ABŞ sanksiyalarına baxmayaraq, İran koronavirus vaksinləri almaq üçün xarici valyuta ehtiyatlarından istifadə edə biləcək. Mərkəzi bank sədrinin dekabrın 24-də deməsinə görə, Birləşmiş Ştatlar buna icazə verib.
Abdolnaser Hemmati deyib ki, ABŞ Xəzinədarlığının uyğun departamenti İsveçrə bankına transferi təsdiqləyib.
16.8 milyon dozalıq vaksin alınacaq
Hemmatinin sözlərinə görə, COVAX-dan ilkin olaraq 16.8 milyon doza vaksin almaq üçün 244 milyon dollar ödəyəcək. İran rəsmiləri indiyədək ABŞ sanksiyaları ucbatından COVAX-a ödəniş edə bilmədiklərini deyirdilər.
COVAX Dünya Səhiyyə Təşkilatının rəhbərlik etdiyi qlobal COVID-19 vaksin planıdır.
“Amerikalılar banklarımızın hamısına sanksiya qoyublar. Dünya ictimai fikrinin təsiri altında bunu qəbul etdilər”, – Hemmati İran dövlət televiziyasına deyib.
O, Instagram postunda təsdiqlə bağlı xəbər yaysa da, ödəniş mexanizmi, yaxud vaksin təchizatçısı haqda detalları paylaşmayıb.
ABŞ Xəzinədarlığı informasiyanı təsdiqləməyib.
İranda indiyədək COVID-19-dan 54 mindən çox insan vəfat edib.
Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dövlət televiziyasına deməsinə görə, son 24 saat ərzində COVID-19-dan 152 nəfər ölüb.
Bu, sentyabrın 18-dən bəri ən aşağı ölü sayı olsa da, rəsmilər yoluxmaların yenidən arta biləcəyi ilə bağlı xəbərdarlıq edirlər.