Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 13:42

Sosial şəbəkələr Trampın söz azadlığını pozdumu


İllüstrativ foto
İllüstrativ foto

Twitter bildirib ki, yanvarın 6-da Kapitoliyə hücum kontekstində Trampın hesabını nəzərdən keçirib və onun cümə günü yazdığı iki tvitin zorakılığı qızışdıra biləcəyi qərarına gəlib

Ötən həftə sosial media şirkətləri ABŞ Prezidenti Donad Trampın əlindən boğaza yığıldıqlarını qərarlaşdırıb ona azı yeni prezidentin andiçmə mərasiminəcən ona qadağa qoyublar.

Facebook və Instagram prezidenti 20 yanvar – inauqurasiya gününədək kənarlaşdırıb. Twitch və Snapchat də ona qadağa qoyub. Twitter isə Trampın bu şəbəkədə 12 illik fəaliyyətinə son verib, 89 milyonluq izləyicisi isə təmasını qapadıb.

Mühafizəkarlar buna etiraz edirlər.

Azad sözə hücum?

“Azad sözə hücum edilir! HEÇ ZAMAN olmayan senzura baş verir! Onların bizi susdurmasına imkan verməyin”, – prezidentin böyük oğlu kiçik Donald Tramp cümə günü tvitində yazıb.

“The Associated Press” agentliyi Twitter və Facebook-un belə bir addım atmasının qanuni olub-olmadığını araşdırıb. Cavab müsbətdir.

Məsələ ondadır ki, ABŞ Konstitusiyasına Birinci Düzəlişdə söz azadlığının qorunması şəxsin hökumət tərəfindən təzyiqə məruz qalmasını əhatələyir.

“Birinci Düzəliş özəl sektor təşkilatlarına aid deyil”, – Daxili Təhlükəsizlik Departamentində seçki kibertəhlükəsizlik fəaliyyətinə nəzarət etmiş Kris Krebs deyib. O, sosial media şirkətlərinin senzurasının söz azadlığını pozub-pozmamasına dair sualı cavablandırıb.

Krebs Trampın seçkidə saxtakarlıqla bağlı iddialarını mübahisələndirəndə Tramp onu işdən çıxarıb. O, bazar günü CBS televiziyasına deyib ki, şirkətlər öz standartlarını, istifadəçilər üçün siyasətlərini tətbiq edirlər.

Twitter tvitləri analiz edib

Twitter bildirib ki, yanvarın 6-da Kapitoliyə hücum kontekstində Trampın hesabını nəzərdən keçirib və onun cümə günü yazdığı iki tvitin zorakılığı qızışdıra biləcəyi qərarına gəlib.

“Mənə, ÖNCƏ AMERİKA, AMERİKANI YENİDƏN BÖYÜK EDƏK devizlərinə səs vermiş 75 milyon amerikalı patriot gələcəkdə NƏHƏNG SƏS sahibi olacaqlar. Onlara heç bir halda hörmətsizlik göstərilə, ədalətsiz yanaşıla bilməz!!!” – Tramp tvitlərin birində yazıb.

Şirkətin mövqeyincə, bu tviti bəzi tərəfdarlar 3 noyabr seçkisinin qanunsuz olmasının daha bir təsdiqi kimi qəbul ediblər. Faktiki olaraq, irimiqyaslı saxtakarlıqla bağlı iddialar əsassız sayılır. “Amerikalı patriotlar” ifadəsi isə Kapitolidə zorakılıq törədənlərə dəstək kimi yozulub.

“Soruşanların hamısına cavabım belədir, yanvarın 20-də andiçməyə getməyəcəyəm”, – Tramp ikinci tvitində yazıb.

Şirkətin yanaşmasına görə, bu tvit zorakılıq etmək istəyənləri həvəsləndirə bilər, onlar yanvarın 20-ni “təhlükəsiz” hədəf seçə bilərlər, çünki Tramp orda olmayacaq.

Twitter qeyd edib ki, bu tivtlər insanları 6 yanvardakı hərəkətləri təkrarlamağa sövq edə bilər.

Yanvarın 6-da Tramp tərəfdarları Konqresin iclası gedən zaman Kapitoliyə basqın edib. Toqquşmalarda biri polis əməkdaşı olmaqla beş nəfər ölüb. Konqresin iclası yarımçıq qalsa da sonradan 3 noyabr seçkisinin qalibi Co Baydenin qələbəsini təsdiqlədi.

XS
SM
MD
LG