Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 19:54

Senatın taleyini həll edən seçki


Donald Tramp (solda) və Co Bayden
Donald Tramp (solda) və Co Bayden

Tramp onu da deyib ki, prezidentlik uğrunda “var gücüylə savaşacaq”, respublikaçı konqresmenləri Baydenin qələbəsini ləğv etməyə çağırıb

Yanvarın 5-də ABŞ-ın Corciya ştatında təkrar seçki Senatda çoxluğun taleyini həll edəcək.

Yeni prezident seçilmiş Co Bayden və Prezident Donald Tramp yanvarın 4-də ştatda seçki kampaniyası aparıb, poçtla hələ səs verməmiş seçiciləri seçkiyə getməyə çağırıblar.

Bayden Atlantada demokratlar Con Osof və Rafael Vornokla birlikdə kampaniya aparıb. Onlar hazırda respublikaçılar Keli Loefler və Deyvid Perdyunun tutduğu yerlərə seçilsələr, senatda nəzarət demokratlara keçəcək.

“Bircə ştat kursu dəyişə bilər”

Bayden deyib ki, koronavirusla mübarizə və digər qanunvericiliyin qəbulundan ötrü ona Senatda çoxluq lazımdır. O, tərəfdarlarına dünyanın onları izləyəcəyini söyləyib.

“Məsələ belədir, dostlar. Yeni ildir və sabah Atlanta, Corciya və Amerika üçün yeni gün başlana bilər. Karyeramda belə şey olmayıb, bircə ştat kursu dəyişə bilər, təkcə dörd illiyə deyil, bütöv bir nəsil üçün”, – Bayden deyib.

Tramp da seçki yürüşündə deyib ki, dünya onlara göz qoyacaq və təkrar seçki “sevdiyimiz Amerikanı xilas etməkdən ötrü sonuncu şansdır”.

Trampın sözlərinə görə, Osof və Vornok ölkəni sola meylləndirəcək. “Senatdakı bu yerlər həqiqətən də son müdafiə xəttidir”, – o vurğulayıb.

Ancaq o yenə də seçkidə irimiqyaslı saxtakarlıqla bağlı iddialarını səsləndirib. Halbuki ştatın hər iki partiyadan olan seçki rəsmiləri, ABŞ Ədliyyə departamenti, Corciyanın respublikaçı dövlət katibi bu fikirləri rədd edir.

Trampdan konqresmenlərə çağırış

“Demokratlar Ağ evi oğurlamağa çalışırlar, buna imkan verə bilməzsiniz. Onların ABŞ Senatını oğurlamasına imkan verə bilməzsiniz. Buna yol verə bilməzsiz”, – Tramp vurğulayıb.

Tramp onu da deyib ki, prezidentlik uğrunda “var gücüylə savaşacaq”, respublikaçı konqresmenləri Baydenin qələbəsini ləğv etməyə çağırıb. Konqres yanvarın 6-da Seçici Kollegiyasının səsverməsini rəsmən təsdiqləməlidir.

Loefler deyib ki, Trampın vəzifədə qalmasına çalışacaq. Ondan başqa 12 senator və Nümayəndələr Palatasının 140 üzvü Seçici Kollegiyasının qərarına qarşı çıxmağı planlaşdırır. Kollegiya Baydenin qələbəsini tanıyıb.

Ancaq istənilən halda Baydenin qələbəsinin ləğvi real görünmür, çünki hər iki palatanın yetərli sayda üzvü səsvermənin nəticələrini təsdiqləyəcəyini deyib. Bu prosedur əslində formal xarakter daşıyır, ancaq bu il respublikaçıların iddialarından dolayı əhəmiyyət qazanıb.

XS
SM
MD
LG