Baş nazir bir daha qeyd edib ki, “Syunikin ərazisindən bircə millimetr də verilməyəcək”. Ümidvar olduğunu bildirib ki, bunu vətəndaşlarla ünsiyyətdə sübut edə biləcək.

Syunikdə isə Paşinyana qarşı etirazlar gözlənir. Yaranan vəziyyətə görə baş nazirin məsuliyyət daşıdığını düşünən, onun istefasımı tələb edənlər rayona girişdə aksiya təşkil edib, hökumət başçısının səfərini əngəlləmək istəyiblər.

Bundan öncə Gorusun meri Aruş Aruşanyan vətəndaşları etiraz aksiyalarına, baş nazirin səfərinə maneə yaratmağa çağırıb. Dekabrın 21-də səhər merin polis tərəfindən saxlandığı bəlli olub.

Qafanda gərginlik - dövlət sərhədinin çəkilməsi erməni əhalini təşvişə salıb
Gözlə

No media source currently available

0:00 0:03:41 0:00

Xatırlatma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlayıb. Azərbaycan noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb. Noyabrın 10-da açıqlanmış atəşkəs bəyanatına əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin isə Azərbaycanın separatçı saydığı qüvvələrin və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Atəşkə bəyanatı açıqlanadan sonra Ermənistanda etirazlar başlanıb, müxalifət Paşinyanın istefasını, yeni seçki keçirilməsini tələb edir.

XS
SM
MD
LG