Ali Məhkəmənin sədri Ramiz Rzayev vəkillərin yazdığı şikayətlərdən narazı qalıb. R.Rzayev Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırova məktubda vəkillərin hazırladığı kassasiya və əlavə kassasiya şikayətlərində prosessual qanunvericiliyin tələblərinə əməl olunmamasından gileylənib. Ali Məhkəmənin sədri narazılığa əsas yaradan şikayətləri də məktubuna əlavə edib.
Vəkillər Kollegiyasının rəhbəri Anar Bağırov məlumatı AzadlıqRadiosuna təsdiqləyərək bildirib ki, göstərilən nöqsanların aradan qaldırılması məqsədilə bütün vəkil bürolarında, həmçinin fərdi vəkillərlə müzakirələr, onlar üçün təlimlərin keçirilməsi nəzərdə tutulub.
"Nəticədə vətəndaş narazı qalır"
A.Bağırov bunu bütövlükdə vəkillərin peşəkarlıq səviyyəsinin aşağı olması kimi qiymətləndirməyin tərəfdarı deyil. Onun sözlərinə görə, bütün peşələrdə olduğu kimi, vəkillər arasında da istisnalar ola bilər: "Tək vəkillər yox, bəzən hakimlər də məhkəmə qərarlarında səhv edirlər. Əks halda, heç bir məhkəmə qərarı yuxarı instansiya tərəfindən ləğv olunmazdı. Bu, təbii haldır. Biz də vəkillərdən daha diqqətli olmalarını, şikayətləri qanuna uyğun tələb etmələrini, yüksək keyfiyyətli hüquqi yardım göstərmələrini istəyirik. Bu məqsədlə də problemlərin aradam qaldırılması üçün addımlar atırıq".
A.Bağırov deyir ki, Ali Məhkəmənin Plenumuna əlavə kassasiya şikayəti vermək üçün qanunvericilikdə əsaslar çox məhduddur.
Bəzi hallarda vəkillər həmin əsasların heç biri olmadığı halda vətəndaşa ümid verib, əlavə kassasiya şikayəti göndərirlər. Bu da həmin işə görə vəkilə pul ödəyən vətəndaş üçün əlavə pul və vaxt itkisinə gətirib çıxarır: "Son nəticədə isə əsas olmadığına görə şikayətinə baxılmır və vətəndaş narazı qalır. Düşünür ki, şikayətinə düzgün baxılmadı, həm dövlətdən, həm məhkəmədən, həm vəkildən inciyir. Biz istəmirik ki, vətəndaş boş yerə xərcə düşsün, narazılıq yaransın".
Vəkillər Kollegiyasının sədri əlavə edib ki, ümumilikdə vəkillərinin peşəkarlığı onu qane edir. Onun sözlərinə görə, Azərbaycanda ən peşəkar, ən təcrübəli, ən savadlı hüquqşünasların böyük bir hissəsi Vəkillər Kollegiyasında cəmlənib: “Deyə bilmərəm ki, hamı peşəkardır. Problemlər olur, onları aşkarlayıb aradan qaldırılması istiqamətində iş aparırıq".
"Pul almaq üçün edənlər olur"
Dövlət hüququ üzrə doktor Fərhad Mehdiyev də hesab edir ki, vəkillər bir çox hallarda əsassız əlavə kassasiya şikayəti verirlər. Onun fikrincə, bu, təkcə qanunvericiliyi bilməməkdən irəli gəlmir: "Bəzən vəkil müştəriyə işi udacağına söz verir, bunun üçün bütün vasitələrdən istifadə edir. Yaxud da yeni müqavilə bağlayıb pul almaq üçün edənlər olur".
Ümumiyyətlə, bir çox hallarda, şikayətlərin keyfiyyətinin aşağı olmasına gəlincə, F.Mehdiyev deyir ki, bunun obyektiv və subyektiv səbəbləri var.
Hüquq nəzəriyyəsi üzrə bir neçə kitabın müəllifi olan F.Mehdiyev səbəblərdən biri kimi Azərbaycanda hüquq təhsilinin arzuolunan səviyyədə olmamasını göstərir: "Hüquq təhsili yaxşı deyil. Keyfiyyətli dərsliklərimiz yoxdur. Məhkəmə praktikası nəzəriyyəyə uyğun deyil. Bütün bunlar nəticəyə təsir göstərən səbəblərdir. Xaricdə vəkil şikayət yazanda elmi ədəbiyyata da istinad edə bilir. Bizdə bu standart yoxdur. O standarta uyğun elmi ədəbiyyat da yoxdur".
Hazırda Azərbaycanda 1844 vəkil fəaliyyət göstərir. Vəkillər Kollegiyası son üç il ərzində vəkillərin sayının iki dəfə artdığını bildirir.