Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 17:28

AstraZeneca AB-yə müraciət etdi


Britaniyada 100 yaşı olan Ellen Prosserə AstraZeneca vaksini vurulur, 7 yanvar, 2021-ci il
Britaniyada 100 yaşı olan Ellen Prosserə AstraZeneca vaksini vurulur, 7 yanvar, 2021-ci il

Vaksin rəsmən təsdiqlənərsə, 27 üzvü olan Avropa Birliyində koronavirusa qarşı üçüncü peyvənd olacaq

Britaniyanın AstraZeneca şirkəti Oksford Universiteti ilə birlikdə hazırladığı vaksinin təsdiqlənməsi üçün Avropa Birliyinə müraciət edib.

Avropa Tibb Agentliyinin (ATA) yanvarın 12-də bildirməsinə görə, müraciətə sürətlə baxılacaq və şərti marketinq icazəsi üzrə rəy yanvarın 29-dək verilə bilər.

Vaksin Amsterdamda mənzillənən qurum və daha sonra Avropa Komissiyası tərəfindən rəsmən təsdiqlənərsə, 27 üzvü olan Avropa Birliyində koronavirusa qarşı üçüncü peyvənd olacaq. Bundan öncə Pfizer-BioNTech və Moderna şirkətlərinin vaksinləri təsdiqlənib.

Avropa Birliyi və ATA koronavirusa qarşı yeni vaksinləri sürətlə təsdiqləməyə çalışırlar. Pandemiya qitədə 620 mindən çox insanın həyatına son qoyub.

“Yaxşı xəbər”

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen AstraZeneca-nın müraciətini “yaxşı xəbər” adlandıraraq deyib: “Vaksin müsbət elmi rəy alan kimi onun Avropada istifadəsinə icazə verilməsi üçün sürətlə işləyəcəyik”.

O, başqa bir tvitində yazıb ki, indi AB üzvləri Pfizer-BioNTech və Moderna vaksinlərindən “300 milyonadək əlavə doza ala bilərlər”.

AB-nin şərti marketinq icazəsi bir müalicənin blok ərazisində bir il ərzində satılmasına yol açır, bu müddətdə onun effekti və yan təsirləri haqda gərəkən bütün informasiya yığılır.

Oksford-AstraZeneca vaksini artıq Argentina, Britaniya və Hindistan daxil olmaqla bir sıra ölkələrdə təsdiqlənib.

Bu vaksinin istehsalı rəqiblərindən daha ucuz başa gəlir, saxlanması və daşınması Pfizer-BioNTech vaksinindən xeyli asandır.

Qadağa uzadıldı

Bu arada Rusiya Britaniya ilə uçuşlara qadağanı fevralın 1-cən uzadıb. Səbəb Britaniyada koronavirusun yeni ştammının aşkarlanmasıdır.

Rusiya hökumətinin koronovirusla mübarizə üzrə işçi qrupu yanvarın 12-də bildirib ki, dekabrın 22-dən tətbiq olunan qadağa “ictimai səhiyyəni qorumaq” məqsədi daşıyır.

Rusiya dünyada COVID-19-a yoluxmalar üzrə dördüncü yerdədir. İki gün öncə yeni ştamma ilk yoluxma qeydə alınıb, Britaniyadan qayıtmış şəxsin virusa yoluxduğu bildirilib.

Yanvarın 12-nə olan məlumata görə, Rusiyada 3 milyon 450 minə yaxın yoluxma təsdiqlənib, onlardan 63 minə yaxın xəstə vəfat edib.

XS
SM
MD
LG