Rusiya prokurorluğu fevralın 1-də müxalifətçi Aleksey Navalnının şərti cəzasını real czayla əvəzləməklə bağlı penitensiar xidmətin vəsatətini dəstəklədiyini bildirib.
Müxalifətçi hazırda 30 sutkalıq həbs cəzası çəkir. O, mənimsəmə ittihamıyla 3 il yarımlıq şərti cəzanın şərtlərini pozmaqda ittiham olunur. Özü isə həmin ittihamı siyasi motivli hesab edir.
Navalnı yanvarın 17-də Berlindən Moskvaya qayıdarkən saxlanıb. “Onun qayıdışı Putinin tarazlığını pozdu”. Bunu “Foreign Policy” dərgisində Vladislav Davidzon yazır. Yanvarın 23-də və 30-da Rusiyanın onlarla şəhərində Navalnıya azadlıq tələbiylə aksiyalarda minlərlə saxlanan olub.
“Rusiyada qəflətən yeni etiraz dalğası yaranıb. Yerdən verilən xəbərlər, bir neçə araşdırma və sorğu göstərib ki, etirazçıların azı üçdə biri küçələrə həyatlarında birinci dəfə çıxıblar”, – məqalədə deyilir.
Müəllifin fikrincə, Navalnı ordusuz general olmaqda ittiham edilə bilməz. O, şaxtalı yanvar günündə Rusiyada nəhəng kütləyə müraciət edib. “Amma rejimlə bəhsləşməkdən ötrü bu məqamı daimi siyasi infrastruktura çevirmək asan olmaya bilər”, – müəllif qeyd edir.
“Cəmiyyətin oyanmasını görmək...”
Navalnı həbsdən yeni Rusiyanın doğulmasına kömək edir. Bunu isə “Washington Post” qəzetində rusiyalı müxalifətçi Vladimir Kara-Murza yazır.
“Cəmiyyətin oyanmasını görmək həyəcan yaradır. Vladimir Putin rejimi illər boyu sərt repressiya və fəndgir propaqanda vasitəsilə özünü başda saxlaya bilib. O eyni zamanda əhalinin böyük hissəsinin passiv itaətindən yararlanıb. Bəzi məqamları çıxmaqla... rusiyalılar Putinin yeni yaranan azadlıqları, demokratik qurumları dağıtmasını sükutla qarşılayıb. Elə Qərb liderlərinin çoxu da belə davranıb, onlar Kremllə iş görmək naminə bütün bunlara göz yummağa üstünlük veriblər”, – müəllif yazır.
Kara-Murza indi çox şeyin dəyişdiyini qeyd edir. Sistem repressiyanı gücləndirdikcə rusiyalılar daha sakit dayanmırlar.
“Mən qorxmaqdan yorulmuşam. Mən təkcə özümə və Navalnıya görə deyil, oğluma görə də çıxmışam, çünki Putin rejimi altında bu ölkənin gələcəyi yoxdur”, – Moskvada bir nümayişçi belə deyil.
Kreml nədən qorxur
“The New York Times” qəzeti etirazçılar polis zorakılığı qarşısında geri çəkilmədikcə Kremlin əndişəsinin də artdığını yazır.
“Polisin etirazlara belə böyük miqyasda reaksiyası Kremlin Navalnının Putindən narazıları birləşdirmək bacarığından narahatlığını üzə çıxarır. Narazılar içində millətçilər də var, liberallar da. Çoxunun xüsusi ideologiyası da yoxdur”, – məqalədə deyilir.
“Onların nədən qorxduğunu anlamıram. Sanki 1937-ci ilə qayıdırıq”, – 25 yaşlı Anastasiya Kuzmina polisin davranışı ilə bağlı Stalin repressiyasını yasa salıb.
Qəzet yazır ki, etirazların yatırdılması Putinin hakimiyyətinə mümkün təhdidin qarşısını almaqdan ötrü avtoritarizmi gücləndirməyə hazır olduğunu göstərir. “İndi sual odur ki, rusiyalılar bu avtoritar dönüşə fəal dirəniş göstərəcəklərmi. Özəlliklə də polis zorakılığını göstərən təsvirlər bu günlər sosial mediada yayıldığı bir dönəmdə”, – məqalədə deyilir.