Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 16:04

Trampın sosial media hesabları bağlanır


Kapitoli binası, 6 yanvar, 2021-ci il
Kapitoli binası, 6 yanvar, 2021-ci il

Sosial media platformalarına Trampa qarşı ciddi tədbir görmək çağırışları artır

Twitter və Facebook sosial media şəbəkələri ABŞ Prezidenti Donald Trampın bu platformalardan istifadəsini məhdudlaşdırıb. Bu, Trampın mesajlarından sonra onun tərəfdarlarının Kapitoli binasına basqın edərək Konqresin iclasını pozmasından sonra baş verib.

Twitter yanvarın 6-da bildirib ki, Trampın hesabını 12 saatlığa bağlayıb, səbəb platformanın “vətəndaş bütövlüyü” qaydalarının “davamlı və ağır şəkildə pozulması”dır. Hesab həmişəlik də bağlana bilər.

Facebook isə bildirib ki, “siyasətin iki halda pozulduğunu” müəyyənləşdirib və hesaba 24 saatlıq blok qoyub.

Polisin zorakılıqla bağlı açıqlamasından sonra Twitter Trampın 88 milyondan artıq izləyicisinə tvitlərini də silib. Şəbəkə yanvarın 6-da bəyan edib ki, Tramp tvitlərini silməsə, hesabı bağlı qalacaq.

Polis zorakılığın Kapitolidə qarışıqlıq yaratdığını, bir qadının öldürüldüyünü, Senatın evakuasiya olunduğunu bəyan edib. Dörd saatdan sonra Konqres işini bərpa edib.

Videonu da siliblər

Kapitolidə zorakılıq səngiyəndən sonra Tramp yerləşdirdiyi videoda bir daha iddia edib ki, Demokrat Co Baydenin qalib elan olunduğu 3 noyabr seçkisi “bizdən oğurlanıb”.

Prezident tərəfdarlarını evə getməyə çağırsa da, həmin videoda zorakılığı pisləməyib, əksinə deyib ki, seçki “saxta” keçib. O, tərəfdarlarına söyləyib: “Sizi sevirik. Siz məxsusisiz”.

Twitter, Facebook və YouTube bir neçə saat ərzində videonu silib, zorakılıq riski olduğunu bildirib.

Polis Kapitolinin təmizləndiyini açıqlayandan sonra Tramp yenə Twitter-ə üz tutaraq zorakılığa haqq qazandırmağa çalışıb. O yazıb ki, “bəzən müqəddəs seçki qələbəsi böyük vətənpərvərlərdən” alınır: “Sevgi və rahatlıqla evinizə gedin. Bu günü həmişəlik yadda saxlayın!”

Twitter bundan sonra tviti silib, onun qaydaları pozduğunu deyərək 12 saatlıq qadağa qoyub.

Tramp çoxsaylı tvitlərində tərəfdarlarını Vaşinqtona yürüşə çağırırdı. Yürüş Konqresin birgə iclası zamanı gerçəkləşib. Konqres Seçici Kollegiyasının səslərini təsdiqləyir.

Çağırışlar

Sosial media platformalarına Trampa qarşı ciddi tədbir görmək çağırışları artır. Demokrat konqresmen Frenk Pallone Facebook və Twitter-i Trampı sosial media platformalarından həmişəlik uzaqlaşdırmağa səsləyib.

“Artıq yetər! Tramp zorakılığı qızışdırır, demokratiyamıza, həyatımıza təhlükə yaradan dezinformasiya yayır. Sosial media onun antidemokratik ritorikasını gücləndirir. @jack və Mark Zuckerberg Tramp platformalarından çıxarmalıdır”, – o yazıb.

Twitter istifadəçiləri də sosial şəbəkənin rəhbəri Cək Dorsini Trampın hesabını bağlamağa səsləyib. Vətəndaş hüquqları qrupları da bu çağırışlara qoşulub.

Tramp Twitter vasitəsilə tərəfdarları ilə birbaşa əlaqə qurur. 3 noyabr seçkisində uduzandan sonra o, bu platformalarda saxta və yanıldıcı tvitlər paylaşıb. Onların bir qismi dezinformasiya kateqoriyasına salınıb, yaxud paylaşılmasının qarşısı alınıb.

XS
SM
MD
LG